Aslan Mehdiyev : - Onun simasında  bir  ziyalımızı da itirdik

MƏDƏNİYYƏT 13:54 / 27.03.2023 Baxış sayı: 4450

Hər  dəfə  el-obamızın  sayılıb, seçilən  adamları  barəsində  acı xəbər eşidəndə daxilən üzülürəm...Həmyerlilərimin   vaxtsız,həm də   doğma  yurdlarından  uzaqda  dünyaların dəyişməsi  həqiqətən  çox  ağırdı...Amma  nə  etmək  olar! Həyat  belədir ...İnsan  doğulur  , yaşayır  və  köçür... Sadəcə  bu   yolda  iz  qoymaq, rəhmətlə  xatırlanmaq    məramını  gərək  özün  üçün  əsas  məqsəd  edəsən!  Bax ,   bu  MƏQSƏD  də   insanın dünyasını  dəyişəndən  sonra  ikinci  ömrünü  yaşamasına  başlanğıc  olur...

Bütün  rayon  sakinləri  kimi, Mahmud Qacarın    rəhmətə  getməsi  xəbəri  mənim də   qəlbimi ağrıdı.. Çünki  mən  onu   bir  jurnalist, bir  şair  və   xüsusi  ilə  bir  ZİYALI  kimi  çox  yaxşı  tanıyırdım..  Özü  də  bu  yaxından  tanımağım    rayonumuzun  işğalı  ərəfəsində, kəndlərimizin  düşmən hücumuna  məruz  qaldığı  vaxtlarda  daha  da  dərinləşdi... Belə  ki,  Mahmud   müəllim rayon  mərkəzində işləyib  yaşasa da  doğulduğu  Qacar  kəndi  üçün  çox  narahat  idi...Ona  görə də düşmənin Qacar  ətrafında   atdığı  hər  bir  addıma  ürək  ağrısı  ilə  reaksiya  verirdi...Kəndə , Qacar  sakinlərinə  atılan   daş da sanki  onun  özünə  atılırdı. Bu  səbəbdən də   mənimlə  hər  qarşılaşmada  , "Bu  işlərin axırı  necə  olacaq?"- deyə  soruşurdu.

Yadımdadır ,soyuq   qış  gecələrindən birində  sərhəd  kəndlərimizdəki  postları  yoxlayırdım  ...Bu  vaxt  xəbər  verdilər ki, ermənilər  Qacar  istiqamətində hücum ediblər... Tez   əlavə  qüvvələr  cəlb etmək  üçün  maşını  Qacara  sürdürdüm...Gedəndə   kəndə   yolun  kənarında  köməyə  tələsənlərin arasında Mahmudu da  gördüm...Əliyalın , hövlank  bir  vəziyyətdə  kəndinin hayına  , harayına  tələsirdi  Mahmud Qacar!

Bu  gün, Tanrı  dərgahında  olan Mahmud  çox  həssas , həm də  kövrək  adam  idi..İndi  də  onunla  olan  görüşlərimi xatırlayanda  ilk  yadıma  düşən onun  özünəməxsus   bir  abır, həya  sahibi  olmasıdı.İnanın ki, hərdən   mənə  elə  gəlirdi  ki, Mahmud  bu  zamanənin adamı  deyil.. Onun daxili  tərbiyəsi, ziyalılığı  ona  həmişə    öz   dünyasında   , öz  yaradıcılığında   yaşamağa  və  özü  olmağa   dəstək  verirdi...Elə  öz  dünyası  olduğu üçün  də  Mahmudun  yaradıcılığı da  özü  kimi  səmimi  idi.

Düşünürəm ki, elimizin dəyərli  ziyalılarından  biri  kimi Mahmud  Qacarın da  xatirəsi  onu  tanıyan  və onu  oxuyan  hər  kəsin qəlbində  yaşayacaq. Bu   isə həm də onun özünün  bizim aramızda  olması  deməkdir! Ruhu  şad  olsun, Mahmud  Qacarın!