Fərhad Tapdıqoğlu : - Qulaq

YAZARLAR 09:07 / 23.04.2025 Baxış sayı: 1049

 

                                                              (hekayə)

Son zamanlar tez- tez görüşdüyüm keçmiş iş yoldaşım mənə zəng açıb,bulvara gəzintiyə dəvət etdi.Görüşdük...Xoş- beşdən sonra söhbətə başladı:

--Əsəbiləşmişdim,səni çağırdım ki,bir az danışaq .Qulaq as mənə.

Mən televizora baxırdım.Bir də gördüm ki,oğlum öz oğlunu, yəni nəvəmi o biri otaqda danlayır. Bunlara qulaq kəsildim.Oğlum nəvəmə deyirdi:"Axşama kimi qulaqçıq qulağındadır.Dərs də oxumursan.Hər dəfə deyirəm,amma sözlərim qulağına girmir. Bu qulağından alıb,o biri qulağından buraxırsan.Belə getsə ,qulağının dibini görərsən ,sənə söz verdiyim telefonu almayacam. Aç qulağını məni eşit.Tay-tuşların oxumurlar,sənin də qulağını doldurublar. Deyəsən qulağının dibi geyişir( gicişir)...Səni gərək qulağından divara mıxlayam ki,ağlın başına gələ..

Sözlərimi qulağına sırğa elə,oxumasan səni qul bazarına fəhlə göndərəcəm"

Mən yaxınlaşdım onlara:

-Nə olub -dedim.Səsinizdən qulağım batmışdı.

Mənim səsimi eşidəndən sonra utandığından nəvəmin qulağı qızardı.

Mən:

- Bala atana niyə qulaq asmırsan? Dediklərin qulaq ardına vurursan..Məktəb də uzaqda deyil,budu ee qulağımızın dibindədir.

Biz də oxumuşuq da...Dərsimizi bilməyəndə müəllim qulağımızı elə dartırdı ki,az qalırdı yerindən qopsun.Qulaqlarımız qıpqırmızı qızarardı.İndi müəllim uşaqlara söz deməyə ehtiyat edir,nəinki qulağın çəkə...

Vallah məəttəl qalmalıdır,nə üçün tam təminatı olan uşaqların oxumaq qulaqlarına girmir...

Ordan çıxıb ,bura yanına gəlmişəm.

Mən dostumu diqqətlə dinlədim:

- Yox mənim nəvəm yaxşıdır.Mənim sözümə də baxır.Yazıq o günü qulaqdibi ,rusca "svinka" çıxarmışdı.Yazıq ağrıdan ölürdü.Bilirsən də,qulağın dib nahiyəsində,tüpürcək vəzi zədələnəndə nahiyə şişir,qulaq qabağa itələnir.

Qulaq həkiminə apardım,sağalıb qulaqları.

Dostum:

--Həə ,mənim də o biri nəvəmdə də qulaq tutulması olmuşdu.Qulaq kanalı bağlananda elə olur.

Bir də soyuqdəymə səbəbindən qulağa su dolur,qulaq kiri içəriyə tıxanır..O da müalicə aldı,qulağı sağalıb.

Mən:

-Yüksəkliyə qalxanda,təzyiq yüksələndə,duş qəbul edəndə də qulağa su dolur.

Qulaqlarda uğuıtu ,küy olan zamanlar da olur.Qulaqlarda küy ətrafda olmayan,baş verməyənləri beynində və qulaqlarında hiss etməsidir.

Şükürlər olsun ki,bütün bunları qulaq həkimlərimiz müalicə edirlər.

Əsas odur ki,qulaqların pərdəsi deşilməsin,qulaqların ağır eşitməsin ,kar olmasın.

Qulaq ağrıları ən çox kiçik yaşlı uşaqlarda olur.

Dostum:

--Sən lap qulaq həkimi kimi danışdın..

Mənim bir qonşum vadı."Qulaq falına "təkcə Novruzda yox,həmişə çıxardı.Bir pələ qulaqları da vardı..Qulaqlarını qonşuların qapılarına dirəyib, evdə danışılanlara qulaq asardı. Həmişə gözdə qulaqda olardıq ki,bizi eşitməsin.Həyət - bacada da qulaqlarını şəkləyib,söhbət edənlərə qulaq asardı. Şeytanın qulağı kar olsun,xəbər aparmasın.İndi qulağımız dincdir...torpağın altındadır..

Mən:

--Həmişə, hər yerdə elələri olub.Bizdə də bir qonşu vardı,o da səsi ilə qulağımızı aparmışdı .

Qorxmasaydım elələrinin böyük tikələrini qulaqları boyda edərdim.Nə yaxşı ki, o qonşuluqdan köçdü, eşitdim indi bərk xəstədir.

--Qulaq hər gün bir şey eşitməsə kar olar. Xəbər verdilər ki,bir uzaq qohumumun qulağının dibi saralıb.Qulağından halva iyi gəlir...

--Allah şəfa versin sənin o qohumuna.

Nə isə...

Bizdə yalan vəd verən " böyüklər" də çoxdu.Eşitməkdən qulaqlarımız da yağır olub.

Qulaqlarımızı yalanla o qədər doldurublar ki,düz sözə qulağımızda boş yer də qalmayıb...

" Yerin də qulağı var"..Bizim də qulağımıza xəbərlər çatır.

Bəzən istəyirsən ki,qulaqların kar olsun,eşitməsin. " Ac qulağım,dinc qulağım" deyib ,kənara çəkilirsən...

--Elələrinə qulaqburması verilməlidir.

--İndi filankəsin " qulağın kəsdim" deyib, qürrələnənlər də var.Həqiqətdə qulağın kəsmir,amma hansı yolunansa, nə isə qopardır.

--Bizdə itin qulağını kəsərdilər küçük vaxtı..Bir də Andronikin qulağını kəsiblər...

--Sən bilirsən indi malın ,qoyunun qulaqlarına " birka" vururlar ki,fərqlənsin...

Xatırladım uşaq vaxtı ağacın altında yatmazdıq ki ,qulağımıza qulağagirən girər...

--Yadıma düşdü... həə,qızım balaca olanda onun qulağını

deşəndə,necə qışqırıb ağlayırdı...

İndi qulaqdeşmə də ağrısız aparılır...

Əşi,dədə- babadan görmüşük qızlar sırğa taxar, indi dırnaqarası oğlanlar da qulaqlarına sırğa taxırlar..

...İnsanın qulağının dibi daha tez çirklənir ,bunu bilməmiş olmazsınız...

--İndi çox şey biz gördüklərimiz kimi deyildir.

Vallah elə məclislər görmüşəm ki,orada ağız deyəni qulaq eşitməyib...

--Qulağım cingildəyir,deyəsən sözümüzü danışırlar...

--Qulaq qızaranda da elə deyirlər...

--Həə xatırladım.

---Məmməd Araz rəhmətlik bilirsən nə deyir?

Deyir ki:

"Yüz il qulağının dibində qışqır

Ürək eşitməsə,qulaq eşitməz"

--Necə də gözəl deyib..Qulağın dibində qışqırmaq doğrudan da faydasızdır..şSağollaşaq?

--Həə qardaş,olsun...Sağ ol.

Gedək qulaq yoldaşımızın yanına...