Ayaz Arabaçı : - Xatirələr silkələyir ruhumu,
Xatirələr silkələyir ruhumu,
Yada salır neçə-neçə olayı.
Axır vaxtlar çox qatıram yuxumu,
Səni tez-tez düşünməkdən dolayı.
Qov oluram sinəmdəki çaxmağa,
Alov çıxır tüstü çıxır canımdan.
Borc alardım iki göz də baxmağa,
Bir dəfə də gəlib keçsən yanımdan.
Bircə demə,olacaqdı,qədərdi,
Dinsə susmaz yaralarım duz haqda,
Mənim menyum ətli-qanlı kədərdi,
Nə yeyirsən,nə içirsən uzaqda,
Dururmu o taleyindən keçən iz,
Arzuların içində dən görünmür.
Nəfəsimlə isitdiyim küçəniz,
Köhnə tozlu pəncərədən görünmür.
Tale mənə ilk gedişdən verdi mat,
Yeddi başlı ehtiyacı çəkirəm.
Məndən ötrü bir kətandı bu həyat,
Bir gün şirin,beş gün acı çəkirəm.