Adilə Nəzər - Deyirsən ki, sevdiyim...

Deyirsən ki, sevdiyim,
ürəyindən nə keçir,
sənə hədiyyə edim.
Ürəyimdən keçənlər
birmidir, ikimidir?!...
Məsələn, ikimizin
gəzə biləcəyimiz
bir isti qumlu sahil,
bir qucaq dalğa səsi,
bir dəstə quş sədası...
Bir Günəşli gün olsun...
Sonra bir Aylı gecə,
par-par yanan ulduzlar –
ikisi bizim olsun...
Mən başdan sona qədər
səfa olum səninçün,
sən səfanın aşiqi.
Bizi qanadlarına
alıb aparsın göyə
bir ecazkar musiqi.
Mənə hədiyyə eylə,
sevgi dolu xəzinə,
Gecə qaranlığında
Günəş doğsun üzümə.
Heç vaxt ölmür bir qəlbdən
digər qəlbə köçənlər,
Yaşamaq istəyirəm, -
bax budur
ürəyimdən keçənlər.
19.04.2023