Arzu Əsəd : -  İrimiqyaslı bir yanğın olanda...

YAZARLAR 11:44 / 10.04.2025 Baxış sayı: 919

Məhəllədə irimiqyaslı bir yanğın olanda və tezliklə bu yanğının sənin də evini əhatə edə biləcəyini görəndə əl-ayağa düşüb küçəyə çıxır, o yanğının söndürülməsi üçün əlindən gələni etməyə çalışirsan. Bu gün belə bir geosiyasi yanğının içindəyik. Ona görə də təbii olaraq ictimai şüur bu yanğının qarşısını ala biləcək bizə bütün parametrləri ilə yaxın və doğma olan Türkiyəyə istiqamətlənir, daha çox Türkiyədəki və Türkiyə ilə bağlı hadisələri izləyir, təhlil edir və qiymətləndirməyə çalışır.

Bəziləri bunu intellektin riyakarlığı və ölkəmizdə baş verən hadisələrə qarışmamaq sığortası kimi qələmə vermək istəyirlər. Bu, əsassız günahlandırmadır. İctimai şüurun fərdi şüurdan fərqli olaraq öz təbiəti, öz inersiyası var.

Müəyyən fərdlərin çox vacib bildiyi məsələ hələ ki, gündəmə çevrilmirsə, demək, ictimai şüur öz dərinliklərində bunun üçün dominant, əsaslı səbəblər tapmayıb. Buna görə ayrı-ayrı fərdlərin üstünə düşüb "sən vicdansızsan, sən əclafsan, Azərbaycan ziyalısı qorxaqdır, niyə daxili problemlərimizdən yazmır" və sairə şüarlarla kimsə heç nəyə nail olmaz. Əksinə, bir az da özünü təcridə yuvarladar. İctimai şüuru zorlamaq olmaz! Kimsə kimsəyə ondan yazma, bundan yaz deməməlidir. Bunu ictimai rəy müəyyənləşdirir.

Əlbəttə, ölkənin daxili problemləri çoxdur və çox adam bunu dilə gətirir. Lakin bu ölkənin varlıq problemi daha mühümdür. Bu gün Türkiyə və eləcə də, Azərbaycan Ərdoğanın dediyi kimi oyuna salınan yox, oyun qurucu dövlətə çevrilir. Bütün dünya od içində olduğu, yeni dünya nizamının yarandığı tarixin bu çox bohranlı anlarında da artıq böyük ictimai-siyasi təcrübəyə malik olan Azərbaycan ictimai şüuru nə yuxarıların diktəsi, nə də aşağıdan əba altından zopa göstərənlərin təzyiqi ilə deyil, tarixin təbii istiqamətverici yönü ilə öz doğru yolunu müəyyənləşdirir.