"Belə qarın yağması su ehtiyatıdır, məhsuldarlığın yüksəldilməsinə bir zəmindir." - deyib millət vəkili Tahir Rzayev

“Havaların qarlı-şaxtalı keçməsi kənd təsərrüfatında müəyyən çətinliklər yaradır. Amma bununla yanaşı qarın və yağışın belə yağması məhsuldarlıq üçün də çox faydalıdır”.
Yenises.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Tahir Rzayev deyib
Millət vəkili eyni zamanda bunu da xatırladıb ki, uzun müddətdir ölkədə və xüsusilə aran zonalarında bu cür yağıntı müşahidə olunmayıb: “Belə qarın yağması su ehtiyatıdır, məhsuldarlığın yüksəldilməsinə bir zəmindir, otlaqların daha da yaşıllaşmasına, yerin təkində su ehtiyatının yaranmasına, ağacların normal böyüməsinə və bütövlükdə bütün sahələrə müsbət təsir göstərəcək. Düzdür, belə bir şəraitdə mal-qaranın yemlənməsində müəyyən çətinliklər yaranır, ancaq bu da ötəridir, elə ciddi bir problem deyil. Müəyyən tərəvəz sahələri örtük altındadır və burada çətinlik yoxdur”.
Komitə sədri söyləyib ki, yağıntılar torpaqları münbitləşdirir və canlandırır: “Bu günlərdə sahələrdə elə bir əkin-biçin prosesi getmir. Çünki mart ayının axırlarından pampıq səpini başlayır, digər səpin işləri aparılacaq. Qarlı-yağışlı hava da torpağı münbitləşdirir, su ilə təmin edir. Nəticədə yerə düşən toxum optimal müddətdə göyərəcək və boy atacaq”.
T.Rzayev vurğulayıb ki, ümumiyyətlə qarın və yağışın yağması əkinçilərin böyük sevincinə səbəb olub: “Çünki bu, onlar üçün gəlir və üksək məhsuldarlıq deməkdir. Həm də müəyyən suvarma problemlərinin aradan qalxması deməkdir. Bu gün əkinçi sevinir. Bu sevincə vətəndaşlar da qoşulur. Çünki kənd təsərrüfatı məhsullarının çox olması bazarda ucuzlaşma deməkdir, yüksək məhsulla təminatdır və sahibkarların gəliridir”.