Aida Adıgözəl : - Soruşma halımı indi necəyəm?

Ədəbiyyat 08:22 / 11.03.2025 Baxış sayı: 1549

Hərdən bura girəndə ana lentdəki fb arkadaşlarımın paylaşımlarına baxıram necə gözəl həvəslə aktivcəsinə dayanmadan paylaşımlar edirlər. Deyirəm öz-özümə ki, bir vaxt mən də belə həvəsli, pozitiv, aktiv idim. İndi heç maraqlı, çəkici deyil buralar mənə. Beynim tamamilə başqa tərəfdə mərkəzləşib. Nəyə tələsirəm niyə tələsirəm bilmirəm. Amma hey yoldaşımı düşünürəm, onunçun darıxıram, keşkə yuxu olsun, oyanıb görüm sağdı, ona necə sarılıb doyunca ağlamaq istəyirəm...

Hər Bakıya gedəndə qəbrinə gedib başımı baş daşına söykəyib o qədər söhbətləşib gileylənirəm ki! Bəlkə gecə də orda qalsam qorxmaram, elə bilirəm məzarında belə məni qorumağı bacaracaq. O qədər hüzur tapıram ki orda... çox duyğusal, gözü sulu, kövrək olmuşam son vaxtlar.

Soruşma halımı indi necəyəm?

Sən vurub qıralı...

sayını unutdum, indi neçəyəm!

Bəlkə də axtarsan viranə qalmış,

dağılmış şəhərdə

yazıq, kimsəsiz,

uçulmuş xaraba, yetim küçəyəm...

Bir az ağrıyıram üstünə sağlıq,

sayəndə ürəyim sözümə baxmır.

Hətta əllərim də inciyib məndən,

özümə etdiyim yanlışlarımı

üzümə vurmağa əlləri qalxmır!

Hər şey əvvəlki tək,

qoyduğun kimi,

pişik xumarlanır soba böyründə,

hamı sappasağdır durur yerində.

Təkcə mənəm ölən balası üstə,

yas tutub ağlayan yazıq anatək,

təkcə mənəm ölən ayağı üstə...

Necə gözləyirəm gecə tez düşə,

qaçıb xatirəmin qoynuna girim,

yenə əllərimdə qara corabın

savaşa-boğuşa sənə geydirim.

Üstünü axtarım, bəlkə tük olar,

yenə didişməyə bəhanəm olar.

Yenə yaxınlaşır bayram günləri,

yanımda nə qədər adam da olsa

içimdə tənhayam, yetim uşaqtək.

Boynumu bükmüşəm üzü şəhərə,

boylanıb baxıram işığı sönmüş,

sonuncu satdığın evimiz olan,

indi başqaları gülüb gəzişən

mənsiz qəribsəyən həmin küçəyə.

Deyingən olmuşam qoca qarı tək,

hər şeyə söylənib söz eyləyirəm.

Bütün gün oturub soba başında

gözümü qapıya köz eyləyirəm.

Düşünüb düşünüb hey söylənirəm:

"bütün sevdiklərim məni tərk etdi,

bütün gedənlərim sevərək getdi"...