Elnur Uğur Abdiyev : - O ağacı qız vaxtı kəsdilər,

O ağacı qız vaxtı kəsdilər,
Qoymadılar qadın olmağa,
Balta çaldılar qızlığına.
O ağacı düz vaxtı kəsdilər,
Qoymadılar göylərlə qucaqlaşa,
Qoymadılar çiçəklərini geyinə.
O ağacın içindən ucalmaq eşqi
Baltalandı yer- yerdən.
O ağacı kötük eləyənlərə,
Ağac kölgə salmadı o gündən.
O ağacı beləcə qətl elədilər,
Qatillər,
Əlləri ağacın qanına batdı.
Ağac yarpaq- yarpaq hönkürdü,
Ağac yarpaq- yarpaq tüpürdü,
Dibinə göz yaşlarını.
O yerə sonra nə qədər ağac əkdilər,
Bircəciyi tutmadı.