Sevinc Yunuslu : - Bu sizə şöhrət gətirməz!

YAZARLAR 15:34 / 17.10.2024 Baxış sayı: 466

Dünəndən bu haqda yazmaq istəyirəm.Dünəndən min sual ünvanlamışam özümə..

Xatırlayanlar xatırlayar, bizim təxminən 2012-2015-ci illərdə bir ədəbi mühitimiz var idi gənclərdən ibarət Şahinə Könül, Ruslan Dost Ali, İntiqam Yaşar, Gülnar Səma, Elməddin Nicat , Vəfa Mürsəlqızı , Shahane Müşfiq , Taleh Mansur və s istedadlı gənclərdən ibarət..Bu qrupu məqsədli olaraq o dövrdə dağıtdılar..Xatırlayıram, amma ad çəkməyəcəm, bizdən xahiş edirdi qəzet və jurnal redaktorları ki, şeir göndərək, yayımlasınlar..

Dünəndən düşünürəm..Həmin dostlarımız indi də ciddi ədəbiyyat adamlarıdır, imzaları hər yerdə tanınır..Şeirləri sevilir.Şəxsən mənə bu adlarını çəkdiyim və çəkmədiyim imzaların hansından sual versəniz ən azı bir şeirini əzbər deyə və ya yaza bilərəm...Bu gün də var çox gözəl şeir və ya nəsr yazan yaşıdımız, gənc imzalarımız, adam qürur duyur, Mənsur Həsənzadə, Arzu Hüseyn, Xəyalə Sevil, Ulker Nicatlı, Aygün Cəfərova, Yetim Qacar, çoxdurlar..

Emil Rasimoğlu , illərdir tanıyırıq bir- birimizi Yaradıcılıq fakültəsi illərindən.10-ildən çoxdur.Amma mən dünəndən sizin bir misranızı da xatırlaya bilmirəm..Xatırlayıram ki, gəlirdiniz, gedirdiniz, qrup halında görüşürdük filan amma o dövrdə də siz heç o mühitin, bizim ədəbi gənclər mühitimizin içində yox idiniz, heç indi də yoxsunuz..Bir sözlə heç bir dövrdə var ola bilmədiniz, təəssüf ki! Varsınızsa hansı şeirinizlə varsınız? Paylaşın müqahisə edək Məmməd İsmayılla..Nə deyirəm ki, bəlkə var mən bilmirəm, unutmuşam..Bu yoxluğu Məmməd İsmayıl, Səməd Vurğun, Məmməd İlqar kimi boyunuzdan qat-qat böyük adamlarla var etməyə niyə çalışırsınız?

İNSAN ÖZ SÖZÜ İLƏ VAR OLAR!

Keçən illərin birində də yazıçı Anarla var etməyə çalışdınız! Bu natamamlıq kompleksi nədir?! Bu kompleks Musa Yaqubla, Ramiz Rövşənlə, Məmməd İsmayılla müalicə olunmaz! Dünəndən “tənqidinizi” 3 dəfə oxumuşam. O heç ədəbi tənqid də deyil! Tənqidçi olmaq istəyirsinizsə bir az öyrənin bu işi, Rüstəm Kamaldan, Əsəd Cahangirdən, Vaqif Yusiflidən..Ayıb deyil ki! Məmməd İsmayıldan “tənqid” yazırsınız nə bir misra şeiri var yazınızda nə bir bəndi. Ancaq mənasız və dəxlisiz terminlər düzübsünüz..

Məqsədiniz bəllidir hamıya, özünüzü yoxdan var etmək! Məmməd İsmayıl hədəfinizi də anlayıram..Dəryaya baş vurmaq!..Amma bu sizə şöhrət gətirməz! Məmməd İsmayılın şeirlərində, poemalarında doğulmazsınız, boğularsınız! Siz olmayın kim olsa boğular! Məmməd İsmayılın bu günə qədər bir imza kimi nəinki yaradıcılığı, Xarakteri boğub çoxlarını!..Yazımı Məmməd İsmayılın öz şeiri ilə bitirirəm..Allah can sağlığı versin, XOCAM!

Dünya da gözəldi...Ömür də gözəl,

Sinəni göynədən eşq sarı simdi.

Arxadan gözünü bağlayan bir əl

Hərdən soruşardı: tap görüm kimdi...

Ad sayıb çəkdiyin çilələr hədər

Tapmadın! Boynunda babalı qaldı.

Çəkilib getmədi üzündən əllər

O vaxtdan gözləri qapalı qaldın...

Vaxtı da unudar baxtı unudan,

Baxdı oyaq qalan yatmaya bilər.

Hardan biləsiydin gözünü tutan,

Axırda sözünü tutmaya bilər...

İnsanı azdıran insan ağlıdı,

Nədən qaçılsa da, bəxtdən qaçılmaz.

Hər şeyin bir yerə başı bağlıdı

Dərddən bu dünyanın başı açılmaz...

Gələcək ölümmüş illərin ardı

Sirr dedin, sirrin də yeri bilindi.

Qolun bağlı olsa, kimsə açardı,

Bağlı gözlərini kim açsın indi?!

Qışın çiləsindən üzü yazaydın,

Nəydi uduzduğun, udduğun onda.

Əlinə keçmişdi...buraxmasaydın,

Bəxtin qollarıymış tutduğun onda...

Nağıl quyusunun görünməz dibi

Kəsilən kəndiri ölüm-itimdi.

Axırda, nə əl var, nə əl sahibi

Nədə ki üç kəlmə: – Tap görüm kimdi!

Ümid – korun-korun sönəcək ocaq,

İçində səssizcə inləyən uddu...

Bağlayan bağladı gözünü, ancaq

Qayıdıb açmağı çoxdan unutdu..

Gör harda fürsəti verdin əlindən

Gözünü bağlayan korun bəxtimi?

Sən xoşbəxt olmadın dərdin əlində,

Bax sənə dərd verən dərd, xoşbəxtdimi?

Bir 1 nəfər şəkili ola bilər