“PALİTRA” ƏDƏBİ KLUBUNUN POETİK TƏBƏSSÜMÜLÜ ANLARI

Dünən (27.04.2025) AYB Mingəçevir bölməsinin nəzdində fəaliyyət göstərən “Palitra” Ədəbi Klbunun növbəti “son bazar” yaradıcılıq günündə yazarlarımız yenə də birlikdəydilər. AYB Mingəçevir bölməsinin sədri əvvəlcə yaradıcı həmkarlarını salamlayıb, onlara yönəlik xeyir-dualarını dilə gətirəndən sonra, növbəti ay ərzində görülməsi nəzərdə tutulan tədbirlərdən söz açdı. Bu dəfəki poetik əhval-ruhiyyəli söz məclisinə illər öncəsi Mingəçevir Dövlət Teatrında yaratdığı çeşidli səhnə obrazlarıyla hamını məftun edən Nəsibə Zeynalova mükafatı laureantı Kifayət Əliyeva, tanınmış şair Minarə İskəndər və AYB-nin üzvü, yazıçı-publisist Zümrüd Rəhimova da qatılmışdılar.
Əvvəlcə Kifayət xanım Minarə İskəndərin iki şeirini səsləndirib, xanım şairənin may ayının 17-də bölmənin xəttiylə keçirilən kitab təqdimatında iştirak edə bilmədiyinin üzürxahlığını etdi. Zümrüd Rəhimova şəhid ömür-gün yoldaşına həsr etdiyi mənsur şeirini oxuyaraq cəmi şəhidlərimizə qəlbində bəslədiyi ehtiram hissini “sərgilədi”. Oxucuların ilk növbədə lirik şeirlər müəllifi və peşəkar qiraətçi kimi tanıdıqları Minarə İskəndər isə, sevgi-məhəbbət motivləri əsasında qələmə aldığı üç yığcam-lakonk şeirini özünəməxsus tərzdə oxuyaraq, həmkarlarını məftun etməyi bacardı...
Ədəbiyyat sevdalısı Rəşid Rəsulov həmişə olduğu kim xeyir-dualarıyla yadda qaldı. Bölmə rəhbərinin zarafatla “ahıl və cahıl şair dostumuz” adlandırdığı Ağabala Salahlı bu dəfə də əhdinə xilaf çıxmadı,-məhəbbət mövzusunda qələmə aldığı bir şeiriylə hamının üzünü güldürdü.
Son illərdə AYB-nin üzvü qismində uğurlarını sıralayan gənc yazarlar,- Nicat Hunalpla Elçin Məhərrəm oxuduqları təzə şeirləriylə məclisə xoş ovqat hissi bəxş etdilər. Şair-publisist Məmməd Mərzili və Mahir Musanın oxuduqları şeirlər də diqqətdən kənarda qalmadı. Şair Eldəniz Cəfəroğlu iki satrik şeiriylə doğru-dürüst adamların qanlarını zəli kimi soran rüşvətxor məmurları və harın sahibkarları misra-misra “qamçıladı”. AYB-nin Mingəçevir bölməsinin xəttiylə keçirilən tədbirlərə cəmisi iki ildən bəri qatılan Əhməd Əfsun bu dəfə də ürəyinin dərin qatlarından süzülüb gələn poetik duyğularını yazar dostlarıyla paylaşdı. Şair-hüquqşünas, AYB-nin üzvü Bəhman Gülövşəlinin şeir sovqatı da yetərincə “ağırçəkili” oldu. Şair İsmayıl Mərcanlının sonda oxuduğu şeirlər tədbir iştirakçılarına nəcib hisslər aşılamaq baxımından əhəmiyyət kəsb etdi və “Palitra”nın poetik təbəssümlü anları beləcə sonuclandı...
VAHİD QAFARLI
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


