İdris Babayev : - ZAYI SİLİNMİR.

Gecə çiçək açan xəyallarımı,
Səhərin şaxtası, ayazı vurdu.
Yüz il yaşasaydım mən yorulmazdım,
Məni sənsizliyin avazı yordu.
Sənsiz yaşamadım, amma qocaldım,
Dərdin qucağında mən yata-yata.
Nə əlvida dedin, nə sağollaşdın,
Ayrıldın dərdimə qəm qata -qata.
Nə həsrət utandı, nə hicran bezdi,
Birləşib çəkdilər sınağa məni.
Qazdılar qəbrimi dərdin altında,
Bükdülər ölməmiş düm ağa məni.
Fələk də bir yandan durdu qəsdinə,
Sevinci əlimdən alıb gizlətdi.
Elimdən, obamdan didərgin salıb,
Mənimçün şəhəri Vətən düzəltdi.
İllər quşa dönüb uçur qanadsız.
Həftəsi bilinmir, ayı bilinmir.
Möhürə çox sürtdüm alın yazımı,
Yaxşısı silindi, zayı silinmir.
13.04.2025.