DİNDİ KÖNÜL MEŞƏ, ÇƏMƏN DİLİNDƏ - Tapdıq ƏLİBƏYLİ

Səhər mehi sığal çəkir yarpağa,
Zümrüd meşə dalğalanır dəniztək.
Tamaşadır təravəti torpağa,
Müşk-ənbərdir taladakı biçənək...
Dindi könül meşə, çəmən dilində,
Heyrətimə misra-misra büləndəm.
Öz dili var, çiçəyin də, gülün də,
Uşaqlıqdan bu əsrara bələdəm...
Ağaclar da duyğuludur yaz çağı,
Göz oxşayan gözəlliklər bərq vurur.
Təbiətin tər, qənirsiz, naz çağı
İlham sözə, söz ilhama vurulur ...