İSMAYIL İMANZADƏ : - ÖVLADINIZ YARIYANLARDAN OLSUN, RÜSTƏM KAMAL

Gündəm 20:51 / 19.10.2024 Baxış sayı: 1925

 

Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan filologiya elmləri doktoru, məşhur ədəbiyyatşünas alim kimi səsi-sorağı ölkəmizin hüdudlarından çox-çox uzaqlara da gedib çatan Rüstəm Kamalın haqqında uzun-uzadı bəhs etməyə ehtiyac yoxdur. İllər öncəsi BDU-nun Şəki filialında, sonra Mingəçevirdəki özəl ali məktəbdə dekan, keçmiş Mİngəçevir Politexnik İnstitunda (indiki MDU) kafedra müdri vəzifələrində işləyən, minlərlə gənc tələbənin, professor-müəllim heyətlərinin sevimlisi olan bu fenomen şəxs, bir çoxları kimi mənim də istəkli-əziz dostum, yazar həmkarımdır. AYB-nin Mingəçevir bölməsində düzənlənən tədbirlərin həyata keçirilməsində Rüstəm müəllimin əvəzsiz rolu olub. Paytaxt Bakıya köçüb gedəndən sonra elmi fəaliyyətini bir sıra ali məktəblərdə davam etdirməklə yanaşı, elmi-nəzəri və publisistik yazılarıyla oxuculara unudulmaz anlar bəxş edib, ədəbi aləmdə ilk addımlarını atan gənc yazarlardan nəsihətlərini əsirgəməyib, nəşr edilən xeyli sayda kitabın, (o cümlədən mənim də iki kitabımın) ön söz müəllifidir. Rüstəm Kamalın yazılarının altında imzası olmsaydı belə, onun yazı üslubunu asanlıqla tanımaq olur. Ən başlıcası isə, Rüstəm Kamal dəyərli alim olmaqla yanaşı, sədaqətli dost, iki övlad atası, istəkli ailə başçısıdır...

Dünən axşam (18.10.20124) paytaxt Bakıdakı “Xarıbülbül” Şadlıq Sarayında sevimli alim dostumuzun qızının toyunda iştirak edənlərin arasında olduğumçün bu əlamətdar hadisəni həyatımın ən yaddaqalan günlərindən biri hesab etməkdə haqlıyam. Bu sözlü-nəğməli toy mərasimində görkəmli elm adamlarının, tanınmış yazıçı və şairlərin iştirak etməsi, Rüstəm müəllimin şəxsiyyətinə yönəlik ehtiram hissinin ən bariz nümunəsi idi...

Sonda bir daha: “Qız balanız xoşbəxtlərin xoşbəxti olsun, əziz qardaşım”,- deyir, sizə, ailə üzvlərinizə, yaxın qohumlarınıza, istəkli-əziz dost-tanışlarınıza gözaydınlığı verirəm, Allah mübarək eləsin!

 

18-19 oktyabr, Mingəçevir-Bakı-Mingəçevir