Süleyman Abdullanın ŞEİRLƏRİ

Ədəbiyyat 19:53 / 28.04.2024 Baxış sayı: 3544

DÖRDÜ BİR YERDƏ

 

Deyirdin bu "qala" alınmazdı bəs

Min ildi qürurla dayanıb guya.

Əvvəldən satıbdır özünü hər kəs,

Bir tikə çörəyə, bir qaşıq suya.

 

Göylərə demirəm şaqqılda, gurla,

Bir ömrü keçirdim boş vurhavurla.

Bu yetim duruşla, yesir qürurla,

Məni kim anlaya, məni kim duya.

 

Bəladan qaçdıqca gələ haqlaya,

Basa bənd-bərəni, yolu bağlaya.

Bir ana istərəm zar-zar ağlaya,

Qoya ortalığa ölümü, yuya.

 

****

Silaha əl atma tutanda cinin,

Çünki güllə yoxdur, ya süngü çatmır.

Bu Xosrov sevdalı yerdə Şirinin,

Fərhadın başına külüngü çatmır.

 

Qalsaq darmacalda kömək hardadır,

Əllərim buzdadır, sinəm qardadır.

İşim nə tikanda, nə də xardadır,

Tikanınkı çatır, gülünkü çatmır.

 

Bəsdi, həlak oldun nəfəs dər bircə,

Xeyirdən adama qalar şər bircə.

Yaxşı qazanc tutur dönəklər, bircə,

Bu can bazarında tülüngü çatmır.

 

****

Sanırdıq nə varsa azdan çoxadır,

Halaldır zəhmətlə artıran kəsə.

Varsa zərrə ümid gözü toxadır,

Uymayın mədədən gələn hər səsə.

 

Bu ki, qaşı qara, gözləri ağmış,

Bacarmır doymağı paradan, puldan.

Çətini nəfsinə ağa olmaqmış,

Və Tanrı yaratmaq qul oğlu quldan.

 

Daha nə dəyişər sözə baxma-bax,

Çoxunun çox şeyi soxhasoxaymış.

Dünyanın işinə olmur qarışmaq,

Bildik, bütün yollar üzü yoxaymış.

 

****

Yoldu da...

gedirsən ya əyri, ya düz,

Vaxt ikən mənzilə çat qalma, dostum.

Gedənin dalınca su tapammasan,

Tapıb bir qara daş at, qalma, dostum.

 

Sürdüm ümidimi bu gün də şuma,

Bənzədi inamım yel ovan quma.

Çoxdu haram qatan halal yuxuma,

Sən şirin yuxunu yat, qalma, dostum.

 

Köksümdə bir yara bağlar sim, ölləm,

Əvvəl kim doğuldum, sonda kim ölləm.

Vətəndən qıraqda deyirdim ölləm,

Bir gün çıxıb getsəm mat qalma, dostum