Tahir Rzayev , millət vəkili :  -"Təbii fəlakətə görə  kompensasiya veriləcək "

İqtisadiyyat 17:05 / 31.08.2023 Baxış sayı: 2146

Bir neçə gün davam edən qeyri-sabit hava şəraiti səbəbilə bölgələrə sel gəldi, leysan, dolu yağdı. Təsərrüfat sahələrinə ziyan dəydi. Təbii fəlakət nəticəsində zərərçəkmişlərə dəyən ziyan qarşılanacaqmı?

Yenises.az  xəbər  verir ki, bu  barədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri , millət vəkili Tahir Rzayev mətbuata  açıqlamasında  bildirib ki,  əksər hallarda  dövlət təbii fəlakət nəticəsində dəymiş zərəri qarşılayır:

“Ödəniləcək məbləğ ziyanın dərəcəsindən və vətəndaşların etdirdiyi sığortadan asılıdır. Dəfələrlə vətəndaşlara əmlaklarını, təsərrrüfatlarını sığorta etdirmək tövsiyə olunur. Heç kim təbii fəlakətdən sığortalanmayıb. İlin müxtəlif fəsillərində belə hadisələr baş verə bilər. Vətəndaşın sığortası varsa, sözsüz ki, ona dəymiş zərərin həcminə uyğun kompensasiya veriləcək”. 

Millət  vəkili  onu da  vurğulayıb ki, bəzi təsərrüfat sahələrinə cüzi ziyan dəyib və bərpa oluna bilər:

“Belə təsərrüfat sahiblərinə dövlət tərəfindən kompensasiya verilməsi gözlənilmir. Təbii fəlakətlərin baş verdiyi dövrdə xüsusi fövqəladə komissiyalar yaradılır, onlar yerlərdə dəymiş ziyanın dərəcəsini qiymətləndirir, müəyyən sənədlər tərtib olunur və bunun qarşılığında müxtəlif məbləğdə yardımlar edilir. Yaxşı olar ki, vətəndaşlar təsərrüfatlarını aqrar sığorta etdirsinlər, əmlaklarını sığortalansınlar. O zaman əmin ola bilərlər ki, təbii fəlakət nəticəsində dəymiş ziyan dövlət tərəfindən ödəniləcək”.