Adilə Nəzər : - APREL YAĞIŞLARI

Bir ümid tarlam var –
bütün çətinliklərə səbrli,
vurana əlsiz,
söyənə dilsiz,
haqsızlığa susqun,
diz üstə oturub
açıb əllərimi,
gözlərimlə EŞQ toxumları əkirəm…
Daşlıqda xam torpaqdakından
daha gözəl göyərəcək, bilirəm… –
tam da yağmağa başlayıb
aprel yağışları...
***
Deyirlər, molykusun içinə düşərsə inci,
ilanın ağzına düşərsə zəhər olur
aprel yağışları...
Demək ki, bir damcısı bir canlını öz mahiyyətinə çevirə bilir.
Günortadır, üzümü tuturam
Sevgi kimi gözlənilmədən gələn
aprel yağışlarına...
Yarparlar titrəkdir, sərçələr ürkək...
Qəlbimdə hərarət,
əynimdə
yağışdan köynək...
***
Nə gözəldir islanmaq aprel yağışlarında …
Nə gözəldir isinmək
baxışlarında…
Yağdıqca aprel yağışları,
gizlədə bilirəm yaşları…
Bilirsən, ustayam duyğuları gizləməkdə.
Görməsin heç kim,
amma sən
bil, qəlbimdə olduğunu…
Günəş necə gizlənibsə buludlarda,
mən də bürünmüşam şeirlərə…
təbiət kimi tərtəmiz,
təptəzədir ruhum.
***
…və “beş”lər…
Həyatımda dönüm nöqtələri oldular.
Az qaldı,
İyirmi beşinci ilin beşinci ayı gəlir.
Hazır iki beşi qoşalamışkən,
aprel yağışları da başlamışkən,
uzaqlaşma...
düş yanğın kimi ürəyimə –
açılsın qəlbin
qönçə çiçəklər kimi…
***
Ah!
Aprel yağışları,
Sevincini göstərir budaqların alqışları…
Sevgisini göstərir nazlı yasəmənin yırğanışları…
Başlayıb arıların nektar axtarışları,
evimin qışdan qalma yır-yığışları…
Hər şey bir yana,
suya həsrət yerlərə çatırsan..
islatdıqca üzümü
mənə şeir pıçıldayırsan,
aprel yağışları!
16.04.2025