Tahir Rzayev, Komitə sədri : - Türkiyəli nazirin bu fikirləri Ermənistana bir mesajdır.

SİYASƏT 10:28 / 29.11.2024 Baxış sayı: 2904

 

“Azərbaycan və Türkiyə arasında nəqliyyat sektorunda ən böyük layihə Zəngəzur dəhlizidir”. Bunu noyabrın 20-də jurnalistlərə açıqlamasında Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu deyib. Nazir qeyd edib ki, bu istiqamətdə Türkiyə Azərbaycan tərəfi ilə operativ şəkildə prosesləri davam etdirir. “Dəhlizin haradan - Ermənistan və ya İran ərazisindən keçəcəyini azərbaycanlı qardaşlarımız həll edəcək”-deyə nazir bildirib.

Bununla  bağlı  fikirlərini  bildirən  Milli Məclisin komitə sədri, millət  vəkili  Tahir Rzayev  özünün  açıqlamasında vurğulayıb ki, Zəngəzur dəhlizi nəinki iki qardaş dövlət - Türkiyə və Azərbaycan, eləcə də, region dövlətləri üçün dünya əhəmiyyətli nəqliyyat dəhlizidir.

“Bu dəhliz bir çox məsafələri yaxınlaşdırır, xərcləri azaldır, nəqliyyatın əlverişli gedişi üçün dövlətlərə imkan yaradır. Buna görə də Türkiyə, Avropanın ən böyük dövlətlərindən biri kimi bu dəhlizin açılmasında çox maraqlıdır. Və Azərbaycanla mütərək olaraq, bu sahədə fəallığını daim artırır.

Türkiyənin nəqliyyat və infrastrukur naziri Abdülkadir Uraloğlunun dedikləri tam həqiqətdir. Çünki Azərbaycan dövləti bu dəhlizin açılması üçün son illər öz fəallığını xeyli dərəcədə artırmışdır”-deyən deputat təəsüflə qeyd edib ki, Ermənistan və onu dəstəkləyən bir çox ölkələr bu dəhlizin açılmasına əngəl törədirlər. Onların məqsədləri aydındır. Azərbaycan və Türkiyənin bir dövlət kimi inkişaf etməsini, beynəlxalq aləmdə nüfuz sahibi olmasını istəmirlər. Xüsusilə, Azərbaycanın müstəqil siyasəti Fransanı vəAvropanın bəzi ölkələrini ciddi narahat edir. Ancaq dəhlizin açılması qaçılmazdır. Bu işlərin sürətləndirilməsi gələcək perspektivlər üçün çox önəmlidir.

Türkiyəli nazirin bu fikirləri Ermənistana bir mesajdır. Çünki bu dəhlizin açılmasında qazanan dövlətlərdən biri də Ermənistan olacaq. Lakin Ermənistan bu gün müstəqil siyasət yürütmədiyinə görə, müəyyən tərəddüdlər içərisindədir. Bu səbəbdən də, müəyyən planların və layihələrin keçirilməsinə cürət etmir. Ancaq reallıqlar dünya dövlətlərinin bir çoxunun bu dəhlizin açılmasına dəstəyi deməyə imkan verir ki, dəhliz açılacaq. Dünya ölkələri bu dəhlizdən faydalanacaqlar”-deyə Tahir Rzayev qeyd edib.