Ayaz Arabaçıdan İKİ ŞEİR

Ədəbiyyat 19:38 / 06.05.2024 Baxış sayı: 983

 

 Oturdum masama kədərli halda,

Ağrılar təzədi, ilaclar boyat..

Az qala bu saat zəhərdi bal da,

O qədər dözülməz olub ki, həyat.

İçmirsən alınmır, çəkmirsən olmur.

 

Yoxdu aydınlığa çıxmaq gümanı,

Hey tutub gedirik, bu necə izdir.?

Papiros tüstüsü, şərab dumanı,

Yeganə yalançı təsəllimizdir.

İçmirsən alınmır, çəkmirsən olmur.

 

Sevirəm əzəldən bu şam tərzini,

Sevirəm-sevmirəm, nə hərləyirlər.

Min dəfə düzənlə yaşam tərzini,

Ondan min dəfə çox zəhərləyirlər,

İçmirsən alınmır, çəkmirsən olmur.

 

Bu şeylər eləcə təbnən alınmır,

Göz yaşı gərəkdi, nəzm eləməkçün.

Bu qədər alçağı, gönüqalını,

Bu qədər yaltağı həzm eləməkçün,

İçmirsən alınmır, çəkmirsən olmur.

 

Fərqini duymadım-nə bahar, nə qış.?

Mənim ömrüm boyu içim qanadı.

Bu dünya deyilən xaraba qalmış,

Hayandan baxırsan dəlixanadı..

İçmirsən alınmır, çəkmirsən olmur.

 

Əslinə qalanda təbliğat deyil,

Fikrim insanlığa xeyirdi ancaq.

Zərərli şeylərə etməyin meyil,

Bilirəm zərərli şeirdi,

Ancaq,

İçmirsən alınmır, çəkmirsən olmur.

 

 

***

 

dur bir az əl tərpət, yır-yığış elə,

qəlbimi toz basıb, yaman pintisən.

kimə toxutmusan bu gözəl toru,

hansı mühəndisin labirintisən.

 

bilmirəm hansını necə eləyim,

bir əldə məhəbbət, bir əldə təzad.

şüurlu şəkildə dəli oluram,

bu nə duyğulardı dəlisov-azad..

 

üzümə açdığın məhəbbət kisən,

könlümü riqqətə gətirə bilər.

məni şairlikdən min dəfə də çox,

bu mövzu diqqətə gətirə bilər.

 

balaca, əl boyda bir telefonda,

səsin min amperlik həyəcan verib.

o hansı rəssamdı cürətə gəlib,

sənə nəfəs verib, sənə can verib.

 

məni səndən gözəl duyan tapılmaz,

ruhuna ruhumdan nəğmə əmizdir.

səhərlər nə qədər işıqlı-nurlu,

axşamlar nə qədər heyrətamizdir.

 

bir gözəl aynada əksimi tapdım.

yaşımı əllidən geri sayırsan.

küllükdən tapılmış zümrüd qaş kimi,

ömrümü təzədən cilalayırsan.