Adil ŞİRİN -Qürbətə bənzəyir sənsiz bu şəhər,

Ədəbiyyat 16:35 / 19.05.2025 Baxış sayı: 1209

 

Qürbətə bənzəyir sənsiz bu şəhər,

Xatirə yağışı yağır axşamlar.

Qürbət dənizdir lacivərd Xəzər,

Yağış ürəyimə axır axşamlar.

 

Yağış ürəyimə axır axşamlar,

Dəli-divanədir sahil küləyi.

Mənim ürəyimdə şeir yuvası,

Mənim ürəyimdə ümid çiçəyi.

 

Mənim ürəyimdə ümid çiçəyi,

Süslənir xatirə yağışlarında.

Yazdığım şeirlər, dediyim sözlər

İslanır xatirə yağışlarında.

 

İslanır xatirə yagışlarinda,

Könlümün həmdəmi cökə ağacı.

Yağış damlaları axır üzumdən,

Yağış damlaları bu axşam acı...