Tahir Rzayev, millət  vəkili : - "Dünən xocalıların qanını axıdanlar bu gün öz qanları içərisində boğulmağa  məhkumdurlar."

HÜQUQ 20:06 / 20.02.2024 Baxış sayı: 1615

Xocalı faciəsi xalqımızın qan yaddaşıdır və əsrlər keçsə belə unudlan deyildir.

Yenises.az  bildirir ki, bu sözləri   açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, bu, bir millətin deyil, bəşəriyyətin faciəsidir və təcavüzə, qətlə arxalananların və onu dəstəkləyənlərin ölümə məhkümluğudur.

“Tarix sübut etdi ki, haqq-ədalət mütləq qələbə çalmalıdır, qalibdir və dünən xocalıların qanını axıdanlar bu gün öz qanları içərisində boğulmağa, məhv olmağa məhkumdurlar. Bu gün Xocalı şəhidlərinin ruhu sevinir. Topraqlarımız azaddır, Xocalı şəhəri abadlaşır, yenidən qurulur, tikilir. Onun sakinlərinin məhvinə bais olanlar isə həbsxanalarda inləyirlər, torpaq altında belə rahatlıq tapa bilmirlər, ruhları səksəkə içərisindədir. İndi Xocalıda Azərbaycan bayrağı dalğalanır. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev öz çıxışlarında xocalıların erməni təcavüzünə məruz qalanların qisasının alındığını bildirir və həm də bəyan edir ki, bundan sonra da bu istiqamətdə tədbirlər görüləcək və qatillər cəzalarına çatdırılacaqlar.

Sözsüz ki, vaxt gələcək həbsdə olan insan qatilləri kimi sarkisyanlar, koçaryanlar, balasanyanlar da qolları qandallı Azərbaycana gətiriləcək, qanun qarşısında cavab verəcəklər və törətdikləri facilərə görə öz cavablarını da, cəzalarını da alacaqlar. Hər bir ölkə vətəndaşı buna inanır və ümid etməyə də haqqı vardır. Çünki günahsız insanların qanı, ah-naləsi unudulmadığı kimi, həm də bağışlanılan deyildir. Xocalılar tarixi qələbəmizin şahidi olduqları kimi, həmin günü də vaxt gələcək görəcəklər. Allah şəhidlərin ruhunu şad eləsin”, deyə Tahir Rzayev bildirib.