"Sosial-iqtisadi inkişafın təmin olunmasında seçilən kadrlar mühüm rol oynayır." - Tahir Rzayev, komitə sədri

HÜQUQ 16:47 / 21.11.2023 Baxış sayı: 2033

“Hər hansı bir sahədə uğurların əldə edilməsi, yaxşı nəticələrin qazanılması kadrların təşkilatçılığından, intellektual səviyyəsindən və insanlarla münasibətindən çox asılıdır. Sözsüz ki, bu amillər həm iqtisadi, həm də mənəvi sahələrdə özünün aydın nəticələrini göstərməlidir. Əgər bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edirsə, Azərbaycan mədəniyyəti dünyada şöhrət qazanırsa, diplomatiyada yüksək nəticələr varsa, deməli kadrlar öz yerindədir”. Bu fikirlər  Milli Məclisin komitə sədri Tahir Rzayevə  məxsusdur.

Deputat bildirib ki, son illərdə Azərbaycan Prezidenti İlham Əliyev kadrların seçilməsi, yerləşdirilməsi və tərbiyə olunmasına böyük önəm verib: “Xüsusilə gənc kadrların irəli çəkilməsi, onlara vəzifələrin tapşırılması və sınaqdan keçirilməsi işi xeyli təkmilləşdirilib. Məhz buna görə də Azərbaycan iqtisadiyyatı son illərdə 4 dəfə inkişaf edib. Azərbaycan büdcəsinin gəlirləri 20 dəfədən çox artıb. Ölkənin valyuta ehtiyyatları isə 37 dəfədən çox artmışdır. Digər sahələrdə də uğurlu nəticələr var.

Sosial-iqtisadi inkişafın təmin olunmasında seçilən kadrlar mühüm rol oynayır. Bu ölkənin ümumi inkişafında, beynəlxalq aləmdə qazınılan qələbələrdə, zəfər yürüşlərimizdə, ölkənin azğın düşməndən təmizlənməsində, birliyimizdə, sosial sahələrin sürətlənməsində özünün aydın ifadəsini tapıb. Sözsüz ki, etimad göstərilən kadrlar arasında öz vəzifəsinə lazımi əhəmiyyət verməyən, müəyyən neqativ hallara yol verənlər də olmuş və onlar lazımi qaydada cəzalandırılıblar.

Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanda kadr hazırlığına çox yüksək qayğı və diqqətlə yanaşıb. Kadr siyasətinin uğurla aparılması, gələcək nailiyyətlərimizin təməlini qoyur”.