38 YAŞIMA ÖN SÖZ - yazdı Bəhruz Niftəliyev

Ədəbiyyat 09:06 / 01.05.2025 Baxış sayı: 1562

 

Dərd mənimdi, sər mənimdi bir qalaq,

İzin verməm gözllərində yaş qala.

Üzülmə sən bir meh idim ötəri,

Axı kiməm öləm, yerim boş qala.

 

Bir Qaladı, bir bəladı düçaram,

Divarımı öz əlimlə uçuram.

Yarımadım, yorulmadım bəxtimdən,

Mən də belə bir adamam, naçaram!

 

Bütün gedib rahatlığım, dincliyim

Tanrıya da yetənmirəm, inciyim.

Ruhum qalın kitab kimi, vərəqlə,

Görəcəksən saralıbdır içliyim.

 

Gedəcəyəm, qarşı durma sən Allah,

Yolum bəlli, qarışdırma sən Allah.

Sonuncu gün köynəyimi ütülə,

Alnım kimi qırışdırma, sən Allah!

 

Nəfəs deyil, həvəs idim gedəri?

Ruh da yorğun qalmayımdı təhəri.

Çarmıxa çək, ya çaparın olum mən,

Bu çarxıdı, bu şeytanın təkəri.

 

Dərd mənimdi, sər mənimdi bir qalaq,

İzin verməm gözllərində yaş qala.

Üzülmə sən bir meh idim ötəri,

Axı kiməm öləm, yerim boş qala.

01.05.2025