Ələsgər ƏLİOĞLU : - QARA YAĞIŞ

Ədəbiyyat 12:30 / 17.10.2024 Baxış sayı: 442

 

 

Odla ki, oynayır bu qədər məmləkətlər,

Tüstülər qıvrıla-qıvrıla üzü göyə qalxar.

Xəritəyə düşməyən

İrili-xırdalı tüstü çayları,

Üzü yuxarı axar...

Axar bu tüstü çayları

Xəritəyə düşməyən

Nəhəng Tüstü okeanına...

Hopar bir ucdan

Yerə bərəkət gətirən

Buludların canına...

Buludlar da nəfəs alar

Ağır-ağır...

Hələ sinoptiklər bir yana,

Heç yağışların özləri də bilməz

Hara düşür,

Hara yağır...

Yağar qara yağışlar,

Qara günə qoyar təbiəti...

Əsrimiz qalar

Bu dünyaya yas tuta-tuta...

Qara yağışdan

Yer dönər özü boyda bir qara tabuta...

Olmaz üstündə bir ağlayanı da,

Bir saç yolanı da!..

Tapılmaz

Bir matəm marşı çalanı da!..

16.10.2024