Vaqif Yusifli, Filologiya elmləri doktoru : - FİDANIN UŞAQLAR ALƏMİ

“Dunyanın ən məsum aləmi olan uşaqlıq möcüzələr adasına bənzəyir. Bu kiçik adadan böyük dənizlərə qoşulmaq üçün kağızdan qayıqlar düzəldən uşaqlar öz şəffaf çəkiləri ilə suyun üzündə gəzən mələklər kimidir. İnsan həyatı uşaqlıqdan başlayır, uşaq dünyasını oyuncaqsız təsəvvür etmək çətindir”.
Bu sətirlərin müəllifi Fidan Abdurəhmanovadır – o artıq özünü ədəbi aləmdə bir uşaq yazıçısı kimi tanıdıb. İnsan həyatının ən məsum aləmi olan uşaqlığı möcüzələr adasına bənzədən Fidan doğurdan da, o möcüzələr adası olan uşaqlar aləmini kəşf edə bilir. Böyük rus tənqidçısı V.P.Belinski yazır ki: “uşaq yazıçısı olmaq yox, doğulmaq lazımdı”. Fidanın hekayələri belə bir sübuta ehtiyacı olmayan həqiqəti bizə əyan edir ki, onun yazıçı duyumu uşaqların duyğu və düşüncələrindən yol alır. Bu yol bizi onların zəngin, rəngarəng mənəvi aləminə aparır. Fidanın bir uşaq yazıçısı kimi özünəməxsus üslubu, təhkiyə tərzi barədə görkəmli qələm sahibləri maraqlı fikirlər söyləyirlər. Professor Qəzənfər Paşayev yazır: “son illər mətbuatda Fidan Nizaməddin qızının hekayələrinə tez-tez rast gəlirəm. Onlatın bəziləri nağıla bənzəyir, bəzisi sırf uşaqlar üçün yazılmış hekayələrdi, bəzisi sanki böyüklər üçün yazılmış fəlsəfi hekayələrdi. Diqqətimi çəkən, hər şeydən əvvəl, Fidanın tizfəhmi, müşahidə qabiliyyəti az sözlə çox şey demək məharəti, hekayələrinin yığcamlığı oldu”. Akademik Nizami Cəfərov Fidanın uşaq yaradıcılığına xas olan səciyyəvi xüsusiyyətləri belə dəyərləndirir: “Günümüzün uşaqları... Və uşaq hekayələri” adlı məqaləsində yazır: “Fidan Nizaməddin qızı günümüzün uşaq hekayələri qarşısına uşaqları əyləndirməkdən, onların dünya görüşünü, estetik zövqlərini inkişaf etdirməkdən dəyüksək tələblər qoyur. Uşağı bütün mənəvi-psixoloji zənginliyi ilə yalnız dərk etməklə kifayətlənməyib, həm də onun özünə tanıtmağın yollarını axtarmaq... və nəticə etibarıilə, uşaqları cəmiyyətin üzvi tərkib hissəsi olaraq qəbul etmək...”.
İki görkəmli ədəbiyyat adamının gənc bir yazıçı haqqında söylədiyi bu səmimi fikirlərə mən də qoşuluram. Fidan Abdurəhmanovanın “Uşağın duası” və “Yuxulu mələklər” hekayələr kitabları bugünkü uşaq ədəbiyyatına gələn yeni bir imzailə bizi tanış edir.
Fidanın uşaqlar üçün yazdığı hekayələri hansı yeni məzmun və sənətkarlıq xüsusiyyətləri ilə seçilir, ilk növbədə bu suala cavab vermək istəyirəm.
Mənim yaxşı tanıdığım uşaq yazıçıları: Mikayıl Rzaquluzadənin, Qılman İlkinin, Əzizə Əhmədova, Zahid Xəlilin, Rafiq Yusifoğlunun, Qəşəm İsabəylinin, Sevinc Nuruqızının hekayələrində uşaqların dünyasına yol evdən və ailədən – uşaq bağçasından – məktəbdən – təbiətdən keçir. Fidan da bu ənənəvi yola sadiq qalır. Amma Fidanın hekayələrində iki fərqli cəhət diqqəti daha çox cəlb edir. Birincisi; Fidan əksər hekayələrində özü də bir obraz kimi iştirak edir, hansı hadisədən söz açırsa, o hadisənin iştirakçısı kimi nəzərə çarpır. İkincisi; o, uşaqların həyatını, duyğu və düşüncələrini, maraq dünyasını təsəvvür edərkən bir yazıçı – pedaqoq kimi öz fikirlərini ortaya qoyur. Beləliklə, onun uşaqlar üçün yazdığı hekayələr həm də böyüklərin uşaqlar haqqında dedikləri fikirlər səslənir.
Yeri gəlmişkən qeyd edim ki, fidanın hekayələrində öyüd – nəsihət, moralist – didaktiv məqamlar o qədər də nəzərə çarpmır. Amma bunun əvəzində hər hansı hadisə elə təsvir olunur ki, orada öyüd-nəsihətə ehtiyac duyulmur.
Bir neçə hekayəsini nəzərdən keçirək. “Uşağın duası”: bu hekayədə onun bir çox hekayələrdə olduğu kimi, Allaha – ilahinin varlığına inam hissi ön plana çəkilir. Bu inam hissi Fidanın öz varlığından hopub hekayələrinə də sirayət edir. Yeddi yaşlı Nihad Allaha dua edir ki, yağış yağsın, qurumuş bitkilər, güllər cana gəlsin. Onun duasından sonra bütün kənd əhlinin üzü gülür.
“Nağıla dönən qız” hekayənin qəhrəmanı Sevinc anadəngəlmə görmə əngəllidir. “Onun bircə xoşbəxtliyi – heç nə görmədiyi üçün bu dünyadan heç nə istəməməsi idi. Yeganə arzusu – onunla ünsiyyət yaratsınlar və nağıl oxusunlar”. Amma “Koronovirus” bəlası ortaya girir. “O, əvvəllər getdiyi reabitasiya mərkəzinə gedə bilmədi”. Və sevinc də Allaha dua edir ki, tezliklə bu epidemiya kabusu bitmiş olsun.
Bir gün televiziya kanallarının biri imkansız uşaqlara telefon hədiyyə edəcəyi xəbəri yazır. Sevinc də bu istəyə qoşulur və ondan soruşurlar ki, arzun nədir? Sevinc isə telefon istəyir və bu telefonda nağıllar danışılmasını arzu edir. Və arzusu həyata keçir. Kiçik bir hekayədə balaca - xəstə qızın nağıl istəyi çox təbii və inandırıcı verilib.
“A” hərfi – bu hekayə bir hərfin timsalında mənalar toplusu yaranır. Birinci sinifdə oxuyan Fəray “Əlifba” kitabının ilk səhifəsində “A” hərfini görür. O öz sinif yoldaşları ilə bu hərflə başlayan xeyli söz deyirlər – “ağaclar”, “ay”, “alov”, “aprel”, “ağıllı”, “alicənab”, “ali təhsil”, “Azadlıq” və s. amma “Azərbaycan” dedikdə qürur hissi keçirirlər. Bəlkə də, hekayə elə bu yerdə bitə bilərdi amma Fəray “axtarışlarını” davam etdirir. “gözlərini ovuşduraraq “Allah görür ki, mən “A” hərfi ilə başlayan başqa sözlər bilmirəm” – dedi. Fəray “Allah” sözünü eşidəndə “A” hərfinin müqəddəsliyini düşündü”.
Allaha inam “Niyyət” hekayəsinin də məzmununu təşkil edir. Bu hekayədə balaca rəhim yuvadan çıxan bütün qarışqaları qardaşının əzişdirdiyini görür və hirslənir. Rəhman Rəhimə qarışqalar haqqında söz açır. Ona uşaqlıqdan nənəsindən eşitdiyi bir hadisəni (folklor motivini) danışır, Süleyman peygəmbərin qarışqa ilə söhbətini xatırladır. Süleyman peyğəmbər qarışqanın ağlına heyran qalır ki, o, bir buğda ilə illik azuqəsini təmin edir.
“Sonuncu teleqram” – bu hekayədə müəllif balacalara vətənpərvərlik ruhunu aşılayır. Böyük Vətən Müharibəsində qəhrəmanlıq göstərən babasına onun nəvəsi təbriklər göndərir. Amma 9 May gününü görmək o babaya qismət olmur...
Fidan kənd həyatına, orada yaşayan insanların dünyasına da yaxşı bələddir. “Sehirli çörəklər” hekayəsində bunun əyani şahidi oluruq. “Nənəmi xatırlayanda nədənsə həmişə təndirə çörək yapması yadıma düşür. Onun bişirdiyi çörəklər ömrümün sonuna qədər gözümün önündən getməz”. Hekayədə nənənin çörəyi necə bişirməsi nəql edilir və müəllifin bu prosesi necə təsvir etməsini izləyirsən.
Fidan Abdurəhmanovanın “Yuxulu mələklər” kitabındakı hekayələr də öz bədii dolğunluğu ilə diqqəti cəlb edir. Bu kitabda toplanan hekayələr qardaş Türkiyədə baş verən zəlzələdən söhbət açır.
Bu zəlzələ nəticəsində ağrı çəkən uşaqların, ata-analarının ağrıları təsvir olunur. Kitaba ön söz yazan B.V.Yılmaz yazır: “oxuduğumuz kitabdakı hekayələr könül diyarımızın sevgisinin, qardaşlığının, birliyinin ifadəsidir. Bu əsərdəki hekayələrdə Fidan xanım təkcə uşaqlara, zəlzələ və fəlakət qurbanlarına qarşı həssaslıq ifadə etmir. Hekayələrin zahiri mənasının xaricində Türk dünyasına olan həssaslığı Türk dünyasındakı birlik və birlik həsrətini alt məqamlarda da görmək mümkündür”.
Fidan Nizaməddin qızı filologiya üzrə fəlsəfə doktorudur, AMEA-nın Nizami Gəncəvi adınaƏdəbiyyat İnstitutunun “ədəbi tənqid” şöbəsində çalışır, ədəbi prosesdə yaxından iştirak edir, jurnal və qəzetlərdə müasir ədəbiyyatla bağlı məqalələrlə çıxış edir. Lakin bir yazıçı kimi də, tanınır, etiraf olunur.
Mən həmin şöbənin rəhbəriyəm. Onun uğurları ilə sevinirəm. Fidanın atası – görkəmli ədəbiyyatşünas Nizaməddin Şəmsizadə bu yaxınlarda vəfat etdi. Allah rəhmət eləsin!
Fidan onun yolunu uğurla davam etdirir!
V
jpg-1733983626 (1)jpg-1744190658.jpg)