Emin Piri : - QIZIM
(Müharibələrdə həlak olan körpələrə ithaf olunur)
Qızım, görə bilmədim
mənə doğru yerişini.
İndi rəsmlərin
Şəkil-şəkil iməkləyir divarımda.
Qızım, başdaşın özündən uca,
məzarın səndən qoca.
sənsə hələ də körpə...
Həbsxana köşəsində
qəfəs içindəki quş qədər azaddır
mənim sülh arzularım.
Qızım, bütün boş yelləncəklərdə
səni görürəm
görürəm buludsuz səmada bulud kimi,
qaranlıq gecədə günəş kimi.
Qızım, saçlarım darıxır -
yolmağınçün,
yanaqlarım çuxura dönüb
yerini doldurmağa -
o quyular totuş barmaqlarına həsrət
həyətim ayaq izlərinə möhtac.
Bilirəm, uşaqlar ölmür,
böyüklərdən küsür,
küsür bu dünyadan
və eləcə uçur, gedir...
Bağışla,
Bağışla, sənə dəyən güllələri.
Qolundakı metal qırıntısına gülümsə -
bir çimdik bil, böyüklərdən hədiyyə.