Ulduz Qasim :- Bahar təravətli qadın.

YAZARLAR 14:06 / 10.04.2025 Baxış sayı: 1138

..

Hansı gözəlliyindən, hansı istedadından yazım, bilmədim. Qəribədi, belə insanları görəndə, duyanda daha da dərinə getmək, hərtərəfli tanımaq istəyirsən. Əslində, Təranə Məmmədi bir şeiriylə tanıdım. Dənizə həsr etdiyi misralarıyla...

Kaş ki...

Görüşəydim dənizlə dan yeri söküləndə,

Görəydim gül üzünü günəşlə öpüşəndə.

Atılaydım qoynuna, açaydım sirlərimi,

Oxşayaydı xəfifcə pərişan tellərimi.

Köpüklü sularıyla ruhuma toxunaydı,

Mənlə barışmaq üçün yalvarıb- yaxaraydı.

Hərdən həzin mehiylə saçımı darayaydı,

Hərdən dalğalarıyla boynuma sarılaydı.

Üzərək sularında boğulaydım havasız,

Sonra sakitıləşərək dayanaydı dalğasız.

Sən də bu dəniz kimi

Öpərək gözlərimdən,

"Sevirəm" söyləyəydin,

Məndən ayrılmamaqçün

Kaş, dənizə dönəydin.

Bu sonsuz dərya kimi

Sevməyi bacaraydın,

Kaş ki, dəniz olaydın...

Kaş ki, dəniz olaydın...

Heç əməlli-başlı tanış olmamış öyrəndik ki, bir torpaqdanıq. Oxşar cəhətlərimiz də çoxdu. Qarabağ düşdü yada. Dərdimiz təzələndi. Ömürlük kədərimiz, sağalmayan yaramız. Elə bilirdim, mənim qədər yanan-qovrulan yoxdu bu dərdə. Sən demə dərd ortağım bir deyil, iki deyil...

Rəhmətlik atamın sözlərini xatırladım:”Qızım, bu gün hamı Qarabağlıdı...” Bir də, Qarabağlı hansı insan olanları unuda bilər ki. Kimin yadından çıxar axan qanlar, şəhid gedən igidlər, əsir düşənlər, ağlar qalan torpaqlar...

Qaçqın düşərgəsində çəkilən zülmlər, əziyyətlər, xəstə düşən insanlar? Fikirdən dünyasını dəyişənlər. Qürurunu qıra bilməyib, çıxılmaza düçar olanlar...

Nə saymaqla bitməz, nə yazmaqla tükənməz. Yazdıqca da ağlayırsan, xatırladıqca için göynəyir, oxuduqca da sızlayırsan. Dinmir ki, dinmir dərdlərimiz. Hər dəfə də yaralarımızın qaysağı qopur, yaramız təzələnir. Hansı mövzudan danışsaq da yenə oraya dayanırıq, orda bitiririk, orda sakitləşirik, son sözümüzü Qarabag deyir, nöqtəni o qoyur...

Təranə Məmmədin dediklərindən: "Qarabag dərdi ağr gəldi hamımıza. Üstümüzdən çəkisi bilinməyən bir ağırlıqla keçdi, əzdi bizi. Olanların haqqında yazmaq o qədər ağırdı ki. Onu sözlə, cümlələrlə ifadə etmək olmur. Hətta, bəzən elə bilirəm o dərdi ifadə etməyə söz də yoxdu.Hələ söz xiridarları onu tapmayıblar, yazmayıblar lüğətə...

Onu da deyim ki, Qarabağ barəsində, baş verənlər haqda yazanlar diqqətli olmalıdılar. Ya yaxşı yazmalı, ya da heç yazmamalıdılar. Çünki olanları olduğu kimi, xırdalıqlarıyla qələmə almaq gərəkir. Bu bizim unudulmayan, yaddan çıxmayan qanlı tariximizdi, yaramızdı, dərdimizdi. Onu saxtalaşdırmaq olmaz..."

Təranə Məmməd qızı Əliyeva 1956-cı ildə, bir gözəl bahar günündə, 1 iyunda dünyaya göz açıb. Elə bahar xasiyyətli, bahar huylu, yaz təravətli olub hər zaman. Rəngarəngdi, gözəl, yaz ətirli, yaz duyğuludu. Ağdamda böyüdü, bir neçə sinif orda oxudu. Hərbçi olan atasının işiylə əlaqəli olaraq Bakıya gəldilər. Və qalan həyatı paytaxda davam elədi.

Orta məktəbi Bakı şəhərində bitirib, Azərbaycan Dövlət Universitetinin Şərqşunaslıq fakültəsinə qəbul olundu. Atasının arzusuyla ərəb dilini öyrənməyə başladı. Özü bacısı kimi həkim olmaq istəyirdi. Ancaq, sonra ərəb dilini sevdi və həmişə bu dillə məşğul oldu. Hətta, necə sevibsə, necə sevdiribsə, qızı Aysel də anasının yolunu seçib...

Ali təhsilini bitirdikdən sonra müxtəlif vəzifələrdə çalışdı. Universitetdə, hazırlıq kurslarında ərəb dilini tədris etdi. Dövlət işlərində işlədi. Hazırda ehtiyatda olan polkovnik -leytenantdı.

Ancaq sözə, yazmağa olan istəyi onu özünə aşiq etdi. Bu eşq onu əsir etdi, gecənin yarısında yuxudan qaldırıb, “yaz” dedi. Söhbət zamanı ondan bunu eşidəndə yeddi yaşımda mavi çiçəklərin qarşısında oturub yazdığım o bir bənd şeirimi xatırladım. Məni ilk dəfə yazmağa məcbur edən o anı, o çiçəkləri, o gözəllikləri:

Əzizinəm, göz gözəl

Ləçək gözəl, üz gözəl,

Açıb mavi çiçəyin,

Al qələmi, yaz gözəl...

Təranə xanıma da mənim kimi gördüyü gözəlliklər, təbiət əsrarəngizlikləri “məni yaz” deyib. O da Yücə Allahın rəsm əsərlərinə heyran olub. Təbiətin göz oxşayan gözəlliklərinə vurulub elə o andaca. Bu tabloların rəssamına aşiq olub...

Elə o zaman hisslərini kağıza töküb, səmimi bir hekayə yazıb. "Neyləyim”. Bununla da hər şey başlayıb...

”İstirahətdə olduğum yerdə meşələrin gözəlliyinə, əsrarəngliyinə o qədər acgözlüklə tamaşa etdim ki...Gecə yarısı yuxudan durub bu hekayəni, düşündüklərimi yazdım. Dostlarım, oxuyanlar səmimi bir əsər olduğunu deyirlər...”

Bildim, hansı hissləri yaşayıb Təranə xanım həmin gün. Hansı eşqə düşüb o anda. Dağlar ucalığa vurulduğu kimi, bülbüllərin güllərə əsir düşdüyü kimi əsir düşüb söz dünyasına, ömürlük məhkum olub. Elə bir dünyaya ki, o əsirlikdən, o məhkumluqdan heç zaman kimsə canını qurtara bilməyib, bilməyəcək də...

Vəkili, qoruyucusu hansı səviyəyə malik olursa, olsun. O aləmin elə bir qüvvəsi, elə bir cazibəsi var ki, onu ancaq yaşayanlar bilir...

Sonra ürək ağrısıyla yazdığı silsilə Qarabağla bağlı hekayələri "Vals", "Analar", "Ögey ana", "Zəfər","Canlı meyit", "Nişanlı qız", "Ayaqqabı". Birinci Qarabağ müharibəsinin içərisində olduğu üçün, şahidi olduğu hadisələri ustalıqla qələmə alıb Təranə Məmməd.

Atası bölgələrdə hərbi komissar olduğu üçün bütün baş verənləri nəzərdən qaçırmayıb: "O günlərdə baş verənləri unuda bilmirəm. O qədər ağır, o qədər dəhşətli səhnələrin şahidi olmuşam ki, sizə anlada bilmərəm. Unuda bilmirəm baş verənləri. Kim unuda bilər axı...”

“Sirr” romanını da oxucular tərifləyirlər. Bakıda, İçəri şəhərdə baş verən sevgi hadisələrindən bəhs edən əsər uğur qazanıb.

Təranə xanım həm də gözəl tərcüməçidi. Ərəb dilinə, rus dilinə tərcümələri az deyil. Misir yazıçısı Əşrəf Dalinin " Qahirədə bir küçə" əsərini ərəb dilindən Azərbaycan dilinə tərcüməsinisi ən uğurlu tərcümə hesab edirlər.

Sevimli hobbisi də var Təranə Məmmədin. Rəsmlər çəkir vaxt tapan kimi. Bundan zövq alır, sakitləşir...

"Fırça, kətan və boyalar məni sakitləşdirir. Zövq alıram rəsm çəkəndə. Rəsmlərimi adətən hədiyyə edirəm. Ya da sadəcə saxlayıram".

İstedad belədi. Varsa, sənə bəxş olunubsa, üzə çıxacaq, özünü göstərəcək. İllər keçsə də, yaşın ötsə də, bir gün ona qayıdacaqsan...

Ulduz Qasım,

Moskva şəhəri.

Bir 1 nəfər şəkili ola bilər