Zaur Ilhamoglu : - ŞEİRLƏR

 

Ədəbiyyat 10:21 / 04.11.2022 Baxış sayı: 10755

 




İki min yeddi yüz səksən üç şəhid
 

İki min yeddi yüz səksən üç şəhid...

Hər biri sinədə döyünən ürək!

Hər biri bu torpaq, bu vətən üçün,

Keçdi öz canından "Vətən" deyərək!
 

İki min yeddi yüz səksən üç şəhid...

Hər biri bir ana sinəsində dağ,

Hər biri bir evin matəm sədası

Hər bir bir yurdda qaralan ocaq.
 

İki min yeddi yüz səksən üç şəhid...

Tanrı dərgahına uçan mələklər.

Onlar dodaqlarda donan gülüşlər,

Onlar açılmamış solan çiçəklər.
 

İki min yeddi yüz səksən üç şəhid...

Onlar vaxtsız susan ürəyin səsi,

Həyata keçməyən nakam arzular,

Yarımçıq kəsilən gənclik nəğməsi.
 

İki min yeddi yüz səksən üç şəhid...

Hər biri bir uca zirvəli dağdır!

Elə bir zirvə ki gələn nəsillər

Onlardan fəxrlə danişacaqdir!
 

İki min yeddi yüz səksən üç şəhid...

Onlar əzizlənib, seviləcəkdir,

Dünyaya göz açan yeni körpəyə

Onların adlari veriləcəkdir!
 

İki min yeddi yüz səksən üç şəhid...

Şirin canlarından keçən şəhidlər,

Qələbə müjdəsi verən şəhidlər,

Qələbə imzası çəkən şəhidlər.
 

İki min yeddi yüz səksən üç şəhid...

Onlar düşünmədi təkcə "mən varam".

Onlar düşündü ki vətən olmasa,

Deməli vətəndə mən "mən" olmaram.
 

İki min yeddi yüz səksən üç şəhid...

Dillərdə dolaşan zəfər dastanım.

Onlar əlli milyon Azəri türkü,

Onlar on milyonluq Azərbaycanım


 

Şəkiyə şəhid gəlir

Allah bütün şəhidlərimizə rəhmət etsin!
 

Şəkiyə şəhid gəlir,

Böyük Qafqaz dağları

Büsbütün qara geymiş.

Tutqun səma qəm dolu baxışlarla boylanır

Şəkinin yollarına.

Şəki həyatdan köçən öz şəhid övladını

alacaq qollarına.

Ona ağı deyəcək.

Hər yolun, hər küçənin sinəsi göynəyəcək.

Hər kənddən yüksələcək

"Şəhidlər ölməz" səsi,

"Vətən bölünməz" səsi.

Bu səsdən titrəyərək

Qarlı dağın zirvəsi.

Uca Xan yaylağıma dəli şimşək çaxacaq,

Kiş çayım, Şin çayımdan

qara qanlar axacaq.

Min bacı bir qardaşın tabutuna sarılıb,

Min ana bir balanı öz köksünə sıxacaq.
 

Şəkiyə şəhid gəlir,

Dur, ey, Çələbi xan, dur!

Öz nəvəni qarşıla.

Ağırla öz əlinlə,

Sal nəvəni son yola.

Paralanmış vətəni o da elə sənintək

Bütöv görmək istədi,

"Eybi yox ölər olsam, Vətən sağ olsun" dedi.

Hanı Şərqin nəğməkar qadını Şəfiqəmiz

Bir nəğmə bəstələsin.

Dinlədikcə sədası ürəkləri dağlasın,

Göydəki quşlar belə

şəhidimə ağlasın.

Şəkili Ələfsərin dinsin qara zurnası,

Səsləndikcə hər kəsin gözlərində canlana

Nakam gedən igidin,

Nakam ömür dünyası.

Çatdırın Ələsgərə qoy gəlsin şəhidimə

"Rəhab" oxusun, "Rəhab".

Bəlkə bir az azala içimdəki bu ağrı,

Canımdakı bu əzab.
 

Şəkiyə şəhid gəlir,

Hər kəs çıxmış yollara,

Hər kəs onu qarşılar.

Bizdə hələ qədimdən

Şəhidimə sayğı var,

Şəhidimə dəyər var.

Tutmuş hər kəs əlində

Şanlı Vətən bayrağın,

Bir şəhidi gəldisə,

Min igidi ölməyə

hazırdır bu torpağın.

Çələbi xan elinin ərənləri azalmaz,

Bura Turan yurdudur,

Bu yurdun övladının

Gözündə qorxu olmaz.

Var olub, yenə də var

Vətənin dar günündə atılaraq döyüşə

Yeri çalxalandırıb,

Göyü titrədənlərim,

Mikayılın, Elşadın, minlərlə şəhidimin

yolunu gedənlərim.

Bizdə şəhidlər ölmür,

Nə qədər ki, Vətən var,

Vətənlə bir yaşayır,

Vətənin hər övladı

O şəhidin adını öz qəlbində daşıyır.

Rahat uyu, şəhidim,

Qısas anı gələcək,

Sənin ruhun güləcək

Şanlı zəfər günündə.

Sən bizim övladımız,

Sən bu elin fəxrisən,

Sənə sonsuz hörmətlə,

Bütün Şəki baş əyir

Məzarının önündə.



Şəfqət bacısı

Yaralı əsgərlərimizin sağlamlıqlarına qovuşmaları üçün yorulmadan çalışan şəfqət bacılarının timsalında bütün həkimlərimizə
 

Bir əsgərin döyüşdə yaralanmağı dəhşət,

O, qələbə yolunda addımlayarkən əlbət,

Aldığı yarasının ağrısı göylər qədər,

Əzabı göylər qədər.

O an ona yetişib köməklik göstərməyin,

Dəyəri göylər qədər,

Savabı göylər qədər.

Yarasını bağlamaq,

Dərdinə məlhəm olmaq,

Doğma insanı kimi ona bir həmdəm olmaq,

Ona təsəlli vermək:

Qorxma, sağalacaqsan,

Sən yenə qısasını düşməndən alacaqsan.

Onu nikbin ruh dolu

ümidlə ovundurub yaşamağa səsləmək,

Gecə-gündüz bilmədən

qayğısına qalaraq o insanı bəsləmək..

Bilirsiniz həmin an,

Necə gərəkdir ona?

Od yurdunun oğluna

Kim edir bunu görən?

Kimdir ona əvəzsiz nəvazişi göstərən?

O bir şəfqət bacısı.

Göstərdiyi qayğıyla,

Şəfalı əlləriylə,

Yaralı əsgərimin çıxır öz bədənindən

Hər ağrısı, acısı.
 

O, gecə-gündüz bilmir,

Yuxusuz gecələri özünə adət edir,

O, nə bir an dincəlir,

Nə istirahət edir.

O, çalışır, çalışır,

Təki yaralı əsgər sağlamlığa qovuşsun,

Təki onun canına gələn bəla sovuşsun,

Təki yaralı əsgər bu gündən sabahına

Nikbin boylana bilsin,

Özünü bu vətəndə gərəkli sana bilsin.

Susmur şəfqət bacısı

Dayanmır zərrə qədər,

Çalışır hər gününü,

Yenə açılır səhər,

O, yenə də çalışır,

Sinəsində çırpınan öz böyük ürəyiylə,

İynəsi, dərmanıyla,

Həmin o əsgər kimi

Vətənə borc ödəyir,

O da zərif canıyla.

Geydiyi ağ xalatı olsa da qan içində,

Əzilsə də çiyinlər çətin işin yükündə,

Onun ruhu əzilmir.

Günlərin yorğunluğu

Çöhrəsində sezilmir.

Əksinə xoş təbəssüm ona siraət edir,

Niyə, niyə, çünki o,

Vətənə xidmət edir.

O, yaralı əsgərə hədsiz qayğı göstərir,

Hədsiz diqqət yetirir.

Evinde bişirdiyi yeməyindən gətirir.

Onu öz balasıtək,

Onu öz qardaşıtək

Əzizləyir, oxşadır.

Halaldır sənə, halal

"Şəfqət bacısı" adı.
 

Gün olsun zəfər çalaq,

Mən də tər bənövşədən

Sənin başının üstən

səpim, şəfqət bacısı.

Hələliksə izn ver,

Yaralı əsgərimə

şəfa verən əlindən

Öpüm, şəfqət bacısı.

 

Zaur Ilhamoglu

 

 

 

Silahsız insanlara hücum çəkməklə deyil

Silahsız insanlara hücum çəkməklə deyil,

Guya ki düşünürsən sən igidsən, sən ərsən.

Ey bədbəxt oğlu, bədbəxt, sən bu acizliyinlə,

Yalnız günahsızlara hücum çəkə bilərsən.
 

Sənin hünərin deyil mərdanə döyüş etmək,

Sən üz-üzə gəlməyi çətin bilən adamsan.

Mənim öz qolum vardır, mənim öz qoltuğum var,

Sən özgə qoltuğuna dirsəklənən adamsan.

 

Sən nəyi götürmüsən, mən nəyi götürmüşəm,

Kim nəyi görmüşdüsə, ondan götürə bildi.

Mən igidlik götürdüm sən isə heçnə, çünki

Atan igid deyildi, baban igid deyildi.

 

Baxaq tariximizə qəhrəmanlar kim olmuş,

Sənə xəyal görünər qəhrəman olan anlar.

Andranikin vardı, onun da Soltan bəyim,

Kəsmişdi qulağını ötüb-keçən zamanlar.

 

Mən öz torpağımdayam, sən mənim torpağimda.

Gəmiçiyəm gəmimə minib dava edirsən.

Atın özgə atıdır, nalın özgə nalıdır,

Sən kimin hesabına belə yeyin gedirsən?

 

Güvəndiyin dağları uçuracam yerindən,

Düzəngah yaradacam, mən ki buna qadirəm.

Sən adicə oğluna söz keçirə bilməyən,

Mən isə bu dünyaya hökm edən cahangirəm.
 

Bilirsənmi, zavallı, sən özgədən dönməsən,

Mənimsə özgələrlə həyatda olmaz işim.

Sən keçmişin ləkəsi, tarixin üz qarası,

Mənimsə əzəlindən parlaq olub keçmişim.

 

Məsum körpələrimə silah uzatmağınla,

Düşünmə gələcəyim qanında boğulacaq.

Bu gün bir körpəm öldü, gələcəyin igidi,

Sabah yüz elə igid yenidən doğulacaq.

 

Bu gün sənin bayrağın dalğalanır eybi yox,

Sabah həmin məkanda bayrağım dirçələcək.

Bu gün mənim anamın sinəsi yanır yansın,

Sabah sənin anana dəli yanğı gələcək.

 

Qısası qiyamətə saxlamaram heç zaman,

Çəkdiyini çəkməsən ölüm yoxdur unutma.

Mən Bozqurdam, sən tülkü, sən ayrısan, mən ayrı,

Sən məni bu həyatda özünlə eyni tutma.

 

Bu gün ayaq üstəsən, amma bu gün, sabah var,

Sabah açılan zaman diz çökəcən önümdə.

Yalançı tarixinlə sinənə döymə, düşmən,

Tarixin silinəcək mənim zəfər günümdə.

 

Zaur Ilhamoglu


 

 

Vur, igidim, vur!
 

Vətən verdi xeyir-duasın sənə, mərd əsgərim,

Cəbhədə tarix yazacaqsan yenə, mərd əsgərim,

Zərrə qədər vermə aman düşmənə, mərd əsgərim,

Onlar üçün gözdağısan öndə dayan, öndə dur.

Vur, igidim, vur!
 

Türk ruhu, təsir eləməz ruhu çürüklər sənə,

Bata bilməz arxada, həm üzdə dönüklər sənə.

Neynəyəcək Təkur Məlik, Şöklü Məliklər sənə?

Sənin atan Salur Qazan, sənin baban Bayandur.

Vur, igidim, vur!
 

Düşmənə sən tor atasan ki, düşə bilsin tora,

Düşdüyü tor çün onu əldən sala, hətta yora.

Doğma elindir oralar, yaxşı bələdsən ora,

Bacardıqca sal tələyə, pusqu yarat, pusqu qur,

Vur, igidim, vur!
 

Varlığına etdik inam dirçələcəksən deyə,

Layiq olan zirvələrə yüksələcəksən deyə,

Özlədi cənnət Qarabağ sən gələcəksən deyə,

Gözləyir həsrətlə səni Göyçə, Qafan, Zəngəzur,

Vur, igidim, vur!
 

Əz başını düşməninin, çal zəfər, ey əsgərim,

Qalibiyyət müjdəsini ver xəbər, ey əsgərim,

Vətəndə gün dolu açılsın səhər, ey əsgərim,

Qoy çiləsin al günəşim torpağa nur, yurda nur,

Vur, igidim, vur!

Dövlətimin yanındayam

Bu vətəndə doğulmuşam,

Bu dövlətin köksü üstə iməkləyib,

yaşa dolub boy atmışam.

Sarılaraq vətənimə neçə arzular tutmuşam, neçə xəyal yaratmışam.

Övlad kimi bəsləyərək böyüdübdür vətən məni.

Anam bildim bu vətəni.

Bir övladtək öz borcumu

vermək üçün çalışmışam,

Lazım gəlib qar-boranlı yollarında donmuşam da,

Lazım gəlib od-alovlu yollarında alışmışam.

Düşmən əli vətənimə uzananda,

Susmamışam həmin anda.

Qələmimi silah edib tuşlamışam düşmənimin ürəyinə.

Hələ heç vaxt güc gəlməyib qələm şair biləyinə.

Yazmamışam sözgəlişi,

ya boğazdan yuxarı mən.

Güdməmişəm təmannanı, çıxarı mən.

Vətənimdən qan axdıqca

hər misramda qana dönüb çilənmişəm,

Ölən hər bir əsgərlə tən

mən də şəhid kəfəninə bələnmişəm.

Vaxt olub ki, sıxıblar da,

Vaxt olub ki, kimlərinsə gözlərindən yıxıblar da.

Bir an geri çəkilmədim,

Yazdım yenə,

Var qüvvəmlə xidmət etdim bu vətənə.

Niyə? Çünki bilmişəm ki,

Bu ocaqdan başqa mənim ocağım yox,

Söykənəcək bir arxam yox, bir dağım yox,

Bilmişəm ki, hara getsəm, həmin ölkə

Məni əsla qəbul etməz övlad kimi.

Bilmişəm ki, yad torpağın övladıyla davranırlar

Özgə kimi, bir yad kimi..

Bilmişəm ki, babalardan ərməğandır bu torpağım,

Kimlər necə görür görsün,

Mənim üçün xanimandır bu torpağım.
 

Ağlım kəsən andan bəri dayanmadım,

durmamışam,

Öz oxumu yüz hədəfə vurmamışam,

Dünən bir cür, bu gün bir cür olmamışam,

Bu vətəndən qidalanıb ya da nankor olmamışam,

Ya naşükür olmamışam.

Çox görmüşəm vətəninə "təcavüzkar" deyənləri,

Çox görmüşəm düşməninə yaltaqlanıb

"Əsrlərdən dostluğum var" deyənləri,

Vətənini rəzil, qorxaq sananları,

"Nə döyüşmək, nə vuruşmaq?" söyləyərək

Ağız büzən nadanları.

Onlar " Nobel" sevdasında,

Dəbdəbəli xanədanlar xülyasında.

Onlar üçün vətənindən gərəklisi

Mükafatdır, rütbə, puldur.

Onlar ağıla hakim deyil,

Nəfsə quldur.

Boş vermişəm eləsini,

Boş vermişəm yada quyruq bulayanı,

Yad ölkənin köləsini.
 

Mənim isə məsləkim də vətənimdir,

Amalım da vətənimdir,

Mükafatım, medalım da vətənimdir.

Tək bildiyim, əgər mövzu vətəndirsə,

Nələr varsa, kənar edib birləşməli,

Lazım gəlsə, güc gəlməli, dirəşməli,

Vətənini təhqir edən ağızları bağlamalı,

Lazım gəlsə, can verməli,

Amma doğma vətənini ayaq üstə saxlamalı.

Ondan sonra kiminləsə bir yaralı yerin varsa, sən bilərsən.

Kinin, dərdi-sərin varsa, sən bilərsən.

Budur mənim tək bildiyim, tək düşüncəm,

Nə qədər ki yaşayıram, mən ölüncə

Vətənimin yanındayam,

Millətimin yanındayam,

Dövlətimin yanındayam!

 



 

Şəhid atası
 

Sən oğul böyütdün, elə oğul ki

Vətənçün ömrünü bitirən oğul.

Bu torpaq yolunda öz ölümüylə,

Adına ucalıq gətirən oğul.
 

Şəhidlik zirvəsi... Həmin zirvəyə,

Ey şəhid atası, oğlun ucaldı.

O elə zirvə ki fədailərçün,

Bir şirin arzudur, şirin xəyaldır.
 

O zirvə zirvələr içində başdır,

Onu fəth eləmək çətındən çətin.

Oğlun fəth elədi, daha rahat ol,

Bil, hədər getmədi sənin zəhmətin.
 

Əlinin qabarı, alnının təri,

Onu yetişdirdi igidtək, ərtək.

Verdiyin öyüdü oğlun, ay ata,

Çəkdi sinəsinə, çəkdi sipərtək.
 

Vətən kəlməsini, vətən sözünü,

Hər sözdən yüksəkdə o, tuta bildi.

O sözü bir kimsə unutmamaqçün,

Oğlun öz-özünü unuda bildi.
 

Bilirəm ağırdır çəkdiyin acı,

Bu da bir yazıdır, sənə yazıldı.

Oğlunun adicə torpaqda deyil,

Vətənin köksündə qəbri qazıldı.
 

Vətənin köksünə gömülən ərlər,

Ölməzlik adını daşıyır bil ki,

Bu ölüm xoş duyğu, bu ölüm həzdir,

Bu ölüm sadəcə ölüm deyil ki.
 

Başını dik saxla, belini şax tut,

Şəhid atasısan adın müqəddəs.

Doğrudur, çəkdiyin dərd elə dərddir,

Dağ üstə yükləsən, dağ çəkə bilməz.

İtirmə əzmini, qətiyyətini,

Çalış ki ürəyin səbrlə dolsun.

Kim ki verən zaman başsağlığını,

Dedin "Baş nədir ki, Vətən sağ olsun"
 

Səndəki bu eşqə, mən bu sevgiyə,

Bilmirəm nə deyim, şəhid atası.

O böyük qəlbinin önündə durub,

İzn ver baş əyim, şəhid atası.



Şəhid Xudayar Yusifzadənin əziz xatirəsinə

 

Xudayar
 

Doğumun nəğməli çeşməyə döndü,

Ölümün bir şirin yuxu, Xudayar.

Səni sevənlərin yoxluğun ilə,

Barışa bilməyir axı, Xudayar.
 

Qələbə-şəhidlik, uğur-şəhidlik,

Əyilməz iradə, qürur-şəhidlik,

Vətən sevgisindən doğur şəhidlik,

Bunu dərk eləməz çoxu, Xudayar.
 

Deyil tapdaq altda yurd əvvəlkitək,

Açmış Xarıbülbül, açmış tər-çiçək.

Dər, qoxla sevinclə öz içinə çək,

Bürüsün ruhunu qoxu, Xudayar.
 

Bizlərə örnəksən öz əməlində,

Dəyər qazanmısan doğma elində.

Dur, vətən gözləyir, dur öz dilində,

"Xudayar təsnifi" oxu, Xudayar.

“Xudayar təsnifi” oxu, Xudayar!



 

 

Eheey, düşmən!

Eheey, düşmən,

Qarı düşmən!

İstəyirsən dörd yanını sarı, düşmən.

İstəyirsən aramızda gözgörməyən bir sədd yarat,

İstəyirsən keçilməyən sərhəd yarat.

Keçəcəyəm, gələcəyəm,

Al qanını topraq üstə tökəcəyəm,

Qələbəmə qəh-qəh çəkib güləcəyəm.

Qanad açıb uçsan göyə,

Qanadından vuracağam.

İnadından dönməz olsan,

İnadından vuracağam.

Arzuları çıxardaraq ürəyindən od vuracam,

kül olacaq.

Qəzəb dolu baxışlarım

gözlərinə mil olacaq.

Oyacağam oyum-oyum.

Məni yaxşı tanımırsan.

Mən bir Türkəm,

Türk oğluyam, türkdür soyum.

Min illərin arxasından əslim bəlli,

Köküm bəlli, nəslim bəlli.

Bu bəşərin beşiyində ilk olaraq yatan mənəm,

Mənə göylər layla çalmış,

Bu dünyanın hər yerində izim qalmış,

Orduları pərən salan, alay pozan millət mənəm,

Tarix yazan millət mənəm,

Şərqdən Qərbə hökm eyləyən hökmranam,

Bilgə Xaqan, Alp Arslanam,

Atillayam, Çingiz xanam,

Teymurləngəm, İsmayılam,

Sultan Mehmet, Süleymanam.

Nökər olmaq, əsir olmaq...

O hisslərə tamam yadam,

Mən Babəkəm, mən Kürşadam.

Torpağıma əl uzansa,

Biləyindən kəsən türkəm.

Düşmənlərin başı üstə,

Qasırğatək əsən türkəm.

Bəs sən kimsən?!

Tarix boyu onun-bunun kölgəsində daldalanan bir zavallı,

Başqasının hesabına lovğalanan bir zavallı.

Yaşadığın o torpaqlar sənin deyil,

Mənim yurdum, vətənimdir.

Öz elimdir, məskənimdir.

Buz bulaqları mənimdir,

Axar çayları mənimdir,

Uca dağları mənimdir.

Bəsdir daha at oynatdın,

Qılınc çəkdin.

Baş apardın, zəhlə tökdün.

Yetər daha, qarı düşmən,

Gəlirəm mən.

Mən gəlincə ağlın varsa,

O yerlərdə çalış durma,

Zəfər çalmaq sənlik deyil.

Xəyallarla ürəyini ovundurma.

Nə qədər ki, anan ağlar qalmayıbdır,

Cəhənnəm ol!

Nə qədər ki, boş başına bu dünya dar olmayıbdır,

Cəhənnəm ol!

Qaçmaq sənə eyib deyil,

Əkil, çıx get!

Nə qədər ki, ölməmisən,

Çəkil, çıx get!
 

Eheey, düşmən.

Gəlirəm mən!


Sevin Azərbaycanı!

Sevin Azərbaycanı,

Bu vətən sizə əziz.

Yad ölkədən heç zaman

vətən olmaz şübhəsiz.

Hər şeyini sizlərə bağışladı bu vətən.

Sizlər də nəyiniz var fəda edin vətənə

qorxmadan, çəkinmədən.

Başınızda tac kimi saxlayın hər an onu,

Qoyun hər kəs görsün ki,

Ulu Azərbaycanın

dünyada hər ölkədən ən yüksək olduğunu.

Bu vətən nələr çəkdi tarixin yollarında?

Məhv olmadı, yaşadı

səraslanım Babəkin kəsilmiş qollarında,

Xətai qılıncının zərbəsi, kəsərində,

Oğulların, qızların gücündə, hünərində,

Son sözü “Vətən” olub

qürbətdə can tapşıran fədailər sözündə,

Neçə-neçə övladın yurd həsrəti çəkməkdən

tor bağlayan gözündə.

Yaşadı..Yaşadı ki,

bizlərə vətən olsun.

Yersiz, yurdsuz olmayaq,

Bizlərə də dünyada yurd olsun,

məskən olsun.

 

Sevin Azərbaycanı!

Himni səslənən zaman ayaq üstə dayanın,

Gerbinə hörmət edin,

Bayrağını dünyanın harasında olsanız,

Müqəddəs bayraq sanın.

Dağlardan uca tutun vətənin hər dağını,

Cənnətə tay göstərin

hər çəmən, hər bağını.

Gursulu çaylarını çaylardan üstün bilin,

Vətəndə yaşanılan ömrünüzdən hər günü

ən müqəddəs gün bilin.

Ehtiraslı eşq ilə çiçəyini qoxlayın,

Yerə düşən bir tikə çörəyini götürüb

göz üstündə saxlayın.

Səbəbmi gərək sizə,

xətirmi gərək sizə?

Bu sevgini səbəbsiz yeridin qəlbinizə.

Vətənə qurban gedən igidləri düşünün,

Say-hesaba sığmayan şəhidləri düşünün,

Övlad dağı yaşayan anaları düşünün,

Qardaş acısı çəkən bacıları düşünün,

Yetimliklə böyüyən qanadsız mələkləri,

sonaları düşünün,

Əsirlikdə əzilən hər vətən övladını,

Ərini qurban edən neçə ərsiz gəlinin

Ahını, fəryadını.

Düşünün, sevin, axı

Tək sizin sevginizlə mümkündür bu vətənin

vətəntək yaşamağı.

 

Sevin Azərbaycanı!

Deməyin mən Şəkili, Bakılı, Şirvandanam,

Gəncəliyəm, Qubalı, Qazaxdan, Salyandanam.

Deyin Türk yurdundanam, Böyük Turandanam mən,

Odlar ölkəsindənəm, Azərbaycandanam mən.

Əslim, nəslim türk olmuş,

tarixdə ad qoyanam,

Kimliyimi, kökümü anlayanam, duyanam.

Mənim vətənim vardır

vətənlərdən gözəli,

Canım qədər əzizdir

hər obası, hər eli,

Anam kimi müqəddəs varlığımdır o mənim,

Əvəzsizdir dünyada

mənim doğma vətənim.

 

Öz halınıztək bilin vətənin hər halını,

Sevin hər tərəfini,

Cənubu, şimalını,

İşiniz, peşənizdən

siz asılı olmadan,

Bu vətəni hər yerdə yaşadın zaman-zaman.

Qoymayın ki, bu vətən yadlara tapdaq ola,

Qoymayın ki, kimlərsə bu yurda ortaq ola,

Kimlərinsə əlləri bu vətənə yönələ,

Qoy bəşər anlasın ki, ölməmişik biz hələ.

Sevin Azərbaycanı,

Sevin Azərbaycanı!




 

Vətənçün döyüşən vətəndaşlarım.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş azsaylı xalqların igid övladlarının əziz xatirəsinə.

 

Yurdumun üstünə düşmən gələndə,

Döyüşdü yurdumda yaşayan xalqlar.

Onlar fərq qoymadı milli mənşəyə,

Dedilər "Bizimçün tək bu vətən var"
 

"Bu mənəm", "Bu sənsən", "Bu odur" deyə,

Onlar nə bölündü, nə parçalandı.

" Anamız" deyərək Azərbaycana,

Buranı öz doğma vətəni sandı.
 

Ləzgi də vuruşdu, talış da, tat da,

Avar da, udin də, kürd də döyüşdü.

Ormana çaqqallar hücum edirdi,

Aslan da döyüşdü, qurd da döyüşdü.
 

Albert Aqarunov cəsur ürəklim,

Yəhudi balası qəhrəmanımdır.

Saxur Fəqan ilə ingiloy Ruslan,

Hər biri ayrıca səraslanımdır.
 

Axıska türkləri, qanı qanımdan,

İgid Aznaurov unudularmı?

Talış Soltanağa yenilməzliyim,

Ləzgi Çingizimin bənzəri varmı?
 

Ramazan Cırınqov-avar pələngi,

Unutmaq olarmı o cür oğlanı?

Belarus əsilli Anatolini,

Əsla qorxutmazdı döyüş meydanı.
 

Rus oğlu Kovolyov Yurimə əhsən,

"Bura da mənimçün vətəndir" dedi.

Ruslan Polovinka geri durmadı,

Keçdi öz canından xaxol igidi.
 

Ayaz var, İmran var, Əkrəm var hələ,

Onlar tat xalqının gəncavərləri.

Tapdıq comərd idi, Bakıxan qoçaq,

Şirtək döyüşdülər rutul ərləri.
 

Vətənçün döyüşən vətəndaşlarım,

Onlar bu vətənin vətəndaşıdır.

Bircə toxunuşla yağı düşmənin,

Köksünü dağıdan vətən daşıdır.
 

Girməsin araya qaratikanlar,

Biz birik, birgəyik, birlikdə varıq.

Biz vətən naminə, biz vətən üçün,

Bir Vətən olaraq tarix yazarıq.



Şəhid qadın Arəstə Baxışovanın əziz xatirəsinə

Şəhid qadın

 

Şəhid qadın.
 

Açılmamış çiçək təki

solan qadın.

Həyatını vətəninə qurban edən,

nakam gedən,

duasını Allahından alan qadın.

Dolu kimi yağan güllə yağışının

altındakı yaralanmış əsgərimin

qayğısına qalan qadın.

Ürəklərdə nura dönən nur həyatlım.

And içdiyi öz andını pozmayanım-ağ xalatlım.

Şəhid qadın.
 

Qadın kimi göz açsan da bu dünyaya

Ərən qadın, igid qadın.

Şəhid olan oğulların cərgəsində

şəhid qadın.

Sən bir daha göstərdin ki,

Aslanlara fərq qoyulmaz,

“Aslanlarda ərkək olmur, dişi olmur”

Bu vətənçün döyüşəsi övladların

biri olmur, beşi olmur.

Onlar saysız, hesabsızdır.

Fərq eləmir bu oğlandır,

Ya bu qızdır.

Hamı birdir vətən üçün.

Sinələrin ürəyi bir,

Arzusu bir, diləyi bir.

Bir amal var bu vətəndə.

Yeri gəlsə, ölməliyik eldən ötrü

sən də, mən də.
 

Şəhid qadın,

Neçə-neçə yaralanmış əsgərimin

yarasına məlhəm oldun.

Gecə-gündüz qayğı çəkdin,

diqqət etdin, həmdəm oldun.

Sən onlara həyat verdin,

Yaralardan sağaldılar.

Onlar yenə düşmənlərin

gözlərində dağ oldular.

Neçə igid həyatına dönə bildi,

O şəfalı əllərinlə

“Ölüm” adlı kabusunu yenə bildi.

Bu zamandan sonsuzadək

Hər addımın bizə örnək.

Bizə örnək əməlindir,

Bizə örnək həyatındır.

Sən başqa cür olammazdın.

Axı sənin soydaşların

Gültəkindir, Salatındır.

Sən də elə onlar kimi öz borcunu

bu vətənə verə bildin.

Sən də elə onlar kimi bu vətəni

Ən yüksəkdə görə bildin.
 

Şəhid qadın,

Adın daim yaşayacaq,

Bundan sonra neçə körpə doğulacaq,

sənin adın qoyulacaq,

Həmin körpə sevə-sevə

o adını daşıyacaq.

Sən dillərin nəğməsisən,

Könüllərin bəstəsisən,

Sən yurdumu anasısan,

Sən yurdumun bacısısan,

Vətənin Arəstəsisən,

Vətənin Arəstəsisən!


Cəza

Laçın şəhərini tərk etməyə hazırlaşan ermənilər kilsədə son dəfə göz yaşları içində liturgiya (ali ibadət ayini) keçirdilər.
 

Heç nəyi əvəzsiz buraxmır zaman,

Onun qanunu var, onun hökmü var.

Bir vaxt göz yaşını tökdüyün insan

Zamanı gələndə səni ağladar.
 

Bu gün ikonalar önündə durub,

Göz yaşı içində dua edirsən.

Tanrıya əl açıb özünü yorma,

Dualar gecikmiş, ey qarı düşmən.
 

Tanrının səbri var, gözlədi səni,

Sənin öz yoluna dönməyin üçün.

Sən isə yolunu dəyişdirmədin,

Bəs niyə göz yaşı tökürsən bu gün?
 

Kilsədə-müqəddəs məkanda ayin..

Sən heç bilirsənmi nədir müqəddəs?

Yox, sən anlamazsan, axı nadanlar,

"Müqəddəs" sözünü dərk edə bilməz.
 

Sizə çörək verən əli kəsdiniz,

Biz də göz yaşında yanıb qovrulduq.

Doğma yurdumuzda yer verdik sizə,

Sonda yurdumuzdan didərgin olduq.
 

Sənin dininə də hörmət bəslədik,

Biz sevdik İncili, sevdik İsanı.

Sən etdin məscidi donuz tövləsi,

Bəs sənin müqəddəs dəyərin hanı?
 

İsaya verilən Tanrı kitabı,

İncilin ilk əmri "Sev" deyildimi?

İsanın sevdiyi nələr vardırsa,

Bəs sənin ürəyin sevə bildimi?
 

Sevmədin sən onun sevdiklərini,

İndi günahsızsan, mələksən guya.

Yolunu azdığın Ulu Tanrının

Nəyinə gərəkdir bu liturgiya?
 

İndi anladınmı, haqq olan bizik,

Son dualarını elə, çəkil get.

Bir də ayaq basma bizim torpağa,

Doğma Vətənimi biryolluq tərk et.
 

Edin duanızı, edin, sizlərin

Onsuz da sonuncu duasıdır bu.

Çəkin cəzanızı sonsuza qədər,

Tanrının sizlərə cəzasıdır bu.


 

 

 

Salam, Dədə!

(Dədə Qorqudla söhbət)

Salam, Dədə!
Harda idin?
Görünmürdün nə zamandır.
Sən gedəli nələr olmuş bilirsənmi?
Türk elləri yasa batmış, pərişandır.
Sən gedəli oda düşdük,
Canımızı od götürdü, yandıq, yandıq,
Sən gedəli hissə-hissə parçalandıq.
Bozqurdu da hürkütmüşük, gəlmir daha,
Göz yaşıyla oyanır türk hər sabaha.
Bir vaxt türkün aman verib buraxdığı
İndi qanlı tarix yazır bu gününə.
Bir vaxt türkün qorxusundan
"Çin səddi"ni yaradanlar
indi sənin fərman verir ölümünə.
Bağlarında ağac-ağac meyvələri yadlar dərir.
İndi Qaraca Çobanlar
Dərbəndimdə qoyununa baxmaq üçün
yadelliyə xərac verir.
Bamsı Beyrək qılıncının altdan keçən
Yalıncıqlar sultan olmuş,
Görürsənmi nə qəribə dövran olmuş?

Dinlədikcə ağlayırsan,
Ağla, dədə!
Ağla! Türkmən dağlarında yetim qalmış
körpələrə ağla, dədə!
Kərküklərdə viran olmuş
Ailələrə, zümrələrə ağla, dədə!
Bir olmayan altı dövlət,
ölkələrə ağla, dədə!
Yad bayrağı dalğalanan
Zirvələrə ağla, dədə!
Yadellinin dağlarımda çapdırdığı
Altunlara baxıb ağla.
Qaradonlu kafirlərin alıb əsir apardığı
Neçə Burla Xatunlara baxıb ağla.
Sənin yadigar qoyduğun,
indi çilik-çilik olmuş,
qopuzları görüb ağla.
Qıpçaq Məlik zindanında əsir qalan
Uruzları görüb ağla.
Pərən düşən tayfaları:
Qıpçaqları, uyğurları, oğuzları görüb ağla.

Qopuzunu əlinə al,
boylar denən!
Dolaş Turan ellərini
Oba-oba, mahal-mahal,
boylar denən!
"Xudafərin körpüsü"nün üstündə dur
Bir boy boyla
Qoy yayılsın o gur səsin
/Savalanın zirvəsinə,
Qoy oyansın anam Təbriz gur səsinə.
Təkə-Türkmən ellərində boylar denən,
Bir də gəlsin ötən çağlar.
Uzaq Sibir çöllərində boylar denən,
Geri qayıtsın qıpçaqlar.
Bəlkə, Dədəm gəldi deyib,
Türk elləri oyanacaq.
Səni görüb türk qəlbində
yurd sevgisi yaranacaq.

Get, ey dədəm, get, dayanma.
Qoy Günəşin şüaları
yollarına işıq olsun.
Səni gözlər türk elləri.
Dədəm, yolun açıq olsun!

Zaur Ilhamoglu

Qaval daşı.

Eheyy, ulu babam!
Səninləyəm, hay ver mənə.
Qobustanda, qayalıqda yatan babam
Min illərin arxasından Od yurdunun məşəlini
Əllərində tutan babam.
Hay ver mənə!
Varlığımdan, kimliyimdən
Nişan edən, soraq edən
Çay daşından alət edən,
Çaxmaq daşı qəlpələrdən biçaq edən,
Yağan yağış sularını
Hovuzlara cəm eləyib içən babam,
Vəhşi heyvan dərisini geyim edib
Bədəninə biçən babam,
Sən yatdığın "Ana zağa" kahasının önündəyəm
Diz çökmuşəm
Yalvarıram dönə-dönə
Hay ver mənə!

Yad deyiləm.
Mən də sənin əslindənəm, soyundanam.
Tayfandanam, boyundanam.
Sən ilk dəfə daş üstünə daş qoyduğun
Bu Vətənin övladıyam.
Can verdiyin, baş qoyduğun
Bu Vətənin övladıyam.
O Vətən ki, sən qoyduğun Vətən deyil
Nə o dağlar o dağ deyil,
Nə o çəmən çəmən deyil.
Parçalanmış, talan olmuş
Dağıdılmış, viran olmuş...
O Vətən ki, sən olanda ins-cinsi bilinməyən
Tayfalara, icmalara pay vermişik,
Dağımızdan dağ vermişik,
Çayımızdan çay vermişik.

Mağarana uzanıbdır əlim sənin,
Dur, qarşında ölüm sənin.
Nə olar dur!
Hanı mənim Qaval daşım?
Bir meydan qur.
Sədasını dinlədikcə
Təpərləşim, toparlaşım.
Vur, daşını daş üstünə
Bəsdir daha yaş axıtdım yaş üstünə.
Vur, döyəclə!
Dözənmirəm bu ürəklə.
Yer yarıla yerə girəm
Dözənmirəm, dözənmirəm.
Sən nə etdin?
Mən nə etdim?
Düz yol qoydun mənim üçün
Əyri getdim.
Sən özünə məskən etdin qayalığı.
Qayalıqdan qazanmışdın
Aililiyi, ucalığı.
Mənsə uca binalarda yaşasam da,
Öz əynimdə dəbli paltar daşısam da,
Neftim, qazım, hər sərvətim
Nə faydası? İşğaldadır məmləkətim.
Əllərində daş alətlə öz ananı qorudun sən.
Odlu silah əlimdəykən,
Öz anamı aldı düşmən.
Sən əlində dəyənəyin
Qız-gəlinin namusunu qoruyurdun,
Öz canından yurda sipər çəkə-çəkə
Tankım, topum ola-ola
Qız-gəlinim əsir düşdü
Namusuma saldım ləkə.

Vur, döyəclə daşlarını daş üstə
"Qavaldaşın" sədasına uymaq gərək.
Bu səsdəki keçmişimi
Mənliyimi, kimliyimi duymaq gərək.
Qoy, ayılsın yatanlarım,
Qoy, ayılsın mənliyini beş qəpiyə satanlarım.
Vətənimin hər övladı
Dəmir gücü biləyində,
Yurd sevgisi ürəyində,
Düşmənimə zəfər çalsın
Qisas alsın.
Qoy, düşmənin sinəsində od qalansın
Şanlı Vətən bayrağımız
Qarabağın səmasında dalğalansın.

Vur, ey babam, vur dayanma
"Qavaldaşın" sədaları
Təbrizimdə Savalanın ətəyində eşidilsin
Qoy,bir olaq, bütöv olaq
Dərbəndimdə, Borçalımda
İnsanların üzü gülsün.
Səsləndikcə bu cahanı
Qoy, titrətsin daşın səsi.
Qoy, çəkilsin bütöv yurdun
Yenə bütöv xəritəsi.

Zaur Ilhamoglu