Arzu Əsəd : - Ətrafımız od tutub yanır, lakin...
Ətrafımız od tutub yanır. Lakin feysbuk dostluğumdakı ətrafım bütün gün çox arsız bir soyuqqanlılıqla Paris olimpiadasında hansı ölkənin neçə medal qazandığından, hansı kitabı oxumaq tövsiyəsindən, saxta deputatlığa namizədin xalqla çay süfrəsi ətrafında problemlərin həlli vədindən və sair məsələlərdən yazır. İctimai şüur sanki narkozlaşıb, ağrı, həyəcan hiss etmir.
Hələ elə intellektual hesab edilən şəxslər var ki, ictimai-siyasi sahədə yazan qələm sahiblərinə ironiya edir, onları panika yaymaqda ittiham edir, az qala vətən, dövlət düşməninə çevirmək cəhdləri edirlər. Xalqı, kütlələri siyasi düşüncədən məhrum etmək onu ölümə məhkum etmək deməkdir.
Şimal qonşumuz - dünyanın sonuncu böyük imperiyası bunu etdi və acı nəticəsini görür. Siyasətsizləşdirilən xalq sosiallığını, həmrəyliyini, birliyini itirdi. Bu gün də ərazilərini itirir. Bir gecə bir neçə yüz silahlı onun böyük bir vilayətinə daxil olur və oranı işğal edir. O boyda böyük ölkə şaşqınlıq içindədir. Hamı bir nəfərdən kömək istəyir. İdeologiya yox, siyasi şüur yox, sosial ədalət yox, əsasında müasir cəmiyyətlərin qurulduğu demokratiya yox, yox oğlu yox. Bir Duqinləri var. O da tarixin çöplüyündən çıxardığı xristian pravoslav məzhəbçilik ideyasını modern qərb fəlsəfəsindən çırpışdırıb improvizə etdiyi milli loqos və sivilizasiyaların müxtəlifliyi ideyasının qarışığından yeni ideologiya yaratmaq cəhdləri edir. Lakin tarix yalan və yamaq götürmür. Onun hər dövrə uyğun müasir tələbləri var. Ya o tələblərə cavab verib sağ qalacaqsan, inkişaf edəcəksən, ya da müxtəlif yalan manevrlərlə özün özünü məhvə məhkum edəcəksən.
Azərbaycan intiligensiyası öz tarixi rolunu başa düşməlidir. Lağlağının, ironiyanın, laübalılığın, səfeh yaltaqlığın, məişət xırdaçılığına yuvarlanmağın yeri və zamanı qurtarıb. 44 günlük zəfərimizi yalnız xalq və iqtidarın həqiqi həmrəyliyi, ölkədə sosial ədalətin, demokratik təsisatların bərpası, kütlələrin siyasi şüurunun yüksəldilməsi ilə, tarixin çağırışlarına imitasiya və yalanla deyil, həqiqi, adekvat cavablarımızla qoruyub saxlaya və inkişaf edə bilərik.
Zaman daralır və bunun yeganə əlacı tarixin tələblərinə həqiqi əməli cavablarla təfəkkürün genişləndirilməsidir. Azərbaycan ordusunu səfərbər edib, onun və xalqın həqiqi gücünə arxalanan və beləliklə də, nəyi, necə, nə vaxt edəcəyini bilən rəhbərimiz bu gün də ətrafındakı xalqdan uzaq, şitillikdə yetişdirilmiş əyan-əşrəfi kənarlaşdırıb, bu xalqın intellektual potensialını toplayıb, ona arxayın olub daxili siyasətdə sosial ədalət və demokratiya cəbhələrində də bu xalqa həqiqi zəfər qazandırmalıdır. Azərbaycan intellektualı hansı vasitələrlə olur olsun, lap canı, malı bahasına da olsa öz dövlətinin rəhbərinə, bütün ictimai şüura tarixin bu tələblərini çatdırmaqdan çəkinməməlidir. Arxada vətəndir! Bu son dərəcə qarışıq zamanda xalqın bütün maddi və mənəvi potensialını bir araya yığıb lazımi hədəflərə yönəldə bilmədiyimiz təqdirdə itirə biləcəyimiz vətən!