Tahir Rzayev, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri : - Azərbaycanın səsi kosmosdan gəlir

v
Ulu Öndərimiz Heydər Əliyevin iştirakı ilə 1973 - cü ildə Bakıda keçirilən 24 - cü Beynəlxalq Astronavtika Konqresinin əlli ildən sonra yenidən ölkəmizin paytaxtında keçirilməsi tarixin təkrarlanması ilə bərabər Azərbaycana göstərilən etimadın, qayğı və diqqətin ifadəsidir. 100 dən artıq ölkəni təmsil edən və 5000 dən çox iştirakçının qatıldığı bu tədbir yüksək beynəlxalq nüfuza malikdir və Azərbaycan on ildən çoxdur ki, bu kosmik ailənin üzvi kimi səmərəli fəaliyyət göstərir. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olan ölkəmiz kosmik sənayenin inkişafına böyük əhəmiyyət verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 74 - cü Beynəlxalq Astronavtika konqresinin açılış mərasimində çıxışında səsləndirdiyi fikirlər buna bir daha sübutdur “Belə bir mühüm qlobal tədbirə ev sahibliyi etmək bizim üçün şərəfdir fikrində olan dövlətimizin rəhbəri bildirmişdir ki, Bakıda keçirilən bu konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirməsinə mütləq yeni təkan verəcəkdir. Müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir”.
Prezidentimiz konqresin fəaliyyətinə böyük əhəmiyyət verməklə bərabər müstəqillik dövründə Azərbaycanın keçdiyi yola, yürütdüyü siyasətə, beynəlxalq aləmlə əlaqələrin möhkəmləndirilməsində göstərdiyi səylərə, qazanılan uğurlara diqqəti cəlb etmiş, demişdir ki, “bizim səylərimiz hər zaman aydın, şəffaf və birmənalı olub və dostlar qazanmasına və əməkdaşlığın gücləndirilməsinə yönəlib. Beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir”.
Cənab İlham Əliyevin söylədikləri reallıqdır və dünya ölkələri bu fəaliyyəti yüksək qiymətləndirir. Dünyada BMT - dən sonra ikinci ən böyük - 120 ölkəni öz ətrafında birləşdirən beynəlxalq təşkilata - Qoşulmama Hərəkatına dörd il uğurla rəhbərlik etmək, İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əlaqələr yaratmaq, onun mühüm tədbirlərini keçirmək, Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalamaq, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tədbirlərini keçirmək Azərbaycanın ali məqsədlərə xidmət etməsinin nümunəsi olmaqla bərabər, həm də onun dünyada artan nüfuzundan və iqtisadi inkişafından xəbər verir.
Öz torpaqlarını erməni təcavüzkarlarından xilas edən Azərbaycan qalib olmasına baxmayaraq yenə də sülhün tərəfdarıdır, heç bir dövlətin torpaqlarında gözü yoxdur. Xalqımız iqtisadi inkişafın, qurub - yaratmağın, dostluğun, əminamanlığın tərəfdarıdır.
Bunu Azərbaycan Prezidenti öz çıxışında bir daha qeyd etmiş və bildirmişdir ki, “ölkə üzrə son 20 il ərzində, ümumdaxili məhsul dörd dəfə artıb, büdcə gəlirlərimiz 30 dəfədən çox artıb, xarici ticarət dövriyyəsi on dəfədən çox artıb. Biz birbaşa xarici borcun həcmini azalda bildik və hazırda o, ümumdaxili məhsulun təxminən 10 faizini təşkil edir”.
Azərbaycan ikinci dəfə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edir. Həqiqətən də bu hər bir vətəndaşda qürur hissi oyadır. Çünki keçən əlli ildə Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin qoyub - getdiyi bünövrə, tövsiyə etdiyi tapşırıqlar, siyasət sayəsində, cənab İlham Əliyevin düşünülmüş planları, həyata keçirdiyi proqramlar, layihələr əsasında tamamilə dəyişmiş, mədəniləşmiş, inkişaf etmiş və dünyanın tanınan dövlətlərindən birinə çevrilmişdir.
Bu gün Azərbaycan kosmosa yollar açır və daha böyük nailiyyətlər, qələbələr sorağındadır.
(Demokrat.az)