Ayaz Arabaçı :- Səni tikə-tikə olasan.

Ədəbiyyat 07:29 / 11.05.2025 Baxış sayı: 1285

 

Səni mənə hər addımda quran var,

Tələm, səni tikə-tikə olasan.

Yollarımı sənə tərəf buran var,

Gələm, səni tikə-tikə olasan.

 

Çörək kəsdim-duzu tutdum coşmadın,

Qurban dedim, quzu tutdum coşmadın,

Nəzir qoydum, arzu tutdum, coşmadın,

Ələm, səni tikə-tikə olasan.

 

Yox bu eşqin səmasında ay izi,

Unutmaqdı ona görə caizi,

Üst-üstədi həsrətimin faizi,

Sələm, səni tikə-tikə olasan.

 

Ağrı dağın ətəyində qalmışam,

Bir ovçunun tətiyində qalmışam,

Ərzurumun gədiyində qalmışam,

Lələm,səni tikə-tikə olasan.

 

Adım düşüb min-min dilə ağıza,

Nədən belə küs düşmüsən kağıza,

Niyə heç nə yazmayırsan o qıza,

Qələm, səni tikə-tikə olasan...