ADPU-nun professoru  Minaxanım Təkləli  yazır : -Türkün ayaq izi pozulmaz:  Yandaş şəhəri  indi İrkutsk

Maraqli 15:55 / 24.03.2023 Baxış sayı: 2406

 

Müasir İrkutsk şəhəri; Şərqi Sibirdə yerləşir. İrkut çayı boyunca uzanan böyük ərazilərdə Sibirin hakimi Yandaş Darağanın torpaqları uzanıb gedirdi. Elə burada İrkut çayının Ankaraya töküldüyü yerdə onun öz adıyla  Yandaş adlanan kəndi yerləşirdi. Sibir türkləri yandaş sözünü "ortaq, tərəfdaş, yoldaş" mənasında işlədirlər. Darağa isə əski şəkli "daruğa, darğa" yəni vilayət və şəhər hakimi, rəisi titulunu ifadə edirdi, nəhayət əhatə dairəsi kicilməklə bazar nəzarətçisi, polis məmuru mənasına qədər dəyişmişdir. Ruslar 1630-cu ildə bu əraziyə - Ankaranın orta axarlarına  ayaq basmışdılar, həmən kəndin yerləşdiyi ərazinin üstün cəhətlərini və Baykal gölünə yaxınlığını dərhal qiymətləndirdilər və burada rus hərb qalasının salınması qərarlaşdırıldı. "Bu gün 1661-ci ilin iyulun 6-da İrkut çayının üstündə qala tikirəm" – deyə rus qulluq adamı Yakov Poxabov Yeniseydəki idarəçiyə məlumat verirdi (2,18).  Lakin tatar kəndi Yandaş Darağa ərazisində İrkutsk şəhəri salınması ilə bağlı 1661-ci il tarixi nisbi qəbul edilməlidir.  Çünki məlum olur ki, yasak toplayan kazaklar üçün burada daha əvvəldən baraklar tikilmişdi.

 Yandaş kəndində bu kiçik rus hərbi qalasının tikilməsi ilə  gələcək İrkutskun əsası qoyuldu. Bu vaxtacan Yandaş adlanan qala 1669-cu ildən İrkut çayının adı ilə İrkutsk şəklində işlənməyə başlayır. Sibir xanlığının ləğv edilib Rusiya idarəsinə keçməsindən 100 il ötürdü, nəhayət I Pyotrun hakimiyyətə keçməsiylə (1686) Sibirin əməli işğalına girişilir. Həmin ildə də onun şəhər statusu təsdiq olundu. 1697-ci ildə Pyotrun sərəncamı ilə İrkutska 500 rus ailəsi köçürülüb göndərildi. İstilaçıların yerli xalqla münasibəti qəddarlıq və soyğunçuluğa əsaslanırdı; Rusların bura köçürülməsiylə vəziyyət daha da gərginləşirdi, artıq rus məmurlarının, xüsusən Kızıl Yarda yerləşmiş kazaklarının zülmündən саnа doyan yerli tatarlar, buryatlar “Munqal çölləri’nə (Monqolların ərazilərinə) qaçmağa başlamışdılar.  

İrkutsk böyük ticarət yollarının üstündə qərar tutmuşdur; əhəmiyyətini hələ də itirməyən bu böyük, qədim yol Asiyanı Uraldan Böyük Okeanadək kəsib keçir.

Çarizmin ağır boyunduruğa çevrilən müstəmləkəçilik siyasəti Sibirdə geniş vüsət almışdı. İrkutskun zəbtindən sonra (tezliklə o, inzibati mərkəzə çevrilir) Lena çayının yuxarıları Balaqan, İdi qalaları, daha sonralar Yuxarı İdin, Kaban, İlim, Selenqa qalaları ona tabe oldu. Beləliklə, geniş İrkutsk qəzası yarandı.

1792-ci ildə II Yekaterina İrkutsk şəhərinin baş planını təsdiq etdi. İrkutskın tarixinə həsr edilmiş köhnə albomların birində rəsm olduğu kimi Uşak çayı sahilində yerli müsəlmanların məscidi vardır. Yüzilliklər boyunca ruslaşdırılma nəticəsində yer adları dəyişilsə də İrkutska bağlı müəyyən qədər saxlanılan Kaştak, Burdak, Elan, Karluk, Butır, Mamon, Sayqut, Taytura, Uruk, Baley, Baruy kimi  türk coğrafi adları bu torpaqların əsl mənzərəsini canlandırmağa yetir.

Çarizmin istilaçılıq xəttində zəbt olunan yerlərdə qədim adlara biganəlik, onları əlüstü dəyişdirmək ənənəsi vardı. Xüsusən çayın adı ilə üzərindəki yaşayış məntəqəsinin adını eyniləşdirmək adəti qanunauyğun hala çevrildi. Bu əməliyyat vasitəsilə "yad" adları asanlaşdırmaq məqsədi gözlənilirdi. Hər nə isə, nəticədə tarixin mühüm bir səhifəsi yoxa çıxırdı.

 

1-şəkildə İrkutskda Ticarət mərkəzi.

2-ci şəkildə: İrkutskda Sibir türkləri sənət örnəklərini mühafizə edən əski ev

3-cü şəkildə: İrkutskda tarixi ev

4-cü şəkildə: İrkutskda əski məscid