Sona Vəliyeva : - SONA BÜLBÜLLƏR

(Qədir Rüstəmov “Sona bülbüllər” şərqisini oxuyurdu. Könlümdən bunlar keçdi...)
Səsin od salıbdı könül bağına,
Güllər də yarpız tək ovulub gedir.
Kimdi üz döndərən, kimdi günahkar,
Yazan belə yazdı, bu da taledir.
Ayrılıq hicranı tufan qopardı,
Yer üzün bürüdü qəm pərdə-pərdə.
Sona bülbülləri qarğıma belə
Yolun duman alıb, itibdi çəndə.
Titrəyir nakam eşq bu səs içində,
İçim sədəf-sədəf doğranır, Allah.
Məcnunu çöllərə salan sevdanın
“Sona bülbüllər”də Leylası ağlar.
Ömürdən, hicrandan, qəmdən oyana,
Nə vardı büründü səs işığına,
Zəngülən heyrəti alovlandırıb,
Özü ocaq oldu alışmağına.
Dönüb göy üzündən qayıdır bu səs
Buludlar qaralıb, ildırım çaxır,
Köndələn evlərdə sona bülbüllər,
Nakam sevgilərin qəmin ağlayır.
Kədərin, ahın da səsə yaraşan,
Eşqin nisgili də, qəmi də gözəl.
Son ümid sovrulur bu səs içində,
Üzür göz yaşında gül xəzəl-xəzəl.
Oxuma ay zalım, oxuma belə,
Min yerdən oxlanan nardı ürəyim.
Haqqa sevdalanan Leyla eşqimlə
Bu səslə Tanrıya vardı ürəyim.