Arzu Əsəd : - Fazil bəyə atılan güllələr...

YAZARLAR, Gündəm 14:56 / 29.03.2023 Baxış sayı: 1630

Milət vəkilimiz güllələnib! Onun uzun illər mübarizə apardığı xarici kəşfiyyat orqanları tərəfindən nümayişkaranə şəkildə öldürülmək istəməsi ehtimalı böyükdür. Ona görə də xalqın müxtəlif təbəqələrindən etiraz səsləri yüksəlir, insanlar terrora lənət oxuyurlar. İnsanlarımızın hiss-həyəcanını ifadə edən yüksək etiraz səsləri çox mühümdür.

Bu səslər millətin sağlam düşüncə və emosiyasının səsləridir. Fazil bəyə atılan güllələr, burada çoxlarının dediyi kimi, Azərbaycan xalqına, Azərbaycan dövlətinə atılan güllələrdir.

Bizim düşmənlərimiz həm də bizim reaksiyamızı yoxlayırlar. Ona görə də Azərbaycan ziyalılarının reksiyası adekvat olmalıdır. Bizim düşmənə yönələn sözümüz bizə atılan güllələrdən daha sərt, daha ölümcül olmalıdır. Laqeydlik canlı ikən ölübsən deməkdir.

"Atılan toplara diksinməmək", bütün millətə xəbərdarlıq kimi canımızdan can seçib onu yaralayan güllələrə cavab verməmək bu millətin ziyalılarının meşşancasına inersiya və ölüm həzzi içində çürüməyindən xəbər verər. Düşmən bizi yoxlayır. Belə günlərdə iqtidar-müxalifət oyunu oynamazlar, dindar-ateist çəkişməsi aparmazlar.

Hacı Şahini çiynində son mənzilə yola salan izdiham Fazil Mustafanı yaralayanlara da eyni hiss və ddüşüncələrin ifadəsi kimi lənət oxumalıdır. Millətin gücü onun ruhundadır, özünüdərkindədir, ayıqlığındadır. Biz içərimizdə bir-birimizlə müxtəlif siyasi dünyagörüşləri uğrunda mübarizə apara bilərik.

Fazil bəylə şəxsi ədavəti, fərqli siyasi əqidələri olanlar ola bilər. Bunlar normal həyatın, normal daxili mübarizənin təzahürləridir. Amma xaricdən təhlükə olanda bütün varlığımızla bir-birimizin yanında olmalı, monolitləşməli, düşmənə var olduğumuzu, ayaqda olduğumuzu, terrorun, ölümün bizim ruhumuzu sarsıda bilməyəcəyini açıq səslə bildirməliyik!