Sevinc Qərib : - Mən sükutam...

Ədəbiyyat 12:01 / 17.10.2024 Baxış sayı: 406

***

Mən sükutam...

zülmətlərin köksünü yaran

işıq kimi dələrəm qulaqlarını,

səs olaram, ün olaram

yorğun beyninin fikirlə

qalaqlanmış dar küçələrində.

Xəyal görünər gözünə...

Tanrının təbəssümünü

geyinmiş qadın ulduz gözlərini

baxışlarına yar edər,

öpüşər nəm kirpiklərin

xoşbəxtliyin rəsmiylə.

boşluğa yuvarlanan ruhuna

işıq düşər,

qoparsan qaranlığın qollarından..,

ağrı köynəyini soyunar bədənin.

Göyün bulud saçlarından

bir tel düşər yanağına,

əllərimi axtararsan,..

həsrətinə asi düşən

ürəyin atlanar

üz çevirdiyin uzaqlara...