Ayaz Arabaşı : - Qulağımda qatar səsləri, fikrimdə vağzallar...

Ədəbiyyat 12:05 / 04.06.2025 Baxış sayı: 1262

Qulağımda qatar səsləri, fikrimdə vağzallar,

Önümdə dolub-boşalan zallar..

Yollar uzanır, hər rels bir xatirə.

Yollar uzanır hərəsi bir əsatirə..

Səni bu vağzallarda gözləməkdi mənim təyinatım..

Yorğun bir yolçunun çiyinləridi relslər,

Hər dəfə bu çiyinlərdən

saatlar səni səslər.

Vaxt mən deyiləm ki, gözləsin vağzallarda.

Büzüşüb qalsın zallarda.

Qulağımda qatar səsləri, fikrimdə vağzallar,

Yollar uzanır hər rels bir xatirə,

Hər xatirə həsrətə girovluq.

Vağzal deyil bura

unudulanların saxlandığı bir qovluq.

Hara baxsan oturacaqlarda pas atmış tənhalıq.

Saatlar asılıb divarların boynundan..

Adam ayrılmaq istəmir vağzalların qoynundan..

Gəlirsən,gəlmirsən bilmirəm,amma

qatar yarır havanı polad cəhəngiylə..

Relslər ağlayır qəzəblə titrəyən təkərlərin ahəngiylə..

Vaxt saatların içində qocalan yalandır,

Biz də bu yalanın şahidləri.

Ömrümüzü bu yalanla ölçür Tanrı.

Həyatımız bu ucuz yalana ödəkdir.

Mənim ömrüm sən olmadığın qədər uzun,

Sən olduğun qədər gödəkdir.

Sən də vaxtın arxivində,getdiyin qatar da.

Yolların sonu yoxdu.

Sən harda dayanırsan, mən ordan başlayıram.

Tək qatarlar yorulmur ki..

Vağzallar da yorulur adamlar da

Mən vağzallarda gözləyirəm,

Təkcə sənə yox,

Bütün gedişlərə gecikmiş bir təəssüf kimi.

Qulağımda qatar səsləri, fikrimdə vağzallar,

Önümdə dolub-boşalan zallar..