Tahir Rzayev, millət vəkili : " Doğma torpaqlara qayıdış bazarda qiymətləri aşağı salacaq"

Aparılan müşahidələr göstərir ki, avqustda əvvəlki aya nisbətən qarabaşaq yarmasının, unun, çörəyin, təzə balığın, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, üzümün, yemişin, qarpızın, gavalının, almanın, armudun, bananın, pomidorun, xiyarın, soğanın, kartofun, bibərin, badımсanın, yerkökünün qiyməti ucuzlaşıb, düyünün, mal və qoyun ətinin, yoqurtun, xamanın, zeytun yağının, kələmin, sarımsağın, şəkərin, çayın, meyvə şirəsinin, arağın, tütün məmulatlarının qiymətlərində isə bahalaşma müşahidə edilib.
Bir sıra məhsullarda ucuzlaşma mövsümi xarakterilidir, yoxsa davamlı olacaq? Əgər bu mövsümidirsə, önümüzdəki dönəmdə qiymət artımları gözlənilirmi?
Yenises.az bildirir ki, bununla bağlı Modern.az-a danışan Milli Məclisin Aqrar siyasəti komitəsinin sədri Tahir Rzayev bildirib ki, inflyasiyanın və bəzi ərzaq qiymətlərinin aşağı düşməsi dünyada gedən bir sıra proseslərlə bağlıdır:
“Azərbaycanın xarici ölkələrlə əməkdaşlığının möhkəmlənməsi burada vacib şərtlərdəndir. Unun, eləcə də digər ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətinin aşağı düşməsi həm mövsümi, həm də davamlı ola bilər. Hesab edirəm ki, əlaqələr güclənirsə, nəzarət varsa, inflyasiyanın aşağı düşməsi qanunauyğun haldır. Müəyyən inhisarçılığın aradan qaldırılması, bazara nəzarətin gücləndirilməsi, digər tərəfdən sahibkarlığın inkişafı, işğaldan azad olunmuş ərazilərə əhalinin qaytarılması və müəyyən qaydada həyatın canlandırılması, sözsüz ki, qiymətlərə öz təsirini göstərməlidir. Bu da çox yaxşı haldır. Müəyyən ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətində aşağı düşmələr var”.
Komitə sədri vurğulayıb ki, mövcud vəziyyəti saxlamaq lazımdır:
“Müəyyən tədbirlər həyata keçirməklə, inflyasiyanın aşağı düşürülməsini hökumət həyata keçirə bilər. Ölkədə bu sahədə çox böyük işlər həyata keçirilir. İnsanların rifah halının yaxşılaşdırılması, onların qida və kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi üçün hökumətin tədbirlər planı var. Bu gün işğaldan azad edilmiş ərazilərə insanların köçürülməsi və həyatın canlandırılması bizə imkan verir ki, bir-iki ildən sonra bazarda qiymətləri aşağı salaq. Çünki o torpaqda əkin dövriyyəsi də daxil olduqdan sonra kənd təsərrüfatı məhsulları artacaq. Ətin, südün, yağın, yunun, yumurtanın və digər məhsulların qiymətlərində aşağı düşmələr müşahidə olunacaq”.