Ayaz Arabaçı : - Yazdım...

Ədəbiyyat 16:27 / 19.05.2025 Baxış sayı: 1087

 

Hərislik əzəldən ruhuma yaddı,

Nə yüzü bəzədim,nə mini yazdım.

Ömür yaşadıqca könlümə yatdı,

Zilini oxudum,bəmini yazdım..

 

Can dedi arılar dili şirəli,

Onum geriyədi,beşim irəli..

Gözləri yol çəkən bənövşələri,

Bir də o saralmış zəmini yazdım.

 

Qəlbimə yağdırdım yağışlarımı,

Gizlədim hamıdan baxışlarımı,

İçində üzdüyüm göz yaşlarımı-

İçində batdığım gəmini yazdım..

 

Kefim yalandan çağ eləmədim,

Bircə misramda da ağ eləmədim,

Heç nəyi böyüdüb dağ eləmədim,

Nəyin ki,olmuşdum əmini,yazdım..

 

Bu haqqın zatında çox qarışıq var..

Üzülmə hər sonda bir barışıq var..

Həyatda nə qədər rəng var,işıq var,

Bir yerə toplayıb cəmini yazdım..

 

Dilim axsamadı bircə kərə də..

Özümü bir azca tapdım hərədə.

Mövzu axtarmadım dağda-dərədə..

Oturub könlümün qəmini yazdım..