Türkiyədə böyük antiterror əməliyyatına başlanıldı: Minlərlə təhlükəsizlik işçisi cəlb edildi - VİDEO

DÜNYA 13:06 / 03.10.2023 Baxış sayı: 4169

Türkiyədə səhər saatlarından etibarən ölkə üzrə böyük antiterror əməliyyatına başlanılıb.

Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında məlumat verib.

Məlumata görə, bütünlüklə ölkə ərazisini əhatə edən əməliyyata 13 min 440 təhlükəsizlik əməkdaşı cəlb edilib və 466 antiterror əməliyyatı həyata keçirilib.

Altı vilayətdə keçirilən əməliyyatlar zamanı çox sayda terror şübhəlisi saxlanılıb.

“Bütün Türkiyə ərazisində separatçı terror təşkilatına qarşı başladılan “Qəhrəmanlar” əməliyyatları çərçivəsində Mersin, Van, Şanlıurfa, Mardin və Aydın vilayətlərində terror təşkilatına üzv olmaqda şübhəli bilinən 12 nəfər ələ keçirilib. 16 vilayətdə həyata keçirilən əməliyyatlar zamanı 55 terror təşkilatı üzvü saxlanılıb.

Əziz xalqımızın bilməsini istəyirəm ki, biz heç bir terrorçuya göz açmağa imkan verməyəcəyik. Təhlükəsizlik güclərimizin üstün səyləri ilə mübarizəmizi fasiləsiz olaraq davam etdirəcəyik.

Hazırda terrorla mübarizə çərçivəsində həyata keçirilən əməliyyatlara ümumilikdə 13 min 440 qəhrəman vətən övladı cəlb edilib.

Əməliyyatlarda iştirak edən Milli Kəşfiyyat Təşkilatı, polis və jandarmlarımızın hər birinin alnından öpürəm. Allah ayaqlarınıza daş dəydirməsin”, - deyə Ali Yerlikaya qeyd edib.