Ağamir Cavad : - YAZGİNƏN

Ədəbiyyat 11:25 / 17.02.2025 Baxış sayı: 1539

 

Şair Ziya Dilsuza

Məhəbbətlə əlinə al qələmi,

Sehrinə düş sözün, şeirin, yazginən.

Sözlərinlə heyrətdə qoy aləmi,

Bir ilahi eşqə bürün, yazginən.

 

Qəlbinə qəm ələməsin kor fələk,

Arzuların eşqlə açsın qoy çiçək.

Əxlaqınla sözlərinə qüsul çək,

Təmizlənsin pasın, kirin, yazginən.

 

Bir səsdə öt, ötmə ayrı avazda,

Bərkiginən günəş altda, ayazda.

Nə işin var sənin lilli dayazda,

Dərində üz, bir az dərin yazginən.

 

Hər gözələ baxıb düşmə heyrətə,

Meyl salma çox da eyş-işrətə.

Yazmaq üçün çəkilginən xəlvətə,

Bilinməsin göyün, yerin, yazginən.

 

Bəzən isti istəyinə buz da qat,

Üzün üstə həya adlı üz də qat.

Sözlərinə şəkər də qat, duz da qat,

Bir az acı, bir az şirin yazginən.

 

Şair gərək eşqi ilə dil açsın,

Söz söyləsin, üfiqlərə yol açsın.

Əməllərin çiçək açsın, gül açsın,

Qoy görünsün xeyrin, şərin, yazginən.

 

Hikmətinlə əkib-becər söz bağı,

Düşməninə olacaqdır göz dağı.

Qələminlə şumla vərəq-torpağı,

Yer sulasın alın tərin, yazginən.

 

Dərd çəkməyə demə dostun yoxundur,

Tanrı sənə ürəyindən yaxındır.

Uzaq gəzmə, el dərdinə yaxın dur,

Vətəninin dərdi-sərin yazginən.

 

Haqq odunda əriyərsə qəlb yağın,

Keçəcəksən maneəsin hər dağın.

Ucada tut məhəbbətin saflığın,

Qanad açsın ilham pərin, yazginən.

 

Dərdini duy doğmanın da, yadın da,

Hikmət axtar hər nəsnənin adında.

Nəbzini tut şaxtanın da, odun da,

İsti-isti, sərin-sərin yazginən.

\

Haqq yolundan uzaq düşsən Allahın,

Yerə sığmaz, göyə sığmaz günahın.

Qələm olsun ən kəsərli silahın,

Qələmdədir zorun, zərin, yazginən

8-9 fevral 2025-ci il