Sevinc Qəribin ŞEİRLƏRİ

Cəhənnəmdi hər səhər yoxluğunla oyanmaq,
əllərini arayıb boşa çıxmaq zülümdü.
Bu kədərlə nə etsəm, olmur "diri" dayanmaq,
bu ayrılıq deyil ki, bu bildiyin ölümdü...
Yolları yadırğayan izə dönüb gözlərim,
çəkilib uzaqlara su səpir yanağıma.
Elə taqətdən düşüb qollarınsız dizlərim,
cavab verə bilmirəm özümün qınağıma.
Qorxuram son nəfəsdə adını sayıqlayam,
diksinib xatirələr dualara qarışa.
Yalanları adlayıb, gerçəyi ayaqlayam,
əcəlin barmaqları xəyalınla yarışa.
Yaddaşına sığal çək, gözləyənin var burda,
ruhum əsir üstünə, duymursanmı, sevdiyim?
Qubarında boğulan bu ürək qalıb darda,
sən ey ilahi adam, sən ey evim dediyim!..
● ☆ ☆ ☆
Hələ yağışlardan səs-soraq yoxdu,
Hələ toz uduruq quru havadan.
Hələ dalğalar da öz rəngindədi,
Qayalar sağ çıxır sulu davadan.
Hələ meh darayır güllərin telin,
Hələ küləklərin boyu gödəkdi.
Günəş geniş açıb pay verən əlin,
Hələ şəfəqlər də dolu yedəkdi.
Hələ ürəyimin yanğısı sönük,
Hələ qollarımda sızlamır ağrı.
Hələ dərd verməyir bir üzüdönük,
Hələ öz eşqinə yuvadı bağrım.
Hələ düz yeriyir ayaqlarım da,
Hələ əsalara bağlıdı yollar.
Durur kürəyimdə dayaqlarım da,
Hələ qucaqlayır məni o qollar.
Özümü görürəm hələ güzgüdə,
Hələ əllərimin sahibi mənəm.
Hələ ögeyləşmir ruhum özgədə,
Hələ vətəniməm, hələ ölkəməm.
● ☆ ☆ ☆
Ölsəb bağışla, sevdiyim,
Düşdüm dərdin yuvasına.
Yenə ağrıya "kefdəyəm",
Uçuram həb havasına.
Güclüdü dərdin qolları,
Çıxammıram ağuşundan.
Yordum diklənən yolları,
Endim ömrün yoxuşundan.
Ağrıyır saçımın dəni,
Boş ovcumda qış qoxusu.
Ötürüb vaxtı-vədəni,
Gəlir ömrümün yuxusu.
Yolları dincə qoymuşam,
Çəkmələrim ayaqsızdı.
Dərdin üzünü soymuşam,
Yaralarım boyaqsızdı.
Dabanlarım həsrət çəkir,
Bir ovuc torpaq üzünə.
Baxışlarım ümid əkir
Uzaqların qəm düzünə.
Can üstəyəm ölmürəm ki,
İnadım var "qara yelə".
"Razılığa" gəlmirəm ki,
Can borcum var əsir elə.
● ☆ ☆ ☆
Bəzən tanımıram heç özümü də,
Ruhuma yad gəlir, hissim, həvəsim.
Hərdən qınayıram bu dözümü də,
Sıxdıqca köksümü ölüm nəfəsi.
Əynim iztirabın təzə donunda,
Kipriyim yuyunur köhnə yağışda.
Bəlkə də işıq var yolun sonunda,
Sönür ümidlərim yanlış naxışda.
Kimsə əl uzadır duama sarı,
Göy üzü doludu qırıq diləklə.
Bəxtim cadar üzlü zavallı qarı,
Özüm hələ körpə qızam bələkdə.
Biçənək kimidi arzumun üzü,
Bir-iki dən düşüb ümid yerinə.
Təsəlli seçmişəm könlümə sözü,
Ömür də sığınıb Tanrı şeirinə.
● ☆ ☆ ☆
Yenə yollar görünür sən olmayan şəhərə,
Əllərinin həsrətin şaxtada dondururam.
Gözümdəki buludu yem edirəm qəhərə,
Bu sərçə ürəyimi ovcuma qondururam.
Dualar göndərirəm sevginin Allahına,
Ayrılığın ömrünü bir az gödək eləsin.
Qaranlığa əsirdi hər günüm, vallah, inan,
Az qalır ki, öz əlim özümü kötəkləsin.
Aydınlığa çıxaram zülməti pusa bilsəm,
Gəncliyinə susayıb qocaltdığım o qız da.
Yaşayardım bəlkə də içimdə susa bilsəm,
Demədiyim nəsnələr boylanır ağ kağızdan.
Gedirəm könlüyalın, ruhum hicran təlaşlı,
Qorxuları yenməyə tab gəzirəm özümdə.
Hardan əsdi bu külək, ömrüm qəmə bulaşdı,
Gün darayan bəxtimidərd gətirdi gözümdən.
Ağ bayraq qaldırmağa ruhumdan ar efirəm,
Adıma bürünmüşəm, əyilmərəm kədərə.
Kif basmış arzuları əlçim-əlçim didirəm,
Yeni ümid əyirib don hörürəm qədərə.