Xanlar Səfərəliyev yaxşı kişidi, yoxsa Pyotr Montin? yaxud Bakıda adına onlarla obyekt olan Montin kim olub?

Nə vaxtsa qəzetlərin birində tanınmış jurnalist Faiq Şükürbəylinin “Bir mahnı haqqına” başlıqlı kiçik bir məqaləsini oxumuşdum. Müəllif tanınmış bəstəkar Bəhram Nəsibovun təhrifə məruz qalan “Qarabağ” mahnısından söz açaraq bildirirdi ki, mahnının əsl sözləri qalıb bir tərəfdə, yad-yabançı ifadələr efirlərə yol tapır. Bu mahnıda “Əməyi güllər açan Xanları, Bünyadı var” misrası “Sərdarı, Bünyadı var” kimi ifa olunur. “Bu isə böyük yanlışlıqdır. Ona görə ki, Sərdar-Bünyad, hər ikisi eyni şəxsdir. Onun adı Bünyad, soyadı Sərdarovdur. Mahnıdan Xanların adının çıxarılması təəssüf doğurur ”.
Müəllif burada paralellik apararaq bildirirdi ki, Pyotr Montin də inqilabçı idi. Hazırda Montinin adına Nərimanov rayonunda kafe, çayxana, əyləncə mərkəzi, restoran və s. fəaliyyətdə olduğu halda, Xanlar Səfərəliyevin adı hər yerdən, hətta mahnıdan da silinir. Halbuki vaxtı ilə Azərbaycanda Xanların adına iki rayon, qəsəbə, küçə, məktəb, klub, mədəniyyət evi və s. mövcud idi. Müəllif burada belə bir sual verir: Montin yaxşı kişidi, yoxsa Xanlar Səfərəliyev?
Əvvəla, Xanlar haqqında bir neçə kəlmə. ASE-də yazılır: Səfərəliyev Xanlar Həsən oğlu (1885, indiki Füzuli rayonunun Qoçəhmədli kəndi-26.09. 1907, Bakı.-fəhlə-bolşevik, mübariz inqilabçı. 1904-cü ildən RSDFP üzvü. İbtidai təhsilini kənd məktəbində almış, sonra Bakıya köçmüş, Bibiheybət neft mədənlərində, “Naftalan şirkəti” zavodunda işləmişdir. Bakı proletariatının 1904-cü il dekabr tətilinin təşkilatçılarından olmuşdur. Birinci rus inqilabı (1905-1907) dövründə Səfərəliyev RSDFP Bakı təşkilatı Bibiheybət rayon komitəsinin və bolşevik “Hümmət” təşkilatı İcraiyyə Bürosunun üzvü kimi fəhlələr arasında təşviqat və təşkilat işi aparmış, tətil hərəkatına başçılıq etmiş, bolşevik qəzet və vərəqələrinin yayılmasında fəallıq göstərmişdir. 1907-ci ilin payızında “Naftalan şirkəti” fəhlələrinin tətilinə rəhbərlik etmişdir. Səfərəliyevin yorulmaz inqilabi fəaliyyəti neft sənayesi sahiblərini hiddətləndirirdi. Onların təhriki ilə Səfərəliyev xaincəsinə öldürülmüşdür. Səfərəliyevin dəfni Bibiheybət partiya komitəsinin çağırışı ilə Bakı proletariatının ikigünlük izdihamlı siyasi tətilinə çevrildi. Sentyabrın 29-da Şıx kəndi (sonralar Xanlar qəsəbəsi) qəbiristanında düzəldilən matəm mitinqində İ. V. Stalin, M. Ə. Əzizbəyov, S. M. Əfəndiyev və b. nitq söylədilər. Səfərəliyevin adına Azərbaycanda rayon, Bakıda qəsəbə, küçə və s. var. Qəbirüstü büstü qoyulmuşdur. Səməd Vurğunun “Xanlar” pyesi Səfərəliyevin inqilabi fəaliyyətinə həsr olunmuşdur.
Bəs Pyotr Montin kimdir?
Pyotr Vüsilyeviç Montin 1882-ci ildə Tiflis quberniyasının Ağbulaq kəndində doğulub. 19.12.1905. Bakı). 1900-cu ildən Komm.Partiyasının üzvü, peşəkar inqilabçı idi. Gizli siyasi dərnəklərdə iştirak etdiyi üçün 1902-ci ildə həbs edilmiş , 1903-cü ildə həbsdən azad olub Bakıya gəlmişdir. Burada partiya işi aparmış, ümumsiyasi tətillərin təşkilində fəaliyyət göstrmişdir. RSDFP Bakı Komitəsinin tərkibinə daxil edilmişdir. Ağşəhər, Bibiheybət rayonlarında Bakı partiya təşkilatının birləşmiş icraiyyə komissiyasına daxil olmuş, RSDFP Qafqaz ittifaqının 4-cü konfransında iştirak etmiş, silahlı üsyan hazırlanması və ona rəhbərlik edən Qafqaz bürosuna üzv seçilmişdir. 1905-ci ilin dekabrında Bakı bolşeviklərindən RSDFP-nin Tammerfors konfransına nümayəndə seçilən Montin yola düşən gün öldürülmüşdür.. Bakıda Montin adına zavod, küçə, park (burada abidəsi qoyulmuşdur)
Bəzi mənbələrdə isə bildirilir ki, Pyotr Montin fəaliyyəti dövründə milliyyətini gizlətmiş, erməni olduğunu bildirməmişdir. Onun soyadı Montin deyil, Montiyan olmuşdur.
Bu barədə tarixçi Araz Vəliyevin internet saytında yazdığı fikirləri də maraqlıdır. O yazır ki, Pyotr Montin də bizim xalqımıza qan udduran boleşviklərdən biri olub. Onu hər hansı yolla təbliğ etmək yolverilməzdir. Sovet dövründə hətta onun şərəfinə qəsəbə də saldılar. Deməli, bolevizmin təbliğində, azərbaycançılığa qarşı siyasətdə onun kifayət qədər əməyi olub ki, adı əbədiləşdirilib. Onun törətdiyi əməllər haqqında məlumat almaq üçün N.Nərimanovun yazılarını oxumaq bəs edər”. Məlumata görə, hətta Pyotr Montinin əsl soyadı Montiyan olub. Bakıda Şirvanşahlar dövründən yaşayan ailəyə məxsus çaxır-likör fabrikantının ailəsində doğulan və həddindən ziyadə varlı yaşayan Pyotr Montyan tez-tez həbsxanalara düşüb. Bu səbəbdən də onun hərbi rütbəsinin olması şübhə doğurur. Montiyanın erməni terrorçusu Tatevos Amirovla birlikdə varlı müsəlman ailələrini soymaqla məşğul olduğu barədə də məlumatlar mövcuddur. Deyilənə görə, onlar varlı müsəlman ailələrin övladlarını oğurlayaraq, əvəzində pul tələb edirmişlər.
Bolşevik qruplaşmasının üzvü olmuş P.Montiyan öz yoldaşları tərəfindən öldürülüb. Onu Qəzənfər Musabəyovun dəstəyi ilə Lavrenti Beriya vurub. Maraqlıdır ki, Bakıda onun abidəsini də məhz Qəzənfər Musabəyov açıb. Həmin vaxt Qəzənfər Musabəyov Mərkəzi İcraiyyə Komitəsinin sədri olub.
Elman Qasımov,
“Zərdabi Nəşr” MMC-nin direktoru