Tanınmaq haqqında yazdı  Xaliq Rəhimli

YAZARLAR 10:42 / 11.07.2024 Baxış sayı: 1885

 

Ədəbiyyatda müxtəlif cür "tanınmaq" var. Ədəbi mühitdə tanınmaq, əsasən hay-küy hesabına. Xalqın sənnən xəbəri yoxdur amma sən xalqın adından danışırsan,kitab nəşr etdirirsən, İmza günü keçirirsən. Bir az qohum -əqrəba,  bir az dost filan. Nişana oxşar bir şey. Elə bil söyüş qoyublar ki, tənqid olmaz. Saxta təriflər, saxta alqışlar, ət-tökən çıxışlar. İştirakçılar səbəbkara azərbaycan ədəbiyyatında "özünə məxsus" yer axtarırlar, və asanlıqla tapırlar. Az keçmir ki, yüz səhifəlik şeri haqqında üç yüz səhifəlik kitab yazılır...

-Var, imzasından tanınmaq. Yəni əsərinin effektinin zəif olmasından asılı  olmayaraq ona-buna imkan vermədən adının tez-tez görünməsi və zorən yaddaşa pərçim olunması. Buna deyirlər imzasından tanınmaq. Yəni heç bir yazısı ,sözü yadda qalmadan sadəcə adı, təxəllüsü çox hallandığından, gözü döydüyündən imzasının yadda qalması . Filan şairi tanıyırsanmı-soruşanda ,-hə, imzasını tanıyıram -deyir...

-Var ,şəklindən tanınmaq. Yəni  şerindən xeyli böyük olan şəklinin oxucunun gözünü döyməsi ilə yadda qalmaq. İri "mənalı" şəkil adətən səif yazını ört-basdır eləmək üçün nümaiyş etdirilir. Əlbəttə bunu istedadlı  mətnin mövzusuna uyğun hər hansı mənzərənin və müəllifin şəklinin qovuşuğundan  alınan təbii bədii kompozisiya ilə qarışdırmaq olmaz.

-Var, musiqi sahəsində olduğu kimi ədəbi qalmaqalla yadda qalmaq Tarixi şəxsiyyətlərə, haqq dünyasında uyuyan şair və yazıçıların ruhuna sataşmaqla, nəhayət onların varisləri ilə ədəbi şounu davam etdirməklə tanınmağa çalışanlar. Özünü tanımayanların özünü tanıtmaqları daha  tragikomik görünür. Əllaməçiliklə məşğul olub ədəbiyyatdan əbədiyyətə can atanlar daha qorxuncdur.

-Var ,sözündən tanınmaq. Bax bu tanınmağın ən mübarək ,ən ali mərhələsidir. Yazdığı sözdən yazarın bütün əlamətləri görünür- şəkli, xarakteri, şəxsiyyəti, dünyagörüşü və s. Çalışın sözündən tanınanlardan olun əziz dostlar!

Hörmətlə Xaliq Rəhimli