Əlizadə Nuri : - Hamı sol yanını sağ istəyirmiş...

Sevinc əkiləndə mən də varıydım,
Yada salmadılar biçində, qadın.
Tanrı bir "bağlama" göndərib mənə-
Heyif, adın yoxdu içində, qadın.
Sən hara çəkildin?- sən çəkiləndən,
Bir gün də nəşəm yox, min gün ahım var.
Mən sənə min dəfə " bağışla" dedim
Sən elə bildin ki, min günahım var.
Bəlkə də bu dünya sənsiz başlayıb,
Amma bu dünyanın sonunda sənsən.
Hamı sol yanını sağ istəyirmiş-
Nə yaxşı, mənim də solumda sənsən.
Gəl, gedib oturaq öz küncümüzdə
Bizim nə işimiz özgə masada?
Adam hərdən çıxıb getmək istəyir
Lap elə getməyə yer olmasa da...
...Sevinc əkiləndə mən də varıydım,
Yada salmadılar biçində, qadın.
Tanrı bir "bağlama" göndərib mənə-
Sənin adın yoxdu içində, qadın...