SONA VƏLİYEVAnın    ŞEİRLƏRİ

Ədəbiyyat 08:00 / 29.05.2025 Baxış sayı: 1315

Bu gün filologiya elmləri doktoru, Əməkdar jurnalist, tanınmış şair SONA VƏLİYEVAnın doğum günüdür. Sona xanımıın şeirlərini təqdim edirik:
 

 


SƏTTAR ÜÇÜN

 

Ləçək-ləçək, pöhrə-pöhrə çinarım,

Ana oğul, Vətən əsgər böyüdür

Torpaq qorunursa, Vətən olacaq,

Bu, min ilin Dədə Qorqud öyüdüdür

 

                                                         Müəllif

 

Sən ağzımın dadısanmış,

Gözümdə nur, süfrəmdə şam.

Səndən başqa bir kimsəyə

Bu sevgini qıymamışam.

 

Kimlər gəlsin, kimlər yozsun

Bala sirrin, bal sevincin.

Balam badammış, Allah,

Balası badam içi.

 

Vətən Səttar qalasıdı,

Adın tarixin yaddaşı.

Bu gün körpəm, noğulumsan,

Sabah ölkə vətəndaşım.

 

Hər oğul düşmən çəpəri,

Sıralansın sağım-solum.

Hər oğul Vətən qalası,

Hər oğula qurban olum!

Bir ev Tanrı duasında,

Burda bir əsgər böyüyür.

Qucar güneydən-quzeyə,

Vətən sərhədi böyüyür.

 

 

“ŞUŞANIN  DAĞLARI”N  OYNAYAN  OĞLAN

 

(“Əvvəl axır” romanının müəllifi Mahirə xanıma)

 

“Şuşanın dağları başı dumanlı”,

İçindən sınmış bir cavan oynayır.

Sındıra-sındıra,

Gözləri dumanlı,

Başı havalı,

Əlləri havada, ayağı yerdə.

 

“Şuşanın dağları”  qanını coşdurur,

Toz dumana qarışır,

Elə bil oynaya-oynaya Şuşaya yaxınlaşır.

Sümüklərim ovulur, 

Ovum-ovum.

Sahibsiz dağlar iti neştər kimi,

İçimi doğrayır

Tikə-tikə, buğum- buğum.

 

Qayalar nizəyə dönür, gözlərimi oyur,

Bir ağac koğuşu oyulan kimi.

Key-key dayanmışam,

Deyəsən, mən ağrı hissimi də yadırğamışam.

Yüz-yüz oynayanı görmür gözlərim,

Dağlar üstümə uçur,

Dağlar üstümə gəlir.

 

Altında yüzlərlə mənim kimisi inildəyir,

Minlərlə inilti üstündə,

“Şuşanın dağları” dillənir.

Dağ-daş yeriyir,

Ölülər dirilir, itkinlər geri dönür.

Aman Allah!

Bu oğlan oynaya-oynaya

Şuşaya qayıdış muştuluğu gətirir elə bil.

Əlləri havada

qışqırır, qıy çəkir:

Salam, Şuşa,

Biz qayıtdıq, gələ bilərikmi?

 

 

RUHUM YOLLAR AYRICINDA

 

ATA EVİM

 

Bir yüyənsiz köhləndi xatirələrim,

Ata evim.

Hər gecə yuxuma gələrsən,

Ruhuma dinclik gətirərsən,

Üstü dolu gilasıyla, tutuyla

Gözümə, könlümə toxluq əkərsən.

Ürəyimə genişlik gətirərsən.

Dağlarını köksümə sıxıb,

Bulaqlarını gözümə yığıb,

Böyüklük, aydınlıq gətirmək

İstəyirəm şəhərdəkilərə.

Paylı, boğçalı evim.

Gözum zilləndi bir nöqtəyə,

Kirpiyimdən asıldı dəcəl uşaqlığım.

Qızıma bənzər, pırtlaşıq saçlı

qız mənəm deyəsən.

İlişib qalmışam tut budağında,

Gözüm bulaq kimi dolub.

Yıxılmağamı bəndəm, ya sözü

Bəndəm.

İçimdə qərib duyğular,

Quş qanadında uçuram

Sənə doğru,

Ata yurdum.

Doyunca qalacağam deyə,

Gəlirəm, qala bilmirəm.

Səsləyir arxadan öz evim, ocağım.

Kimsə qohumlardan sataşır mənə,

Kimi də məni qınar:

«Çıxan qız çığdan baxar»

Zarafat önündə gülmərəm,

Dolan gözlərim içimə boşalar.

Siz Allah qınamayın məni,

Doğmalar,

Özüm də bilmirəm nəyin

Möhtacıyam.

Mən bu yollardan nigaran,

Yol ayrıcında bitən,

Tənha gilas

Ağacıyam!

DÜNYA GÖZLƏRİMDƏ ÇƏHRAYI RƏNGDƏ

 

(«Dünyanı çəhrayı rəngdə görürsən» deyən rəfiqəmə)

 

Bir nağıllı dünyam gen düşdü məndən,

Qayası çəhrayı, daşı xınalı,

Canımın istisin, ağzımın dadın

İtirdim o yerdən, yurddan aralı.

 

Kürüydüm, dəcəldim, ərköyün idim,

Analı, nənəli dünyam var idi.

Mənim oyuncağım böcəklər, quşlar

Mənim oyuncağım göy qurşağıydı.

 

Dünyanın nəfsindən, məkrindən uzaq,

Şeytan əməlindən, şərindən uzaq,

Dünyada qazancı bir halal ocaq,

Öyrəndim bu rəngi saf adamlardan.

 

Satmağı, ölçməyi sayıb bilərlər,

Burda nəyin yoxsa, eyhamla bildir.

Ehtiyac tərəzi, səxavət cavab,

Halallıq bu yerdə göz bəbəyidir.

 

Qapılar kilidsiz, darvaza açıq,

Dar gündə yanında min köməyin var.

Gözəllik, böyüklük, saflıq içində,

Gözüm çəhrayıya alışdı ancaq.

 

Gözümmü, ağlımmı, qəlbimmi haqlı,

Bu yaşımda nə dəyişim, nə anım?

Dünyanı ağ, qara görmək üçün mən

Gərək əlifbadan başlayım, canım.

 

Mən layla eşitdim çəhrayı rəngdə,

Mən öyüd eşitdim çəhrayı rəngdə.

Üzümdə göz yaşım möcüzə, Vallah

Görsən inanmazsan - çəhrayı rəngdə.