Şakir Xanhüseyn : - BİR AZ DA İŞIQDAN

bir az da işıqdan danış, nə olar,
gecəyə ələnsin işıqlı sözlər...
ulduzlar göz vurur biri-birinə,
ay isə həmişə bizdən sirr gizlər...
bir az da işıqdan danış, nə olar,
bir üz qoymamış ki, qaranlıq-andır...
dilini iti tut, əlini yeyin,
işıqlar sönəndə bir sözü yandır...
nur gəlsin üzünə,
elə gülümsə,
ümid ürəyimdə bir işartıdır...
bəlkə bir duyğuya köklənməliyik;
dünyada sevgiylə işıq artıbdı...
bir az da işıqla sevinək, gülək,
gül əkək, bilək ki, işimiz haqdı...
kölgə sal, qoy işıq düşsün üstümə,
işığın üstündən keçmək, günahdı...
2025