" Bələdiyyələrin maliyyəsi olmasa, onlar yerli əhəmiyyətli sosial-iqtisadi məsələləri həyata keçirə bilməzlər:" -Tahir Rzayev, komitə sədri

16:15 / 19.04.2025 Baxış sayı: 1002

Bu gün Azərbaycanda vətəndaşların bəziləri bələdiyyələrə əmlak və digər vergiləri ödəməkdən imtina edir və bu vergiləri nə üçün ödəməli olduqlarını soruşurlar. Elə bələdiyyə var ki, verginin 20-30 faizini yığa bilir. Cəmiyyətdə bələdiyyələrin fəaliyyətindən o qədər də məlumatlı olmayanlara rast gəlinir və bu da onlar arasında yığılan vergilərin hara xərclənməsi barədə suallar yaranır.

Yenises.az xəbər  verir ki,  bununla  əlaqədar  münasibət  bildirən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev  deyib ki, bələdiyyələr seçkili orqandır və bələdiyyə üzvləri seçicilərin seçimi əsasında, səsverməsi əsasında seçilirlər.

O bildirib ki, bələdiyyələrin maliyyəsi də vətəndaşlar tərəfindən ödənilən əmlak, torpaq vergilərindən, eləcə də torpaqların icarəyə verilməsi, mülkiyyətə verilməsi, yəni satılması və ərazilərdə yerləşən ictimai iaşə obyektlərindən yığılan ödənişlər əsasında formalaşır.

Komitə sədri vurğulayıb ki, əgər bələdiyyələrin maliyyəsi olmasa, onlar yerli əhəmiyyətli sosial-iqtisadi məsələləri həyata keçirə bilməzlər:

“Eyni zamanda, dövlət tərəfindən bələdiyyələrin fəaliyyətini yaxşılaşdırmaq üçün onlara müəyyən maliyyə vəsaitləri ayrılır, digər layihələr də həyata keçirilir. Ona görə də bələdiyyə vergiləri, ödənişləri, əmlak, torpaq vergisi qanunvericiliyə əsaslanır və mütləq insanlar tərəfindən bu tələblərə əməl olunmalıdır. Bələdiyyələri seçicilər özləri formalaşdırırlar və əmlak, torpaq vergilərini də, digər ödənişləri də ödəməyə bilavasitə borcludurlar. Bəzi insanlar bələdiyyələrə vergi ödənilməsinin səbəbləri kimi sual ortaya qoyur və bəziləri də bir çox hallarda bu vergiləri verməkdən yayınmağa çalışırlar”.

Bunun səhv yanaşma olduğunu söyləyən komitə sədri hər kəsi qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb: “Bələdiyyələr vergi topladığı halda öz vəzifələrini yerinə yetirə bilmirsə, insanlara lazımi qayğı ilə yanaşmırsa və ərazidə heç bir iş görmürsə, artıq bu, başqa mövzudur. Ancaq yenə deyirəm, bələdiyyələri insanlar özü seçir və onların fəaliyyəti ilə də daimi olaraq vətəndaşların özləri maraqlanmalıdırlar, yığıncaqlarında iştirak etməlidirlər, büdcələrinin formalaşması, onların necə və haraya xərclənməsi ilə maraqlanmalıdırlar. Həmçinin vətəndaşlar bələdiyyələrdən hesabatlılıq tələb etməlidirlər, həm də müəyyən təkliflərlə çıxış etməlidirlər. Bələdiyyələrin fəaliyyətini yüksəltməkdən ötrü onlara dəstək verməlidirlər”.

T.Rzayev vurğulayıb ki, bələdiyyələr bu cür qarşılıqlı münasibətlər olmadan lazımi qaydada öz işlərini həyata keçirə bilməzlər və fəaliyyətlərində olan müsbət və mənfi cəhətləri qiymətləndirməyi bacarmazlar: “Buna görə də vətəndaş-bələdiyyə münasibətləri mütləq yaxşılaşdırılmalıdır. Bələdiyyələr tələblərinin və istəklərinin ödənilməsi üçün lazımi təşəbbüskarlıq göstərməli, daim onlarla əlaqə saxlamalıdır. Digər tərəfdən, seçicilərin özləri də bələdiyyələrin yanında olmalı və bələdiyyələrin fəaliyyəti barədə daim məlumat almalı və yeri gəldikcə özlərinin təkliflərini və iradlarını bildirməlidirlər”