Idris Babayev: - QƏLBİNİ AÇMA YETƏNƏ

Ədəbiyyat 08:58 / 24.07.2025 Baxış sayı: 1002

Mən bir həyat hekayəsi,

Aç oxu başdan ayağa.

Dərk et məni sətir- sətir,

Qoy ürəyin dönsün dağa.

Köləlikdən doyub cana,

Azadlığa ac olmuşam,

Fələk tərsə çalıb qələm ,

Namərdə möhtac olmuşam.

Anlayan olmadı məni,

Mamır bitirdim daş kimi.

Arzularım buza döndü,

İçimdə qarlı qış kimi.

Zülmət olsam da özümə,

Dönüb sənə çırağ ollam.

Oxşayıb hər gün telini,

Sınanmış bir darağ ollam.

Qəlbini açma yetənə,

Dərdini de dərd bilənə.

Bəxtəvərdir, demə, İdris,

Göynəyib dərddən gülənə.