BAHAR BƏRDƏLİ,  filologiya üzrə fəlsəfə doktoru, dosent  :-   MÜSTƏQİLLİK   İLLƏRİNDƏ  ƏBÜLFƏT   MƏDƏTOĞLU  POEZİYASI
 

Elm 14:24 / 25.05.2023 Baxış sayı: 3624

                                                                     BAHAR BƏRDƏLİ

 

                    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun

                 aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

 

 

80-cilər  MÜSTƏQİLLİK   İLLƏRİNDƏ

 

ƏBÜLFƏT   MƏDƏTOĞLU

 

 POEZİYASI

 

 

80-cilər ədəbi nəslinin nümayəndəsi  şair, nasir, publisist, Əməkdar jurnalist Əbülfət Mədətoğlu 1959-cu il yanvarın 1-də Dağlıq Qarabağın Xocavənd rayonunun Tuğ kəndində anadan olmuşdu. 1966 - 1976 – cı illərdə Tuğ kənd orta məktəbində oxumuş, məktəbi bitirdikdən sonra 1976-1978-ci illərdə Tuğ kəndində “Oktyabr” adına  savxozda fəhlə işləmiş, 1978-1980-cı illərdə  isə Sovet ordusunda xidmət etmişdi. 1980-1986-cı illərdə Azərbaycan Dövlət Unversitetinin tarix fakültəsində ali təhsil alan Ə. Mədədətoğlu eyni zamanda müxtəlif mətbuat orqanlarında ( “Araz”, “Qarabağ”,  “Azərbaycan ordusu” qəzetlərində) müxbir kimi çalışmışdı. 1992-ci ildən isə o   “Ədalət” qəzetində direktor müavinidir.

Ə. Mədədətoğlu 2010 - cu ildə “Əməkdar jurnalist” adını almış, “Şahmar Əkbərzadə”, “Media açarı”, “Qızıl kəlmə” mükafatlarına layiq görülmüşdür.

Ə. Mədətoğlunun həyatında başqa bir tarixi dönəm də var. O, Qarabağ müharibəsi nəticəsində öz doğma yurdunu itirdiyindən uzun illər “Qaçqın şəhərciyi”ndə yaşamışdır. Bu da, təbii ki, onun yaradıcılığına təsirsiz ötüşməmişdir. Şairin yaradıcılığının əsas hissəsini bu mövzu təşkil edir.

Vətənin tərənnümü. Əbülfət Mədətoğlu  ilk qələm təcrübələrini  orta məktəbdə oxuyarkən yazıb. Onun ilk mətbu əsəri olan “Kəndim”, “Şorbulaq”  şeirləri “Araz” qəzetində işıq üzü görüb. Bu 80-ci illərin ikinci yarısına təsadüf edir. Bundan sonra Ə. Mədətoğlu dövrü mətbuatda müntəzəm olaraq şeirləri, publisistik yazıları ilə çıxış edib. İlk şeirlər kitabı isə - “Səməni nəğməsi” 1988-ci ildə Bakıda “Gənclik” nəşriyyatında çap olunub. Onun indiyə kimi  iyirmiyə yaxın şeir kitabı (“Nilufər çiçəyi”, “Dərdini danışan adam”, “Nişanə”, ”Ehtiyacın elçi daşı” və s.) eyni zamanda “Qəhrəman İbad”, “Zəhimli polkovnik”, “Üfiqdə görünən adam”, “Qovuşan ulduzların nağılı”, “Bir ömürdən səhifələr” adlı sənədli povestləri çap olunub.

Şairin yaradıcılığının başlıca mövzusu Vətənlə, Qarabağla bağlıdır. O, Qarabağ mövzusunda  təbii,  səmimi,  real şeirləri ilə tanınan,  yadda qalan şairlərdən biri kimi bu gün də qələmini bu mövzuda silaha çevirməkdədir.  Hər bir insan üçün, xüsusilə şair üçün ən ağır yük, qurduğun yuvanın, bütövlükdə  bir obanın, elin itirilməsi və uzun müddət qaçqın, köçgün həyatı yaşamasıdır. Mədətoğlu o günlər haqqında özü belə yazır:

                                                   Yandı evim, eşiyim,

                                                   Yandı divarım daşım...

                                                   İsit, qoyma üşüyüm,

                                                   İsit məni, göz yaşım...    

 Mədətoğlunun mövzu dairəsi genişdir. Onun ilk şeirləri təbiət, ana, ata, dostlar haqqındadır. Bu da təbiidir. Gözünü dağların qoynunda açan şairin ilk müraciət etdiyi yer də elə təbiətin özü olmalı idi. İlk  şeirlərinin, kitablarının adları da təbiətdən bəhs edir. “Nilufər çiçəyi” kitabında toplanan  şeirlər kimi: “Ana”, “Nilufər çiçəyi”,”Azıx”, “Ana vətən”, “Qavaldaş”  və s. Daha sonra şairin məhəbbət şeirləri  gəlir: “Bu qızın”,  “Qalıb”, “Ondan sonra”, “Doymamışıq məhəbbətdən” və s. Bütün bunlar Əbülfət Mədətoğlunun 80-ci illər yaradıcılığındandır.  Bu illərin də öz mövzu dairəsi vardı, təbiət, vətən, onun inkişafı, Sosialist realizminin əksi, təsvir və tərənnümü.

 90-cı illər ədəbiyyatının  isə özündən əvvəlki ədəbiyyatdan kəskin surətdə fərqləndiyini hər kəs  yaxşı bilir. Yəni,  əvvəlki həyat, cəmiyyət, sosial durum, Sosial quruluş birdən - birə, qısa zaman kəsiyində dağılmış, necə deyərlər, yox olmuşdur. Və bu da ədəbiyyatın, poeziyanın yönünü, istiqamətini dəyişmişdi. Bu dövrün də öz mövzusu, ideya istiqamətləri yaranmışdır. Müstəqillik uğrunda mübarizə, 20 Yanvar qırğını, Qarabağ müharibəsi, işğalçı ermənilərin gözlənilməz hücumları, xalq, vətəndaş qarşıdurmaları, meydan hərəkatı... Bir sözlə, şüurları silkələyən bütün  hadisələr bədii ədəbiyyatda öz əksini tapmalı idi və tapırdı.  

Əbülfət Mədətoğlu realist şair olduğundan yeni zamana köklənmiş, ən ağrılı mövzularda qələmini sınamışdır. Bu mənada şairin “Dərdini danışan adam” kitabında toplanan poetik nümunələri oxuduqca hiss edirsən ki, şeirlərin lirik qəhrəmanı elə  şair  özüdür.   Müəllifin  yazdıqları “Üşüyür”, “Nişanə”, “Dağlar”, “Ümid yeri”, “Çadırda keçən ömür”, “Ağırdı”,  “Mənim dərdim”, “Nağıl”,  “Qəbir daşı”,  “Müqəddəs dava” kimi onlarla poetik parçaları çadır şəhərciyində yaşadıqlarının əksi - sədasıdır.

                                              Qaranlığa süzülən –

                                                      Bir barmaq işıq üçün,

                                                           Ümid yerimsən, ümid…

                                              Günəş od püsgürəndə -

                                                      Görünən topa bulud,

                                                                  Ümid yerimsən, ümid…

         Şairin lirik qəhrəmanı həm ata ocağının, ana yurdunun itgisinə dözməli, həm də çadırın isti, soyuğunda yaşayıb yazmalı idi:

                                                          Mən bu qaçqın millətin,

                                                           Bir sıra nəfəriyəm…

                                                           İçimdə dərd, qəm yatır.

                                                           Çiynimdə gəzdirdiyim

                                                           Yurdsuz övladlarımın

                                                            Kəndiyəm, şəhəriyəm –

                                                            Başımı onlar qatır…

          Şair gördüklərini, yaşadıqlarını, qəlbinə hopan yanğını, ağrını, nisgili sakit – sakit dilə gətirir və qələmə alır. Müharibənin yaratdığı sərt, ağır, fərəhsiz günlərin çoxluğunda o özünü nağılla ovundurur:  “Ətəyimdə daş, ovcumda qum, ağzımda su daşıyıram,// İynə boyu divar hörüb, ev olacaq deyirəm bu…// Bu ümidlə yaşayıram…” Şeirləri oxuduqca çadırda keçən insan ömrü sanki bir - bir vərəqlənir.

        Çadır, vaqon evlər haqqında ədəbiyyatımızda müxtəlif janrlarda çox əsərlər yazılıb. Fərq orasındadır ki, bir var bu çadır evlərə kənardan, uzaqdan baxıb, müşahidə edib yazasan, bir də var onun içərisində yayın istisində, qışın tufanında yaşayıb gördüklərini, duyduqlarını, yaşadıqlarını yazasan.  Bu yerdə Qabilin  məşhur “Çadırlar…” şerini xatırlamamaq mümkün deyil. Mən onu Ə. Mədətoğlunun “Üşüyür…” şeiri ilə müqayisə  etmək istəyirəm. Bakıda yaşayan, qarlı, tufanlı dekabr gecəsində Qabil tüğyan edən küləyin səsini dinləyə - dinləyə düşünür ki, bu qar - boran isti, daş evlərdə yaşayanları belə üşütdüyü, titrətdiyi halda, görəsən o nazik parçaya - çadıra sığınmış insanlar necə yaşayır, necə dözürlər bu şaxtaya?

                                           Səksənib oyandım gecə tən yarı,

                                           Dağıdıb tökürdü aləmi külək.

                                            Şaxta çatdadırdı daşı, divarı,

                                             Ağaclar əsirdi nalə çəkərək!!!

                 

Şair düşünür ki, axı bu çadırlara bürünən vətənin bir parçasıdı. Onlar necə qorunur?

 

                                             Biz hoydu deyirik birləşin daha,

                                             Külək cövlan edir çadır içində!

                                              Millətin ümidi qalıb allaha,

                                              Ümid də it – batdır çamır içində!

Ən yaxın keçmişimizi əks etdirən bu şeir mətbuatda çap olunanda eiə o  zaman mən onu təhlil edərkən yazmışdım:  “Şeirdə qoyulan problem, qaldırılan məsələ hamını düşündürən, həyacana gətirən məsələdir. Hər kəsin qəlbində şırımlar açan bu  bəla Qarabağın, Qarabağlıların çadırlara sığınması tezliklə ləğv olunmalıdır”.

        Demək, o boranlı - qarlı çadırı təkcə kənardan  görən, seyr edən  yox,  həm də  onun içərisində yaşayan Əbülfət  Mədətoğlu belə yazırdı:

                                     Hər çadırda bir ürəyin işığı,

                                     Hər ürəkdə qaralan qor üşüyür.

                                     Gözümüzü ovub tökür tüstüsü,

                                     Xiffət çəkib, çatlayan gor üşüyür...

 

                                      Yağış yağır, od - ocaqsız nəm çadır,

                                      Medalyondur sinəmdəki qəm-andır...

                                     Tanrım, özün bircə  çınqı tap, yandır,

                                      Deməsinlər qaçqın nə zor üşüyür !

                                          

  Istisini külək aparan, tüstüsü göz dağlayan çadır sobalarının qoru da üşüyür. ”Çadır şəhərlərində süpürgəyə ehtiyac duyulmur. Zaman özü süpürür, aparır nə varsa…”- deyir Ə.Mədətoğlu.

Müharibənin törətdiyi bu faciələr müasir dövr Azərbaycan poeziyasının əksər mətnlərdə vardır. İstər Bakıda - mərkəzdə yaşayan, hadisələri uzaqdan izləyən şairlər olsun, istərsə də hadisələrin mərkəzində, cəbhə bölgəsində yaşayanlar, yazdıqları poetik əsərlərin tutumu,  faktların təsvir, tərənnümü baxımından o qədər də fərqlənmir. Yəni hər iki tərəfdən ədəbiyyata gətirilən şeirlər  səmimiliyi, reallığı, təbiiliyi ilə oxşarlıq təşkil edir. Qarabağ müharibəsi, şəhidlik, itkilər, ictimai – siyasi hadisələr,  qaçqınlıq, köçkünlük  Vətənini sevən, xalqının dərdinə yanan  hər bir şairin dərd ağacına çevrilir. Lakin baş verən hadisələrə hər şairin öz xüsusi baxışı, özünəməxsusluğu da var:

                                                      Torpaq nəm, çadır nəm

                                                                     Ocaqsa soyuq –

                                                      Sazaq qılınc kimi kəsir adamı...

Ə. Mədətoğlunun “Saman çöpü”, “Nağıl”, “Qəbir daşı”, “Üşüdüm”, “Müqəddəs dava”, “Olur”, “Kəndim”, “Dəyirmanın dəni yoxdur”, ”Bundan sonra” kimi şeirləri şair qəlbinin  Vətəninə, özünə və soydaşlarına elegiyasıdır. Əbülfətin Qarabağ mövzusunda yazdığı şeirlərini oxuduqca onun çağdaş şairlərdən bir fərqini də aşkar etdim. Şairin bütün şeirləri daxili monoloq kimi səslənir. Birbaşa öz “mən”indən çıxış edir. Günahkar, səbəbkar, düşmən axtarmır, sanki öz - özünə pıçıldayır:                        

                                                    Şaxta kiçik nəfəslikdə buz bağlayır,

                                                     Soyuqdan ilik donur...

                                                     Çadır divarlar içindəki  -

                                                                             Boşluq soyuqla dolur...

                                                        Həsrət çəkən gözlərin

                                                                               kirpiklərindən asılır qrov...

                                                      Eh, bir də ki nə fərqi,

                                                      Şaxta olsun, ya isti,

                                                      Orada ruhlar girov,

                                                      Burda ümidlər...

 

Şeiri, demək olar ki, bütövlükdə yazdım. Göründüyü kimi, şair burada hayqırmır, qışqırmır, düşmənin haqsız, ədalətsiz, vəhşi olduğunu subut etməyə çalışmır. Bəlkə də bu Mədətoğlunun bir insan kimi xarekterindən, xasiyyətindən, bəlkə də zahiri sakitliyindən irəli gəlir. Daxilində tufanlar qopsa da çox təmkinlə, adi söz söyləyirmüş kimi hadisələri təsvir edir. Nəticəni, qəzəb – nifrəti oxucunun öhdəsinə buraxır:

                                                 Çadır nazik, bayır şaxta,

                                                 Üşüyürəm boş otaqda,

                                                 Bu taleylə, bu cür baxtla,

                                                 Yaşayıram düz on ildir....

Hadisələri, olmuşları, olanları hardasa qədərə, talehə bağlasa da,  nədən mən, - deyə şair  düşünsə də, oxucu üçün hər xırda detal olduğu kimi aydındır. Şairin realist qəhrəmanı tək deyil. Onlar tam bir milyon nəfərdir. Evindən, yurdundan zorla, təhdidlə, hiylə, şər, böhtanla, silahla çıxarılıb  qovulan qaçqın, köçgün ailəsi olaraq tam bir milyon nəfərdir. Dərd çoxalanda adiləşir, deyiblər. Bəlkə də ağrı, acının çoxluğundan,  sonsuzluğundandır,  əhatə dairəsinin böyüklüyündəndir  ki,  şair  “Bizə dərdimiz bəsdir,// Qalan hər şey əbəsdir!” – deyə sakitcə pıçıldayır.

Ə. Mədətoğlunun müasiri Nurəngiz Gün Qarabağ hadisələriynən bağlı “Xocalı simfoniyası” poemasını yazıb. Mən  burada N. Günün müharibəyə öz münasibətini, mövqeyini, hadisələrə poetik etirazının formasını digər şairlərin şeirləri ilə müqayisə etmək istəyirəm. Bakıdan Xocalı faciəsini izləyən N. Gün müharibə törədənlərə hayqırır:

                                               Əl çəkin! Qırın hərbin belini!

                                             ...Doğrayın müharibə sözünü,

                                              Siliniz lüğətdən!

                                             İnsanı düşünün! Ürəksiz Məliklər!

                                              Dünya kələkbazları!

                                                       Dü...şü...nün!!!

                                             Dünya yalnız sizin deyil !

                                             Düşünün !!!

                                                          

           Demək, Qabilin nəsihətlə təsvir etdiyi, Ə. Mədətoğlunun  pıçılti ilə göstərdiyi hadisələri  Nurəngiz Gün hayqıraraq bəyan edir! Ədəbiyyat da elə bu fərqliliklərin məcmusudur və onların birliyindən yaranır, formalaşır, bütövləşir. Çünki hər şair, yazar həyata, dünyaya, cəmiyyətə, insanlara öz baxış bucağından  yanaşır və öz gördüyünü, görə bildiyini, düşündüklərini  özünəməxsus  şəkildə, öz dəsti - xətti ilə  yazır.

Mədətoğlunu poetik dərdi, yanar ocaq kimi həmişə közərməkdədir. İçdən alovlanıb, içdən yanmaqdadır. Yurdunu qoyub gəldiyi üçün özünü tez - tez qınayır: “Qaldım havada,// Qoruya bilmədiyim, //Doğulduğum kənd, bağışla, //Bağışla ki hələ şəhid deyiləm, // Uğrundakı müqəddəs davada!”  Şair  “Vətən, səni sevirəm! – deyə  hay – küy  salmır. Lakin yazdığı hər bənddə onun  adını çəkir, itgisinin necə ağır olduğunu, necə göynətdiyini, yandırdığını  sadəcə təsvir edir.

Akademik Bəkir Nəbiyev  İkinci Dünya müharibəsi mövzusunun ədəbiyyatda işlənməsindən bəhs edərkən yazırdı: “Müharibə insanların mənəvi həyatını gərginləşdirmişdi. Onların böyük əksəriyyəti məsafəcə bir - birindən ayrılmışdı. Fərəh, səadət hislərinin yerini  bir sıra hallarda hüzn, kədər, hicran və maddi çətinlik  fikri tutmuşdu.”

 Beləcə, müharibənin öz qanunları, qaydaları, diktələri var. Poeziyanın lirik qəhrəmanı bu ağır həyat tərzinə hazır olmalı və mübarizədən də geri çəkilməməlidir. Çünki söhbət Vətənin həyatından, talehindən, onun Birliyindən, Bütövlüyündən, Azadlığından, Müstəqilliyindən  gedir. Bu mənada Ə. Mədətoğlunun bütün poetik toplularının müəyyən bir hissəsi mütləq Vətənə və onun ağrı-acısına həsr olunub. “Mənim çadırlarda qocalan anam”,  “Hanı”, “Bir az”, “Şəkil”, “Atəşkəs” kimi şeirlər Qarabağ müharibəsindən sonra yaranan şeirlərdəndir. Bu illərdə şairin düşündüklərindən: “Kimi ayağını itirdi, kimi qolunu, kimi gözünü... Mən isə ürəyimdən yara aldım. İndi şikəst kölgəmizin aitında böyütdüyümüz uşaqlarımızın dünyası çadır, ağızlarının dadı yardımdır....”

80-cilər ədəbi nəsli otuz il sonra İkinci Qarabağ müharibəsinin də şahidlərinə çevrildilər. 44 günlük müharibənin hər anını, hər gününü diqqətlə izləyən bu nəslin  şairləri Böyük Qələbəni, Böyük Zəfəri məharətlə tərənnüm etmişlər.Əbülfət Mədətoğlunun da Qələbə soraqlı kifayət qədər şeirləri var. “Dörd divar...Allah, O və Mən...” şeirlər kitabında bu səpkili şeirlər diqqəti çəkir. “Vətən səsləyir”, “Mübarəkdir Qələbən”, “Bu günü”, “Şəhid anası”, “Torpaq”, “Komandan”, “Əsgərə məktub”, “Vətən”, “Qalib torpaq”, “Ürəyimin Kəbəsi” və s. kimi poetik nümunələri bu qəbildəndir.

                                             Yumruğu sıxdın,

                                             Həsrəti yıxdın,

                                             Qalib sən çıxdın-

                                             Vətən!!!

Deyən şair bu Qələbəni necə gözlədiyini də bəyan edir:

                                              İllə, ayla gözlədim,

                                              Günlə, sayla gözlədim...

                                              Qışla, yayla gözlədim

                                               Mən bu günü....

Qarabağlı şair bu gün öz xarakterik xüsusiyyətinə sadiq qalaraq Zəfəri özünəməxsus şəkildə pafosdan uzaq vəsv etməkdədir.

Məhəbbət şeirləri.  Əbülfət Mədətoğlu lirik şairdir. Onun poetik yaradıcılığında əzəli və əbədi mövzulardan biri olan məhəbbətə həsr olunmuş  şeirləri kifayət qədərdir. Kitablarında və son dönəmlər dövrü mətbuatda dərc olunan şeirlərinin əksəriyyəti sevgiyə və ona verilən dəyərə həsr olunub.Vətənin ən gözəl qızını şair gah dağların qoynunda, gah bağların içində, gah güllərin arasında, gah da gözəllərin sırasında təsvir və tərənnüm edir. Çox da böyük olmayan bu poetik nümunələr əsl sevgi hisslərindən yaranıb poetikləşir. Az sözlə öz sevgisini izhar edən şairin lirik “mən”i həm də gözəlin mənəvi dünyasını açır, onun sivgiyə, eşqə, aşiqinə layiq olduğunu əyaniləşdirir.

“Mənim kimi sevə bilsən” toplusunda şairin bu növ şeirləri yetərincədir. Kitabda adsız şeirlər rəqəmlərlə sıralanıb və bunlar 207 əsərdir.

                                     Arzum göz qamaşdırır,

                                     Billur çil-çıraq kimi !

                                     Mən səni necə tutum

                                     Özümdən qıraq kimi?..

 

                                      Gözümdən yol asılır,

                                     Sinəmə od basılır,

                                     Hər gün  başdan yazılır,

                                     Həsrətim varaq kimi...      

Tədqiqatçı alim Rüstəm Kamal şairin sevgi şeirlərindən bəhs edərkən həmin kitabın ön sözündə  yazır: “Əbülfət Mədətoğlu ömrüboyu sevda tarixçəsni və sevdalı anların hekayətlərini yazır... O, sevgi etiraflarını, ömür-gün xatirələrini, xəyal qırıqlığını bayatı-oxşama  üstə kökləyir, “yeddiliyin” (yeddi hecanın) çevrəsinə salıb gözləyir”.

“Yaşadıqlarını yazan şair”  məqaləsində  filologiya üzrə fəlsəfə doktoru  Akif Əli də  belə yazır:  “Ə. Mədətoğlunun yeni şeirlər kitabı namusla, vicdanla yaşanmış bir ömrün dərin izlərini özündə qoruyub saxlayan həm dəyərli salnamədir, həm də həssas bir könül dünyasının pıçıltılarını yaşadan ciddi sənət əsəridir”.

                                               Qaldır görüm gözünü,

                                                Görüb öpüm gözünü,

                                                Öpüb hörüm gözünü

                                                Kipriyinin ucuna...

 Daha sonra Akif Əli qeyd edir ki: “Bu günün oxucusu üçün daha önəmlisi – sənətkarın mənəvi dünyası, onun fikir-düşüncələri, ideyaları, həqiqətən yaşadıqları, duyduqları və yaşayıb - gördüklərini qələmə almaq məharətidir”.

Şairin “Ehdiyacın elçi daşı” şeirlər toplusunda onun mənəvi dünyasını əks etdirən, sorağına çıxdığı gözəlin naz-qəmzəsini tərənnüm edən poetik parçalar öz səmimiliyi ilə diqqəti cəlb edir. “Ya gəl, ya get”, “Sənin”, “Olmuşam”, “Tək sən, tək mən”, “Səndən”, “Özün günahkarsan”, “Bilmədim”, ”Aparsa”, “Düşüncə...” kimi şeirlər bu qəbildəndir. Şairin lirik qəhrəmanı sevdiyini anlamaq, duymaq, dərk etmək üçün  hər cəfaya, ağrı-əzaba dözüb, dayanır. Daşıdığı hicran yükünü də sevə-sevə tərənnüm edir. İnanır ki, vüsal uzaqda deyil. Gözəl də onu mütləq sevib qiymətləndirəcək.

                             O gün gəlib çatacaq,

                              O günə nə qalıb ki?

                              Mənə sevgi verən qız,

                              Məndən sevgi alıb ki?

 

 

                               Yaş öpdükcə üzümü,

                               Həsrət bükür dizimi...

                               Tapammadım özümü,

                                Canımda can qalıb ki ?

Sevgi dünyasında da sevincdən, sevgidən daha çox dərdə bələnən lirik qəhrəman bunu talehin  payı kimi qəbul edir və yenə də öz sevgisi üçün mübarizəyə can atır. Üzünü sevdiyinə tutub sanki diktə edir: “ İlk baxışdan sevməyi // Sənə də oyrədəcəm,// Özüm yandığım kimi // Səni də göynədəcəm, -// Özgə fikrin olmasın!”

Dərdi sevgisindən ağır olsa da bu da bir qismətdir,- yazır şair:

                                   Kimdi deyən baldı sevgi,

                                   Kardı, kordu, laldı sevgi,

                                   Ürəkdə bir xaldı sevgi,-

                                   Laləyə çevrilə bilər!

 

                                   Ömürdü, qismətdi adı,

                                    Dərd verib güldürər yadı...

                                    İstəsə sönük həyatı,

                                    Jaləyə çevirə bilər....                                        

“Əbülfət Mədətoğlunun lirik “Mən”i məhəbbət məbədinin bütün hücrələrini dolaşır. O, məşuqunun sevincindən çox əzabından dadır. Həsrətin üzərindən vüsal körpüsü salmağa çalışır, neyləmək ki, zəhməti əlində qalır”. Bu sözlərin müəllifi yazıçı Qərib Mehdi daha sonra yazır: “ Əbülfət gerçəyi söyləyən şairdir. O, yaxşı bilir ki, yalançı təsəllilərə uymaq, şirin vədlərə aldanmaq heç bir yaranı sağaltmır”.

Beləliklə, Əbülfət Mədətoğlunun  lirikasında məhəbbət şeirləri önəmli yer tutur və poetikasının əsasını təşkil edir. Bu növ şeirlərdə  şair sanki Fizuli ənənələrinə sadiq qalaraq, sevgidən çox, onun dərdə müptəlasını vəsv edir. Dərdin içindən boy verən bu tip şeirlər poeziyamızın zənginləşməsində, ona yeni ştiriklərin vurulmasında  da mühüm rol oynayır.

Təbiət şeirləri. Ə. Mədətoğlunun poeziyasında təbiət şeirlərinin də öz yeri, öz çəkisi var. Onun istər sırf təbiəti əks etdirmək baxımından, istərsə təbiətə müraciətən sevgisindən söhbət açmaq baxımından və ya təbiəti Vətənləşdirmək baxımından poetik nümunələri də kifayət qədərdir. Yaradıcılığının 80-ci illərində, yəni ilk qələm təcrübələrində şairin sırf təbiət şeirləri üstünlük təşkil edir. Vətənin dağları, dərələri, çayları, bulaqları, bir sözlə, təbiəti və fəsilləri şairin tərənnüm obyektidir.

                                   Ağacların nəğməsini

                                                         yarpaqlar oxuyur...

                                   Yarpaqların nəğməsini

                                                            küləklər...

                                     Çiçəkləri şeh damlaları

                                                            oxşayır...

                                        Günəşdən öncə...

                                        Sonra da arılar, kəpənəklər...

 

Şair, tədqiqatçı Arif Abdullazadə yazır: “Təbiətin təsviri, onun ayrı-ayrı hadisə və xüsusiyyətlərinə  müraciət sənətin özündən də qədimdir. Təbiətin qoynunda dünyaya göz açan. onun ağuşunda yaşayıb-yaradan insanın təmas etdiyi ilk varlıq, ən yaxın dost, sirdaş təbiət özü olmuşdur”. Bu mənada Əbülfətin sırf təbiət şeirləri şairin göz açdığı Dağlıq Qarabağ təbiətinin özünün, varlığının  əks-sədasıdır, desək, yanılmarıq. Şairin “Payız nəğməsi” daha xarakterikdir:

                                           Düzülər qatara köçəri quşlar,

                                           Soyuqdan istiyə can atıb gedər...

 

                                           ... Budaqlar silkinər, yarpaq tökülər,

                                          Qocalar bir az da düşər, bükülər...

 

                                           ...Açılar ayağı qarın, yağışın,

                                           Bu rəssam təbiət vurar naxışın...                                                       

A. Abdullazadə fikrinin davamı: “... Sonralar sənətin ilk mövzularından biri də məhz təbiət, onun maraqlı dünyası, məna və gözəllikləri olmuşdur. Bəlkə elə buna görədir ki, çox vaxt sənətdə təsvir edilən təbiət və onun hadisələrinin arxasında insan dayanır”.

Lakin sonrakı dönəmlərdə Ə. Mədətoğlu təbiəti Vətənləşdirir. Xüsusilə yaşadığı Tuğ kəndini əhatə edən təbii mənzərələri vəsf edir. Bu haqda şair özü belə yazır: “ Bu dünyada Tuğ adlı bir dağ kəndi var. Şəlaləsi, meşələri, bulaqları və bir də Nilufər çiçəyi ilə kənd uşaqlarının payına düşən hər nə varsa, mənim də canıma-qanıma hopub orada...” Daha sonra şair təssüf hissi ilə söyləyir ki: “ Həmin o uşaq ləpirlərində düşmən mina əkir indi...Xatirələrimi göyə sovurmaq üçün... o uşaq isə hələ də “beş-daş” oynayır...”

 

                                      Fikrimdə duman-duman

                                      Dağın qarı, boranı...

                                      Qanadır zaman- zaman

                                      Sinəmdəki yaranı...

 

                                       Günlərəmi söz deyim,

                                       Dağlaramı üz tutum?

                                       Heç bilmirəm neyləyim,

                                       Dərdi necə unudum? 

“Qartal elə qartaldı”, “Ot bitirəcək”, “Dağın, daşın....”, “Bir qış nağıldı...”, “Gedirəm” kimi şeirlərdə şair təbiətə üzünü tutub dərdini danışır və düşüncələrini, istəklərini, sözünün canını oxucusuna rahatlıqla ötürə bilir : “Bir qış nağıldı bu qış gecəsi...// Şaxta da, sazaq da köhnə tanışım...// Təkcə evim yoxdu... balalarımı // Başıma  toplayıb nağıl danışım...”

“Olmuşam” şeirində şair üzünü dağlara tutub başına gələnləri danışır. Təbiətdə baş verən təbii hadisələrlə öz dərdini müqayisə edir və istəyinə də nail olur. Təbiət kimi o da hər fəlakətə, tufana dözür, lakin bütün  bu  həngamələr bir şair-insan üçün çox çətindir:

 

                               A dağlar, qəriblik əyibdir məni,

                               Sıxılıb, bükülüb yumaq olmuşam...

                               Dərd əli ağaclı döyübdü məni,

                               Gözləri tutulmuş bulaq olmuşam...

                                              

Qarabağ məsələsində xarici qüvvələrin roluna, gördüyü işlərinə toxunan şairin daha maraqlı misraları var. Özünəməxsusluğunu qoruyan müəllif  elə sakit-sakit olanları olduğu kimi bəyan edir:

                                    Gözüm qan ağlayır, gözüm yaş tökür,

                                    Göylər şimşək çaxır, fələk daş tökür..

                                     ... Əcnəbi əlində dolaq olmuşam...

   Şair Elçin İsgəndərzadə  Ə. Mədətoğlunun poeziyasından bəhs edərkən  deyir: “Dərdini dərd ovudan şeirlərə çevirib danışan Əbülfət! Dərdin əyilmədən, səssiz-səmirsiz yeriyən dağ rəmzi! Dərdin qəzəb və nifrətdən yoğrulmuş  canlı Qarabağ heykəli!” Həmçinin E. İsgəndərzadə  Əbülfətin başqa xarakterik xüsusiyyətlərini də açıb  göstərir: “Əbülfət Mədətoğlu ölümün üstünə gedən şairdir. Ölümün üstünə gedən şair özünü torpağa bastırıb yenidən doğular, torpaqda bitər - ağac olar. Və ağac ömründə də sinəsiylə torpağı qoruyar. Yarpaqları ilə bu torpağa yaşıl nəğmələr pıçıldayır...                               

Bir çox məqamlarda şair təbiət  şeirlərindən daha çox sevdiyini təsvir etmək üçün istifadə edir. Yazda məşuqunun cilvəsini, payızda qəm yükünü, qışda həsrətinin ağırlığını, çəkilməzliyini əks etdirir:

                                    Günəşə baxıram,

                                     Bəxtə Günəşdi!

                                     Çiçəyə baxıram,

                                     Eşqə çiçəkdi...

 “Bu yaz yağışlarının içində əriyirəm...// Bu qız baxışlarının içində kiriyirəm....”- deyən lirik qəhrəmanın başqa halını da görürük: “Bu axşam qaranlığın çəkisi də ağırdı,// Bu axşamkı təkliyim elə bil ki turş çaxırdı...”

Şairin “Gedirəm”, “Ölüm”, “Ürəyimdə”, “Sahildəki qayaları...”,  “Havadan asıblar məni...”, “Bu yağış elə yağır ki...” , “ Bu yağan qar...” kimi şeirlərdə təbiətlə sevgi baş-başadır.

                                              Sən bir topa buludsan,

                                              Su səpirsən ömrümə...

                                              Sən bir yaşıl ümidsən,

                                              İşıq uman şeirimə!

                                             

Beləliklə, Ə. Mədətoğlunun Təbiətlə bağlı şeirləri də yaradıcılığında özünəməxsus yer tutaraq şairin poetik dünyasını oxucusu üçün açmaqla yanaşı həm də onların mənəvi dünyasında mühüm rol oynayır. Bu tip şeirlər şair yaradıcılığının zənginliyindən, bütövlüyündən, əhatə dairəsinin genişliyindən xəbər verir.

Fəlsəfi və digər şeirləri. Ə. Mədətoğlunun poetik yaradıcılığında fəlsəfi yönümlü şeirləri də diqqəti çəkir.  Yaş artdıqca, həyat təcrübəsi çoxaldıqca hadisə-obyeklərə baxış bucağı da dəyişir. Bu mənada  şairin övladlarına, ayrı-ayrı həmkarlarına, dostlarına müraciətən yazdığı şeirlərin hər biri həyatın bu və ya digər hadisə-məsələlərinə toxunur. “Dünya”, “Bilirsən hərdən...”, “Deyərsən”, ”Dünyanı qoruyun”, ”Bu tale”, “Düzlük qoydu düzdə məni”  kimi şeirlərdə şairin nəsihətvari fikir –düşüncələri yer alıb.

                                          Baxdım, gözümü aldatdım,

                                          Dözdüm, dözümü aldatdım,

                                          Özüm özümü aldatdım...

                                          Çıxdım axırıma-axırıma...

                                          

Şair Tofik Abdin Ə. Mədətoğlunun dərdi özündən böyük misraları haqqında belə yazır: “Mədətoğlu şeirlərinin hər birində altından xətt çəkiləcək və ayrıca bir şeirdən nümunə veriləcək ağrılı misralar çoxdur... Bütün bunlar onun ŞAİR olduğunun subutudur və o da bəllidir ki, Əbülfət Mədətoğlu dərd şairidir”.

                                  Dərdin yoldaşı kimdi?

  • Mən!

Dərdin qardaşı kimdi?

  • Mən!

Dərdin sirdaşı kimdi?

  • Mən!

Dərdin başdaşı kimdi?

  • Mən!

Bəs onda dərd kimdi?

Bax onu hələ bilmirəm...

 Şeiri kiçik olduğundan bütövlükdə yazdım. Şairin özü dərdin içindən boy verdiyi üçün  yazdıqları da dərdin ağrı-acılarını əks etdirməlidi. Bu dərd  onun Böyük Vətən itgisindən  tutmuş həyatda hər türlü əzab-əziyyətlərinə qədər hər şeyi əks elətdirir:

                                                 Ələyib olub qalanı,

                                       Əyrini, düzü, yalanı,

 

                                       Fələk əlindən alanı –

                                       Ağlayıb, balam deyərsən...

 

                                      Nə sərtdir zaman qılıncı,

                                       Əsəbdi çalan qılıncı,

                                      Babamdan qalan qılıncı-

                                       Çalarsan, qalam deyərsən...

Əbülfətin hər xırda şeirində böyük bir məna, fikir gizlənir. Hər dərd, hər ağrı həyatın sərt üzüdür. Şair bir insan olaraq o sərt üzlə tez-tez qarşılaşır və bu ağrını yaşayaraq oxucusuna da ötürə bilir. Şairin “Akif Səmədə”,  “Göz yaşlarım gözlərimdə çiçəklər...”,  “Günəş şüası” kimi şeirlərində öz dərdi ilə yanaşı qəfil dünyasını dəyişmiş dost itgisinin ağırlığını da əks etdirir.  Həmçinin, “Tələbə dostlarıma”, “Əli Hacı bəyin doğum gününə”, “Şahin Kərim oğlu Məmmədova”, “Dədə Süleymana”, “Dədə Süleymana ikinci xitab” Və s. şeirlərində də bir həyat fəlsəfəsi poetikləşir. “Sıxdım barmaqlarımı,// Əsəbimi dişimlə sıxdığım kimi...”- deyən şair hərdən də gileylənir: “Topa tutub dağıtmayın, bulud deyiləm...// Yağmağım yaz yağışıdı...- bir an çəkəcək...”

Ə. Mədətoğlu hansı mövzudan yazır yazsın, orda bir vətən sevgisi, yurd yanğısı, dil ağrısı, torpaq itgisi, insan amili başlıca rol oynayır. Poetik düşüncələrində vətənpərvərlik, insanpərvərlik, yurdsevərlik  qızılı-qırmızı xətt kimi keçir. Təbiətdən, məhəbbətdən də yazanda orada  mütləq fəlsəfi ruh hakimdi:

 

                               Ürək üz tutub çəmənə,

                               İstəyir güllə danışım...

 

                               Çəməni basıb sinəmə,

                               Anlaşan dillə danışım...

 

 

                               Səsimi çəkib başıma,

                               Sığınıb olan yaşıma,

                               Qapını döyən qışıma

                               Aynan, həm ilnən danışım...

                                          

Əsərin sujet xətti şairin fəlsəfi baxışının açılmasına xidmət edir. Şeirin lirizmində şairin ustalığı da  aydın görünür.

 Ə. Mədətoğlu dərin ağlı, güclü intilekti, həyat təcrübəsi ilə yazdığı hər bir əsərində gerçəkliyin fəlsəfəsini açmağa çox önəm verir. Bu duyğu, düşüncələr hadisələrin açılmasında mühüm rol oynayır. Çünki şairin hadisə-predmetlərə nüfuzedici müşahidə qabiliyyəti  güclüdür. O, ilk baxışdan xırda görünən hər hansı bir mətləbi ümumiləşdirib bəşəri bir hadisəyə  çevirə bilir.                                            

           Beləliklə, biz Əbülfət Mədətoğlunun yaradıcılığına qısa bir nəzər saldıq. Onun yaradıcılığı zəngindi, rəngarəngdir, özünəməxsusdu, təbiidi, şirindi, oxunaqlıdı. Gördüyü, yaşadığı dünyasını istədiyi kimi bir çox janrlarda vəsv edə, bacardığı  şəkildə tərənnüm edə bilib. Hələ ömrünün müdrik çağlarını yaşayan yazara iti qələm, uzun ömür, bol yaradıcılıq sevincləri arzulayırıq.