Adil Şirin : - LAÇIN MƏNZƏRƏLƏRİ

Yaddaşımda çox uzaq,
Uzaq bir mənzərə var.
Qaya üstündə əlik,
Buynuzunda buludlar.
Dağlara bahar gəlib,
Bahar gəlib dağlara.
Əliklər ürkək-ürkək
Enərlər bulaqlara.
Qaranquş yuva qurar
Evlərin eyvanında.
Qəfil bir yağış yağar,
Bahar axşamlarinda.
Dağılar birdən birə
Buludların halayı.
Nazlı-nazlı axardı
Dərələrdə dağ çayı.
Səhərlər dağ bülbülu,
Ötərdi dağ kolunda.
Uzaqda bir ağ atlı
Görünər dağ yolunda.