Əlisəfa Azayev : - Həzin musiqi!..

YAZARLAR 10:45 / 07.09.2024 Baxış sayı: 866

Nə vaxtdan bəri idi ki, Ağcabədi rayonuna səfər etmək istəyirdim. Əlbəttə, bu səfərdə elə bir ciddi məqsədim yox idi. Sadəcə olaraq rayonla tanış olmaq, mədəniyyət müəssisələrində, notariat kontorunda, kitabxanada görüşlər keçirmək. Əgər imkan olarsa, nə vaxtdan bəri görmədiyim notarius həmkarım – hazırda Ağcabədi rayon Məhkəməsinin hakimi – sədri işləyən Sulduz müəllimlə görüşmək.

Taksi sürücüsü Ata ilə yol yoldaşı olmuşduq. O6 maşını xeyli əvvəlin buraxılışı olsa da, yaxşı qalmışdı. Sürət sarıdan heç bir narazılığımız yox idi. Bəzən başqa maşınları da ötüb keçirdi... Əlbəttə, yolumuz Kürdəmir – Zərdab istiqamətində başladı. Mollakənd kənd istiqamətinə, Çöl-Ərəb kəndindən sağa dönəndə, sanki məni xoş hava vurdu. Elə bil ki, yolun 35 km-də yerləşən Qaramahmudlu kəndimizin qoxusu, ətri vurdu məni. Uşaqlıq, yeniyetməlik illərimixatırladım.Bir vaxtlar nənəm Mulxisə ilə qoyun otardığımız Bazı deyilən hündür, yovşanlı, qarağanlı ərazi indi həyətyanı sahələrə çevrilmişdi. Yadımda idi... Bir qarlı qış günü qoyun doğdu... Artıq ilk baharın nəfəsi duyulurdu. Nənəm qoyunu sağıb mənim üçün suluq bişirdi. Elə dadlı idi ki... Bir də onunla kəhər atımızı minib, bir neçə kilometrlikdə yerləşən Muradxan kəndinə, kirvəmiz Əlsaabgilə getməyimiz unudulmazdır.At sanki yolu tanıyır, iri topalı yulğunlar arasından sərbəstcə keçib getməkdə idi.

Zərdabda yolüstü orada Suvarma Sistemləri idarəsinin rəisi olan Əhliman müəllimlə görüşdü. Notarius Mübarizin iş yeri artıq Qaxa dəyişilmişdi. Mərkəzi Kitabxanaya gətirdiyimiz kitab bağlamasını verəndən sonra yolumuza davam etdik. Kürün üstündən keçən körpüdən ətrafı seyr etmək maraqlı idi. Gözəl mənzərələr görünürdü.

Yol boyu sanki bizi həzin bir musiqi müşaiyət edirdi. Qulaqlarında daha çox elə Koroğlu uvertürası səslənirdi... Böyük bəstəkarımız Üzeyir Hacıbəylinin ölməz əsəri.İndi onun doğma ana yurduna gedirdik axı.Bir də hərdən böyük dramaturqumuz M.F.Axundovun dövrün ölməz "Hacı Qara" komediyası. Deyilənə görə, yazar onda burada sərhəddə xidmət edib. Hacı Qara ilə yaxın dost olublar. O vaxt da İran sərhəddi ciddi nəzarət altında imiş axı.

Hacı Qara onun komediyasına baxanda çox pis olur.Bir sözlə, beləcə araları dəyir. Əslində ədib bəddi əsər yaratmışdı. Çoxlarını təsirləndirən bir əsər... Bir gün də onları barışdırmaq istəyənlər tapılır. Məclisdə Hacı Qara özünü göstərmək, komediyada yazıldığı, göstərildiyi kimi heç də bir o qədər xəsis olmadığını sübut etmək üçün odlu, yanar somovara xeyli pul salıb yandırmağa başlayır. Həyəcanlı səslər eşidilir:

- Bu nədi, ə?

- Dəli olubmu bu?

- Başı xarab olub da... Elə bu pulları yandırmaqdansa, verərəm imkansızlara, ehtiyacı olanlara da...

Bəli, sanki həzin musiqi altında xəyalən bunları düşünməkdə, saf-çürük eləməkdə idi. Ağcabədi ərazi cəhətcə geniş bir rayondu.Burada ilk dəfə iki mininci ilin əvvəllərində olmuşdu.Tələbə yoldaşı Həsrət Salmanov burada rayon prokuroru işləyirdi. 9 May – QələGünü qonağı oldu. Onu xeyli mehribançılıqla, şadyanalıqla qarşılayıb, xeyli söhbət etdilər. Sonra da bayram ziyafəti.Rayon məhkəməsinin sədri, polis rəisi də onlarla idi.

Arada onunla bir iş görmək istədi. Daha doğrusu, onda artıq Yasamal rayonunun prokuroru idi.Söhbət Milli Qəhrəmanımız Salatın Əsgərovadan düşdü. Dedi ki, Respublika Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi kimi o həlak olanda, cinayət işinin istintaqını aparıb. Doğrusu, bu hadisə çoxdan onun maraq dairəsində idi. O ağır günlərdə Rusiyadan gəlmiş hərbi jurnalistləri müşahidə etməyə bir bəy tapılmır, Qarabağa getməyə cəsarətli bir adam tapılmır, bu ağırlığı Salatın öz üzərinə götürür... Fikrimi biləndə Həsrət müəllim dedi ki, arxiv materiallarını əldə etməkdə sənə kömək edərəm... Ancaq bir neçə gün sonra təəssüf içində bildirdi ki, Respublikası Prokurorluğundan razılıq vermədilər. Dedilər ki, hələ tezdir, məxfilik götülməyib. Ancaq hələ də bu fikirdədir "Salatın şücaəti" romanı yazılmalıdır. Elə gənclərimizə nümunə olması üçün...

Əvvəl Mərkəzi Kitabxanaya getmək istəyirdik.Hətta birindən yerini soruşduq. Dilləndi:

- Buradan sağa dönüb gedin, məktəbin yanındadı.

Bu an diqqətimizi böyük bəstəkarımız Üzeyir Hacıbəylinin heykəli cəlb etdi. Dərhal maşından düşüb onun yanına gəldi.Gözləri istər-istəməz doldu sanki bu dəqiqə kövrəlib ağlayacaqdı.Vətən, xalq yolunda ömrünü fəda edən insanlar bizə əzizdilər. Üzeyir bəy onlardan biri, bəlkə də, elə birincisi idi... Ömrü boyu hansı müsibətlərə, məşəqqətlərə məruz qalmamışdı. Stalin repressiyasından onu əsl mənada "Koroğlu" əsəri xilas etmişdi... Sağlığında olduğu kimi, ayrılıq anı da çox nisgilli, yaddaqalan olmuşdur. Bəlkə də, Bakı şəhərində heç kim onun kimi beləcə axirət evinə gur, insan axını ilə yola salınmayıbmış.

Mərkəzi Kitabxananın direktoru Məhəbbət Əliyeva çox işgüzar bir xanıma oxşayırdı.Əsl fədakar mədəniyyət işçisi olduğu söz-söhbətlərindən, hərəkətlərindən də hiss olunurdu. İnanın, bəlkə də, hələ beləsini görməmişdi. İctimai fəallığı çox xoşagələn idi.

Bəxtimizdən seminar – müşavirə günü idi. Kitabxanaya xeyli kitabxanaçı, mədəniyyət işçiləri gəlmişdi. Böyük zalda Məhəbbət xanım onu onlara təqdim edərək dedi:

- Kitablarını dönə-dönə oxuduğumuz yazıçı Əlisəfa Azayev kitabxanamıza xoş gəlib... Bu gəlişi ilə bizi həddən ziyadə şərəfləndirib...

Hələ 2021-ci ildə 70 illiyi qeyd olunanda, yubileylər kitabında onun da haqqında ətraflı məlumat yazılsa, tədbirlər keçirilsə də... Ağcabədi Mərkəzi Kitabxanası bu sahədə xüsusilə fərqləndi. Kitabxanada onun yubileyi münasibətilə keçirilən tədbir barədə "Ədalət", "525-ci qəzet" və başqa matbuat orqanlarında geniş yazılar dərc olundu. O vaxt internetdə haqqında 40-dan artıq videoçarx hazırlayıb göstərildi.

Məhəbbət xanım sonra sözü ona verdi:

- Əlisəfa müəllim buyursun.Biz onu dinləmək istəyirik.

İlk sözü bunlar oldu:

- Çox sağ olun, minnətdaram. Qonağı olduğum rayon sakinlərinə, kitabxana kollektivinə təşəkkürümü bildirirəm. Ancaq məni, kitablarımı çox təriflədiniz...

Səslər eşidildi:

- Siz buna layiqsiniz...

- Hər şey göz qabağındadır... Baxın, oxumaqdan əldən-ələ keçməkdən kitablarınız nə hala düşüblər. Neçə oxucu qeydiyyatı var...

Əlbəttə, bütün bunlar xoş olsa da, tərifi bir o qədər sevməmişdi. Bəlkə də, bu ondan, tərbiyəmizdən irəli gəlirdi. Atam çox sərt adam idi. Heç vaxt bizi tərifləməz, xoş söz deməzdi. Sanki münasibəti ilə deyirdi: "Yaxşı elə yaxşıdı da... Çalış nöqsana yol vermə... Qohumlara yaxın, cəmiyyətə yararlı övlad ol, imkan daxilində kasıblara, imkansızlara, yaşlılara köməkçi ol, onlara əl tut..."

Sonra da çıxışlar başladı. Uşaq şöbəsinin müdiri Zülfiyyə Səfərova, Oxuculara xidmət şöbəsinin müdiri İlahamə Musayeva, Poladlı kənd kitabxanasının müdiri Şəfəq Əliyeva, Mərkəzi Kitabxananın direktor müavini Təranə Məmmədova, Pərioğullar kənd kitabxanasının müdiri Nübar Qasımova xüsusilə fəallıq göstərdilər.

Ağcabədi Mərkəzi Kitabxana şəhid Miryaqub Kərimovun adını daşıyır. Qazi Suliddin Mirzəyevi orada görmək xoş oldu.Onunla, balaca oxucumuzla xatirə şəkilləri çəkdirdik.

Bəli, ayrılıq anı həmişə insanı təsirləndirən, kövrəldən kimi olur.Bu müddətdə kollektivə o qədər yaxın olmuşdu ki, sanki onlardan ayrılmaq istəmirdi. Xatirə şəkli çəkdirəndə, bəlkə də, gözləri dolmuşdu: "Salamat qalın... Bir də biz görüşəcəyikmi?!" Ancaq Kitabxananın direktoru Məhəbbət xanım çox inamlı danışırdı:

- Müəllim, əlaqə telefonu, nömrəsi verin, biz hökmən sizinlə görüş təşkil edib keçirəcəyik. Nəzərə alın ki, burada sizin çox saylı oxucularınız var...

- Yenə tərif, yenə xoş sözlər...

- Onlanı, həqiqəti deyirəm...

Rayon Məhməsində bir müddət gözləyəsi olsa da, köhnə dost, bir vaxtlar onun kimi gənclikdə dövlət notariusu işləyən, hazırda Ağcabədi rayon Məhkəməsinin hakimi – sədri olan Sulduz müəllimlə görüşür. Kitablarından ona təqdim edir. Dövlət notariusları haqqında yazdığı "Əzəl qanun" kitabını vərəqləyib, gileyli halda deyir:

- Bəs mənim haqqımda yazılanlar hanı?..

- Siz artıq dövlət notariusu yox, hakim – məhkəmə sədrisiniz.

- Olsun da...

- Belə istəyirsinizsə, kitabın ikinci hissəsində yazarıq inşallah.

Gizli deyildi ki, bir vaxtlar İsmayıllı xalq hakiminin yeri boş olanda ilk dəfə ona təklif olunmuşdu. O, şimal bölgəsində – Quba, Xaçmaz, Qusar rayonlarının birində işləmək istədiyini bildirdi. İsmayıllı onların Kürdəmir rayonuna yaxın idi.Oradan dost-tanışlarıda çox idi. Elə çoxu Kürdəmirdə yaşayırdı. Lahıclarla qonşu olmuşdular. Sulduz müəllim İsmayıllıda hakim olanda görüşdülər. Bir neçə kitabını da ona hədiyyə etdi. Sonradan Kürdəmirə dəyişiləndə də hərdən görüşərdilər. İndi isə çoxdan görüşmürdülər. Bəlkə də, on il vaxt keçmişdi aradan. Beləcə Ağcabədi torpağından xoş əhvali-ruhiyyə içində ayrılır. Elə böyük bəstəkarımız Üzeyir Hacıbəylinin adını daşıyan möhtəşəm binalı Musiqi məktəbi onu heyran edir. Yolüstü təzə tikilmiş ASAN xidmət binasında olur. Notarius_____________ köhnə həmkarlar kimi görüşürlər. Fikir mübadilələri olur.

ASAN xidmətdə gənclərin rəsm sərgisi keçirilirdi.İstər-istəməz tədbirə qatılmalı olur. Ona xeyli şəkil göstərir, şəkillər haqqında məlumat verirlər. Maraqlı, xoşagələn əl işləri insanı valeh edir. Hiss olunur ki, onlarla səriştəli müəllimlər məşğul olur.

Bəli, yol boyu onu yenə də sanki həzin, qəlbləri oxşayan musiqi müşayət edir. Ağcabədi torpağı sən bərəkətli, geniş olduğun kimi nə qədər nurlu, qəlboxşayan, fəxarətlisən! Unutma, sənin çox övladların olsa da, o sırada böyük bəstəkarımız Üzeyir Hacıbəylinin, Hacı Qaranın yeri əvəzsizdir. Hər birimizin tərbiyə olunmasında onların mənəviyyat aləminin nə qədər köməyi olub. Onlar bu gün də var, sabah da olacaqlar! Allah sizə, böyük dramaturqumuz M.F.Axundova da qəni-qəni rəhmət eləsin ki, belə böyük bir sənət əsəri qoyub gedib.